Avropa Dövlət Prokurorluğunun Baş prokurorunun müavini Petr Klementin Azərbaycanda səfərdədir

Avropa Dövlət Prokurorluğunun Baş prokurorunun müavini Petr Klementin Azərbaycanda səfərdədir. SİA Baş Prokurorluqdan verilən məlumata görə, Baş prokuror Kamran Əliyev, Avropa Dövlət Prokurorluğunun Baş Prokurorunun müavini Petr Klementinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş prokuror görüş zamanı qanunun aliliyi və ədalətin təmin edilməsində Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmçinin Azərbaycan Baş Prokurorluğu ilə Avropa Prokurorluğu arasında əlaqə mexanizminin yaradılması və gücləndirilməsinin vacibliyini qeyd edib.

Petr Klementin isə, görüşdə Azərbaycanda həyata keçirilən hüquqi islahatların və bu islahatların beynəlxalq hüquq və ədalət prinsipləri ilə uyğunluğunu müsbət qiymətləndirib. O, həmçinin, Azərbaycanın hüquqi sisteminin inkişafı istiqamətində atdığı addımları alqışlayıb və Avropa Prokurorluğunun bu islahatları dəstəkləməyə davam edəcəyini bildirib.

Görüşdə, bütün dünyada antikorrupsiya hüquq-mühafizə orqanları arasında birbaşa əməkdaşlığın gücləndirilməsi məsələsi də müzakirə edilib. Kamran Əliyev, GLOBE Şəbəkəsinin bu sahədəki əhəmiyyətini vurğulayıb və Azərbaycanın bu şəbəkə ilə əməkdaşlığını daha da inkişaf etdirməyə maraqlı olduğunu bildirib.

Bundan əlavə, hüquqi əməkdaşlığın genişləndirilməsi, cinayətkarlıqla mübarizə sahəsində bilik və təcrübə mübadiləsi, habelə beynəlxalq hüquq normalarına uyğun fəaliyyətin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Görüş, Azərbaycan ilə Avropa İttifaqı arasında hüquqi əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addım olub.

Bütün xəbərlər Facebook səhifəmizdə