ABŞ-ın Federal Rabitə Komissiyası BBC ilə bağlı araşdırma başladıb

ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) BBC-nin Donald Trampın çıxışını səhv yönləndirdiyi və aldadıcı şəkildə montaj etdiyinə dair iddialar üzrə araşdırma başladıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, komissiyanın sədri Brendon Karr BBC rəhbərliyinə və iki Amerika yayımçısına məktub göndərərək həmin materialın ABŞ-da yayımlanıb-yayımlanmadığını müəyyənləşdirməyə çalışıb. O, məktubunda BBC-nin “Panorama” proqramının Trampın çıxışının 54 dəqiqə fərqlə səsləndirilmiş hissələrini montaj edərək ardıcıl göstərdiyini bildirib: “Beləliklə, proqram Trampın əslində heç vaxt demədiyi cümləni söyləmiş kimi təqdim edir. Bu isə açıq şəkildə yalan və zərərverici məlumat yayılması tərifinə uyğundur”.

Hadisədən sonra Donald Tramp BBC-ni məhkəməyə vermək və 5 milyard dollara qədər məbləğdə təzminat tələb etməklə hədələyib. BBC ötən həftə “Panorama” reportajına görə üzr istəyib, lakin Trampın hüquqşünaslarının tələb etdiyi tam rəsmi üzrdən imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə