"Uşaqların tərbiyəsində ən təsirli üsullardan biri reaksiyadır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib.
O bildirib ki, valideyn və ya müəllim kimi verdiyimiz hər reaksiya uşağın beynində bir siqnal yaradır: “bu düzgündür” və ya “bu səhvdir”: "Amma reaksiyanın təkcə mövcudluğu yox, forma və məzmunu tərbiyənin istiqamətini müəyyənləşdirir.
Zəif qiymət alan şagirdə necə reaksiya vermək lazımdır?
Uşaq zəif qiymət alanda çox vaxt cəza, danlaq və ya müqayisə ilə qarşılaşır. Bu isə uşağın daxili motivasiyasını zəiflədir, qorxu və özünə inamsızlıq yaradır. Halbuki bu an uşağın ən çox dəstəyə ehtiyacı olan anıdır.
Bunun əvəzinə belə bir reaksiya verilə bilər: “Sən çalışmısan, bu da bir nəticədir. Gəlin birlikdə baxaq, harada çətinlik çəkdin.” “Qiymət müvəqqətidir, amma sənin səylərin və bacarığın daha önəmlidir.” Bu yanaşma uşağa mesaj verir: “Sən dəyərlisən, səhvlərin də öyrənmək üçündür.”
Yaxşı və pis hərəkətlərdə necə davranmalı?
Yaxşı davranış: Uşağın yaxşı hərəkətləri qeyd olunmalı və təşviq edilməlidir. Amma təkcə “afərin” demək yox, konkret şəkildə: “Sən dostuna kömək etdin, bu çox dəyərlidir. Çünki bu, empati deməkdir.”
Pis davranış: Cəza ilə yox, anlayışla yanaşmaq lazımdır. Məsələn: “Sənin əsəbiləşməyin normaldır, amma başqasını incitmək doğru yol deyil. Gəl birgə düşünək, başqa necə davranmaq olardı?”
Reaksiya ilə tərbiyə etmək mümkündürmü?
Bəli, reaksiyalar tərbiyənin güzgüsüdür. Uşağın beyni valideyn və müəllimin reaksiyalarını kodlaşdırır. Əgər uşaq müsbət davranışına sevinc, mənfi davranışına isə başa düşülmək və düzəliş üçün dəstək görürsə, onda daxili motivasiya inkişaf edir.
Qayda: Tərbiyədə əsas məqsəd – uşağı qorxutmaq yox, yönləndirməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə