Məmməd Hüseynov: “Teatr hər bir millətin güzgüsüdür. Biz də çalışırıq ki, həmin güzgüdə bizim teatrın da ən layiqli yeri olsun”

Ömrümün dörd ən gözəl və məhsuldar illərindən olan (1985-1988-ci illər) Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına rəhbərlik elədiyim vaxtları heç zaman yaddan çıxarmıram. Çünki həmin teatra rəhbərlik elədiyim o uğurlu illərdə biz bir-birindən maraqlı otuzdan çox tamaşaya quruluş verdik. Bu tamaşaların elə on altısına mən özüm quruluş vermişdim. Bir neçə tamaşanın bədii rəhbəri olmuşdum. Qalan tamaşalara da Əməkdar Mədəniyyət işçisi, çox maraqlı rejissor və pedaqoq, mənim ağsaqqalım, həmin vaxtı teatrın baş rejissoru işləyən Məmmədkamal Kazımov, Əməkdar artist, mənim Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda səhnə danışığı müəllimim olmuş Həsən Əbluc, Əməkdar incəsənət xadimi Oruc Qurbanov, Əməkdar artist Nazir Rüstəmov, rejissorlar Eyvaz Vəliyev, Cahid Hilaloğlu quruluş vermişdilər. Eləcə də Ağdamda hər il keçirilən “Natəvan” qızlar bayramına, Novruz və Yeni il şənliklərinə quruluş verməyim ən xoş xatirələr kimi əbədilik yaddaşımda qalıb.

O teatrda işlədiyim dörd ildə artıq respublika və ümumittifaq səviyyəsində yaxşı tanındıq. SSRİ miqyasında keçirilən bir neçə festivallarda iştirak eləyib, mükafatlar aldıq. O vaxt teatrda bir-birindən maraqlı aktyorlar, aktrisalar çalışırdı. Onlardan Xalq artistləri Fatma Mahmudova, Svetlana Həkimova, Əməkdar artistlər Narınc Məlikova, Qurban Mirzəyev, Tofiq Qarayev, Simuzər Namazova, Nazir Rüstəmov, Səkinə Süleymanova, Cəmilə Məmmədova, Aida Qasımova, Fəqumə Yusifova, aktyorlar Bəylər Nəcəfov, Siyavuş Sultanov, Səyyaf Əlizadə, Vəlyəddin Quliyev, Vaqif Qasımov, Xanirə İsgəndərova, Elxan Mikayılov, Qabil İbrahimli, Nizami Avirə və başqalarının bacarığından, potensialından, peşəkarlığından istifadə etməklə maraqlı tamaşalar hazırlayırdıq.

Həmin vaxtlar teatrda çalışanların çoxu öz işlərinin peşəkarı idilər. Rəssamlar Çingiz Abdullayev, Elman Balakişiyev, səs rejissoru Asif Şükürov məni yarı sözdən başa düşürdülər. Məhz ona görə də hazırladığımız hər bir tamaşa Ağdamda, Qarabağda çox böyük maraqla və sensassiya ilə qarşılanırdı.

Sonra mən Sumqayıt şəhərinin birinci katibi, mərhum Zülfü Hacıyev tərəfindən Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına rəhbərlik etməyə dəvət olundum. Amma heç vaxt Ağdam teatrını yaddan çıxarmadım. Yuxarıda dediyim kimi, həmin vaxt bu teatrda çox maraqlı aktyor heyəti vardı. Bu aktyorlarla çox böyük işlər görmək olardı və görürdük də.

2019-cu ildə mənim “Məhəbbətsiz həyat” pyesimə tələbə yoldaşım və o vaxt bu teatrın baş rejissoru işləyən, Əməkdar artist Novruz Cəfərov “Qoşulub qaçan qız” adı ilə çox maraqlı bir quruluş vermişdi. Mən bu tamaşanın premyerasında oldum. Dostum Novruz Cəfərov bu tamaşaya çox maraqlı quruluş vermişdi. Mən buna çox sevindim. Amma qaçqın həyatı yaşayan Ağdam teatrının Quzanlıda heç bir şəraiti olmayan bir binada yerləşməsi ürəyimi ağrıtdı. Fikirləşdim ki, bu, belə qalmayacaq. Azərbaycan xalqı gec-tez öz torpaqlarını gavur ermənilərdən azad eləyib, Ağdamı yenidən, Ağ Dama çevirəcəklər. Bu arzum 2020-ci ildə reallaşdı. Qüdrətli Azərbaycan ordusu Ali Baş Komandanımız, böyük sərkərdə İlham Əliyevin sayəsində 44 günə Qarabağı yağı düşmənlərdən azad elədi. Ağdam da azad olundu. Ağdamın çox maraqlı bir planı var. Həmin planı mən də görmüşəm. Tezliklə bu şəhər Qarabağda ən gözəl şəhərlərdən biri olacaq. Orada çox yaraşıqlı bir teatr binası tikiləcək. Bir vaxtlar Ağdam rayonuna rəhbərlik eləmiş və bu rayon üçün çox böyük işlər görmüş Sadıq Murtuzayevin rəhbərliyi ilə biz yeni binanı tikdirməyə başlamışdıq.Azərbaycanda teatr sahəsində tikilən ən müasir üslublu bina olacaqdı. Əfsus ki, faşist xislətli ermənilər, rusların köməkliyilə buna imkan vermədi. Amma bu, indi reallaşacaq. Allah möhlət versin və həmin binanın açılışını biz də görək.
Artıq bu teatrın yüz yaşı tamam olub. Bu münasibətlə biz teatrın direktoru Məmməd Hüseynovla həmsöhbət olduq.

- Salam, Məmməd müəllim. Gəlin, yadımıza salaq. Ağdam teatrı nə vaxt və kimlər tərəfindən yaradılıb?
- Ağdamda ilk teatr 1902-ci ildə yerli ziyalıların və Əbdürrəhim bəy Haqverdiyevin köməkliyi, yaxından iştirakı ilə yaradılıb. İki il gərgin işdən sonra 1904-cü ildə Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” pyeslərinin tamaşaları ilə bu teatr açılıb. Uzun illər ictimai əsaslarla fəaliyyət göstərən aktyorlar teatrdan maaş almasalar da, çox maraqlı tanmaşalar hazırlayıblar və bölgədə məşhur olublar.
1923-cü ildə teatra “Dövlət Teatrı” statusu verilib. 1937-ci ildən isə Azərbaycan hökumətinin əmrilə teatra Əbdürrəhim bəy Haqverdiyevin adı verilmişdir. İlk günlərdən teatrın yaradıcı kollektivində Əməkdar artistlər Qaflan Muradov və Narınc Məlikova çalışırdı. 1937-1941-ci illərdə teatrda qoyulmuş Cəfər Cabbarlının “Aydın”, Səməd Vurğunun "Vaqif", Georgi Mdivaninin "Vətən namusu", Zülfüqar Hacıbəyovun "Evliykən subay", Üzeyr Hacıbəyovun "O olmasın, bu olsun", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" kimi tamaşaları öz ideya mükəmməlliyi ilə seçilirdi. Teatr Azərbaycan əsərləri ilə yanaşı, rus, belarus, gürcü dramaturgiyasına da tez-tez müraciət edirdi. Zəngin repertuara baxmayaraq, müharibədən sonrakı dövrdə bir çox əyalət teatrlarında olduğu kimi, bu teatrın da yaradıcılıq səviyyəsi günün tələbələrindən olduqca aşağı dururdu. Rəhbərlik arasında savadlı, ixtisaslı kadrlar azlıq təşkil edirdi. 1947-ci ildə Azərbaycan SSR incəsənət işləri idarəsinin iclasında qeyd edilmişdir ki, “dövlət qurumlarının onlara dəstək olmaq üçün göstərdiyi səylərə baxmayaraq, bir çox rayon teatr rəhbərliyi tamaşaların keyfiyyəti üzərində çox zəif çalışır, tamaşaçılar arasında mədəni-kütləvi, təşkilati işlər aparmır”. Bu, çox səthi və primitiv fikirlərdən ibarət olan bu qərar idi. Bu səbəbdən də 1949-cu ildə dövlət rəhbərliyi respublikanın bir çox teatrını, o cümlədən Ağdam Dövlət Dram Teatrını da bağlamaq qərarına gəldi. Əlbəttə, bu, İosif Stalinin məkirli oyunu idi. Həmin vaxt Gürcüstanda heç bir teatr bağlanmadı. Çünki o, istəyirdi ki, Zaqafqaziyada yalnız Gürcüstan teatrları parlasın. Bu millətin teatrları, mədəniyyəti inkişaf eləsin. Bununla da Azərbaycan mədəniyyətinə həmin vaxt bir balta çalındı. O teatrlarda işləyən aktyorların çoxu sonralar çox faciəli bir həyat yaşadıllar... Hətta elələri oldu ki, intihar elədilər...

- Teatr ikinci dəfə neçənci ildə bərpa olunub və orada hansı rejissorlar və aktyorlar işləyiblər?
- 1968-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı artıq dövlət teatrı statusunda yenindən fəaliyyətə başladı və 1969-cu il martın 26-sı və 27-sində İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən və ya Boy çiçəyi", Bəxtiyar Vahabzadənin "Vicdan" pyeslərinin tamaşası ilə Dövlət Dram Teatrı kimi fəaliyyətini davam etdirdi. Yaradıcılığının ilk beş illiyində teatr H. Vahidin "Küsülüyəm, barışmaram", Səməd Vurğunun "Vaqif", Məhərrəm Əlizadənin "Qığılcım", S.S.Axundovun "Əməllər yaşadır", Cəfər Cabbarlının "Solğun çiçəklər", Ə. Yusifovun "Odlar içində", Ş. Məmmədovanın "Natəvan" və sairə Azərbaycan pyeslərinə quruluş verilmişdi. Xarici əsərlərdən Jan Batist Molyerin "Zorən tbib", V. Eftimiunun "Ölümü görən adam", Karlo Qoldoninin "Mehmanxana sahibəsi" və başqa tamaşaları səhnəyə qoyulmuşdur. Bəzi zəifliklər, nöqsan cəhətləri istisna olmaqla rejissor işinin aydınlığı, aktyor ifasının səlisliyi teatrşünasların diqqətini cəlb etmişdi və o vaxtlar bu tamaşalar haqqında maraqlı ressenziyalar yazılıb. Növbəti illərdə Süleyman Sani Axundovun "Eşq və intiqam", Abdulla Şaiqin "Fitnə", İlyas Əfəndiyev və Hüseyn Mehdinin "İntizar", Mixail Lermontovun "İki qardaş", J.B. Molyerin "Skapenin kələkləri" kimi görkəmli əsərlər səhnələşdirilmişdir. 1968-1993-cü illər teatrda Heydər Şəmsizadə, Rafiq Atakişiyev, Vaqif Şərifov, Ədalət Ziyadxanov, Məmmədkamal Kazımov, Ağalar İdrisoğlu (həm də bədii rəhbər-direktor), Nazir Rüstəmov (bədii rəhbər-direktor), Ağdam şəhəri işğal edildikdən sonra Elxan Mikayılov, Sərvər Əliyev, Novruz Cəfərov baş rejissor işləyiblər. Hazırda teatrın baş rejissoru, Prezidentin mükafatçısı, çox istedadlı insan Kərim Həsənovdur. Bir-birindən maraqlı tamaşalara quruluş verir. Teatr 1968-ci ildə fəaliyyətə başladığı dövrdə bu teatrda Xalq artistləri Fatma Mahmudova, Svetlana Həkimova, Əməkdar artistlər Narınc Məlikova, Qurban Mirzəyev, Tofiq Qarayev, Simuzər Namazova, Səkinə Süleymanova, Firəngiz Abbasova, Cəmilə Məmmədzadə, Aidə Qasımova, Fəqumə Yusifova işləyiblər. Onlarla birlikdə çoxlu aktyorlar və aktrisalar da çalışıb. Həmin dövrlərdə teatrın direktorları Məmməd Əmirov, Yelmar Qasımov, Eyvaz Əliyev, Rais Əhmədov, Fəxrəddin Hacıbəyli olublar. Hazırda mən Məhəmməd Hüseynov teatrın direktoruyam.

-Bildiyimizə görə, Qarabağ müharibəsi vaxtı teatrın yaradıcı heyətindən də bəziləri döyüşlərdə iştirak edib. Onlar kimlərdir?
- Elə özüm birinci Qarabağ müharibəsinin qazisiyəm. Müharibə vaxtı Tabur komandirinin sosial-siyasi işlər üzrə müavini vəzifəsində xidmət etmişəm. O vaxtlar teatrın baş rejissoru işləmiş Elxan Mikayılov da baş rejissor işləməklə birlikdə Briqada qərargahinda xidmət edirdi. Çox vətənpərvər insan idi. O, döyüşdə ağır yaralanmışdı və birinci qrup əlil olmuşdu. Elxan Mikayılov yaxşı rejissor idi. Elə sizin sayənizdə Moskvada iki illik rejissorluq kursu bitirmişdi və oradan qayıdandan sonra teatrın baş rejissoru təyin olunmuşdu. Elxan həmin yaralanma nəticəsində vəfat etdi. Teatrın aktyoru Vüqar Əsgərov da müharibədə ağır döyüşlər zamanı həlak oldu. Ümumiyyətlə, bizim teatrın bütün kollektivi həmin vaxt Qarabağ müharibəsində iştirak etməyə hazır idi.

-Ağdam işğal olunduqdan sonra teatrda hansı işlər görülüb?
-1993-cü ildə Ağdamın Ermənistan və Rusiyanın işğalından sonra teatr məcbur olub, əvvəl Bərdə şəhərində, 2004-cü ildən isə Ağdam rayonu Quzanlı kəndində öz fəaliyyətini davam etdirmişdir. 2011-ci ildə Quzanlı mədəniyyət evi əsaslı təmir olunaraq teatrın istifadəsinə verilib. Teatrın Ağdamdakı binası isə şəhərin digər binaları kimi erməni işğalı dövründə məhv edilmişdir.Teatr hal-hazırda normal fəaliyyət göstərməsi üçün bütün zəruri texniki vasitələrlə (işıq, rabitə, musiqi vasitələri, səhnədə müxtəlif effektlər yaradan işıq filtrləri və s.) təchiz olunub. Kollektivimiz Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi bütün festival və müsabiqələrdə iştirak edir, həmişə də fəxri fərman və diplomlarla təltif edilir. Teatrımız ötən ilin noyabrında Türkiyə Cümhuriyyətində “Ankara Uluslararası Teatro Festivalı”nda uğurla iştirak etmişdir. Bu il teatr özünün 100 illik yubileyini keçirməyə hazırlaşır. Hazırda teatrın yuxarıda dediyim kimi direktoru Məhəmməd Hüseynov, baş rejissoru Kərim Həsənovdur. Rejissorlar isə Səbuhi Əhmədov, Elmir Hümbətovdur.Teatrın əsas aktyorları Əməkdar artistlər Aidə Qasımova, Fəqumə Yusifova, aktyorlar Elşən Cavadov, Xəyalə Xudadatova, Cəfər Bayramov, Afaq Əliyeva, Elşən Cavadov, Elman Məhərov, Fərhad Fərhadzadə, Hikmət Şirin, Afərdə Əhmədova, Sadiq Bağırov, Zərifə Ağayeva, Ülviyyə Qasımova , Sərdar Əlizadə, Behbud Əsgərov, Camal Zamanov, Səda İbrahimov, Tural Yusifov, Vüqar Mərdanov, Elgiz Mürşüdov, İxtiyar Məmmədov, Hakim Cəfərli, Temur Kərimov, Rəmzi Gülməmmədov, Anar Əhmədov, Nuranə Əliyeva, Qalib Abdullazadə və başqalarıdır.
Bilirsiniz ki, artıq Ağdamın baş planı hazırdır. Ağdam Qarabağda ən böyük şəhər olacaq. Burada teatr üçün çox yaraşıqlı bina tikiləcək. Həmin günləri biz də səbirsizliklə gözləyirik. Teatrımzın 100 illik yubileyi də yəqin bu ilin sonuna kimi qeyd olunacaq. Biz də böyük həvəslə işləyir və yeni-yeni tamaşalara maraqlı quruluşlar veririk. Teatr hər bir millətin güzgüsüdür. Çalışırıq ki, həmin güzgüdə bizim teatrın da ən layiqli yeri olsun.

- Sizə daha böyük uğurlar arzu edirik. Siz işğal dövründə böyük mübarizə aparıb, teatrı yaşatdınız. Bu, çox böyük fədakarlıqdır. Gün o gün olsun ki, 100 illik yubileyinizdə biz də iştirak eləyək.
- Çox sağ olun. Həmin vaxt bizim teatrda xidməti olan bütün insanları 100 illik yubileyə dəvət edəvcəyik. Təki sağlıq olsun. Məşhur filosof Bordsvort deyib ki, “insan həyatının ən yaxşı hissəsi məhəbbət və mehribanlıqdır”. Bu fikir teatr işçilərinə daha çox aiddir. O teatrda ki, mehribançlıq və bir-birini başa düşmək, sevmək varsa, orada işlər həmişə yaxşı gedəcək.

Ağalar İdrisoğlu,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə