“Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ

“Azərbaycan elə bir coğrafiyada yerləşir ki, burada abidələr həddindən artıq çoxdur. Qədim türk dövrünün abidələri, xristianlıq abidələri, din təyinatı üzrə müsəlman və başqa dinlərə, xalqlara məxsus abidələr mövcuddur. Yəni ölkəmizdə həm etnik, həm də dini mənsubiyyət etibarilə fərqlənən abidələrlə zəngindir. Bu məsələdə etnosla, xalqla yanaşı dini də xüsusi vurğulamaq lazımdır. Çünki din mədəniyyət yaratmaqda, torpağın köksünə öz nişanəsini qoymaqda maraqlıdır. Bu abidələrin qorunması, qeydiyyata alınması sahəsində Azərbaycanda təcrübə o qədər də zəngin deyil. Bu proses tədricən Sovet dövründə başlamış və intensiv şəkildə irəliləmişdi. Azərbaycanda mövcud olan Qobustan kimi nəhəng mədəniyyət abidəsinin mövcudluğu barədə təsəvvür Sovet dövründə yaranıb. Ona görə də daha çox iş görməyə ehtiyac var”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov deyib.

Deputat vurğulayıb ki, xüsusilə müstəqillik dövründə bu sahədə Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyətə malikdir: “Bu dövrdə bir sıra tarixi mədəniyyət abidələrimiz UNESCO-nun siyahısına daxil edilib, bəzi elmi-tədqiqat işləri aparılıb.

Bu gün də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidələrin aşkarlanması, qorunması, bu sahədə tədqiqatların aparılması istiqamətində xeyli işlər görülür, ciddi forumlar, konfranslar keçirilir, abidələrimiz beynəlxalq miqyasda tanıdılır. Amma yenə də yerli əhəmiyyətli abidələrimizin aşkar edilməsi və qorunmasında müəyyən problemlər var. Lakin bu problemlər ardıcıl olaraq həll olunur. Doğrudur, bəzən hansısa abidənin dağıdılması xəbərləri ortaya çıxır. Amma bunlar təsadüfi faktlardır. Əminəm ki, getdikcə bu istiqamətdə görülən işlər daha da intensivləşəcək”.

N.Cəfərov bildirib ki, bizim əsas problemlərimizdən biri isə bu abidələrdən yararlanma sahəsindədir: “Bu istiqamətdə təcrübəmiz azdır. Dünyada da bu baxımdan ciddi problemlər olsa da, yaxşı təcrübələr də var. Məsələn, abidələr elə bir vəziyyətə gətirilməlidir ki, cəmiyyət onlarla daim kontaktda olsun. Bunun üçün həmin abidələr həm xalqın tarixini nümayiş etdirən bir hadisə kimi qorunur, həm də mədəni baxımdan istehlak olunur. Eyni zamanda, bu abidələr gəlir gətirir. Əldə olunan gəlir bu abidələrin yaşaması üçün bir təminatdır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə