“Şəhərli” olma, MƏDƏNİYYƏTLİ OL!

Sözsüz ki, dünyanın dağılıb batdığı, Putinin son çarə kimi qərbdəkiləri nüvə zərbəsi ilə hədələdiyi, rusiyalı anaların Ukrayna müharibəsinə qarşı açıq etirazlara başladıqları, İranda molla rejiminə qarşı kütləvi aksiyaların dağıdıcı fazaya keçdiyi, ərzaq böhranının dünyanı təşvişə saldığı bu günlərdə sosial mövzulara toxunmaq kimlərəsə cansıxıcı görünə bilər. Çünki bu günlərdə hər kəsin diqqəti dünyamızı başına alıb gedən dağıdıcı proseslərdədir. Xüsusilə, ərzaq qıtlığı barədəki xəbərdarlıqlar hər şeyin önünə keçib. Məlumdur: İnsan övladı yaşamaq istəyir...

Amma unutmayaq ki, siyasi oyunlar üçün yazılmış ssenari olan o dünya hadisələri nə vaxtsa bitəcək, hər şey nağıllarda olduğu kimi, yenə öz axarına düşəcək, amma indi yazdığım mövzu bundan sonra da yüz illər boyu həmişə aktual olaraq qalacaq. ŞƏHƏR MƏDƏNİYYƏTİ.....

Şəhər mədəniyyəti, yüksək mədəni dəyərlərə sahib olmaq, vətəndaş məsuliyyəti, yaşadığın şəhəri çirkabdan qorumaq, küçə və xiyabanları zibilliklərə çevirməmək, yaşadığın şəhəri ilk növbədə ÖZ EVİN kimi görməkdir.
Təəssüf ki, bizim cəmiyyət düşüncə baxımından bu sadaladıqlarımdan hələ ki, çox uzaqlardadır. Çünki nə qədər müasirləşsək də, dünyanın ən qabaqcıl texnologiyaları ilə “silahlansaq” da, varlı-kasıb hər bir vətəndaşımızın evində ən müasir texnologiyalar cehizlik əşya kimi evin yuxarı başında əzizlənsə də, qüsurlu ictimai şüurdan heç cürə qurtula bilmirik. Beynimizin içindəki düşüncələrdə neçə əsrlərdir bizimlə yol gəlir bu qüsurlar.

Sanki şəhər mədəniyyətinə, ictimai qaydalara qarşı bizdə bir psixoloji allergiya formalaşıb son neçə onilliklərdir. Biz sevmirik növbəyə düzülüb sıramızı gözləməyi, biz sevmirik ictimai yerdə mövcud qaydalara riayət etməyi, biz sevmirik beş-on metr addımlayıb əlimizdəki zibili yaxınlığdakı zibil qabına atmağı.
Biz həm də öyrəşə bilmədik yaşadığımız yeri öz evimiz kimi qorumağa. Sanki düşüncəmizdə bunlara qarşı əks “immunitet” formalaşıb əsrlərdir. Əslində, elə əsrlərdir qurtula bilmədiyimiz irili-xırdalı rüşvət mərəzi də elə bu zəhirmara qalmış “immunitetimizdən” irəli gəlir. Bu isə o deməkdir ki, əsrlər keçsə də beyinlərimizdə, düşüncə və şüurumuzda YENİLİK EDƏ BİLMİRİK, sanki alınmır bizdə bu dediklərim.
Şəhərdə yaşamaq, avtobus və metroya minmək, ən prestij idarələrdə çalışmaq, övladını şəhərin prestij məktəblərində oxutmaq hələ şəhərli olmaq demək deyil. Şəhərli titulu üçün ilk əvvəl şəhər mədəniyyətinə sahib olmalısan. Şəhər mədəniyyəti üçün ən üstün sayıla biləcək məqam budur: yaşadığın şəhərə ÖZ EVİN KİMİ YANAŞACAQSAN! Təəssüf ki, bizim ictimai düşüncəmiz bu istiqamətə yön almayıb hələ.

Sözsüz ki, şəhər mədəniyyəti barədə danışarkən ilk olaraq paytaxt Bakının bugünkü mənzərəsinə toxunmasaq qəti olmaz. Son günlər şəhər nəqliyyatındakı fəlakətli vəziyyət, metrolarda yaranan növbələr, insanlar arasında avtobusa minmək üçün yaranan əsl mübarizə, nizamsız sürücülərin şəhəri başına götürən siqnal səsləri, bölgələrdən Bakıya axışan, şəhər mühiti ilə heç cür uyğunlaşmayan ucuz işçi qüvvəsinin şəhər həyatında artan təsiri, bütün bunlar hazırkı paytaxt Bakının acı mənzərəsidir. Bu, həm də ilk növbədə, şəhər mədəniyyətinə vurulan ən böyük zərbədir. Müxtəlif ictimai düşüncə dərəcəsində olan insanların əsl şəhər mühitinə uyğunlaşması, şəhər mədəniyyətini mənimsəməsi mümkünsüzdür.

Bir məqam xüsusilə vurğulanmalıdır: Ötən əsrin 60-cı illəri təkcə ədəbiyyatımızın pik nöqtədə olduğu qızıl illər kimi deyil, həm də əsl şəhər mədəniyyətinin çiçəkləndiyi zamanlar kimi də yadda qalıb. O zamanlar paytaxt Bakı şəhər mədəniyyəti baxımından xüsusilə seçilirdi. Küçələrdəki səliqə-sahman, yüksək mədəniyyətə sahib, xüsusilə, əxlaq və dəyərləri qoruyan ŞƏHƏR ƏHALİSİ şəhər mədəniyyəti üçün önəmli faktor idi. Bakı ötən əsrin 80-ci illərinin ortalarından artıq bu nizamını sürətlə itirməyə başladı...

Sözsüz ki, təmizlik, yaşadığın küçə və bölgəni təmiz saxlamaq, zibil qalıqlarını yerə deyil, xüsusi ayrılmış zibil qutularına tullamaq hər bir insan üçün başlıca prinsipdir. Bu amil şəhərli-kəndli hər kəs üçün, həm də kənd və şəhər üçün keçərlidir. Burası belədir. Amma şəhər həyatında bunun önəmi ikiqat çoxdur. Çünki kənd və bölgələrdən fərqli olaraq şəhərlər sənaye zonasıdır, insanların olduqca kütləvi yaşadıqları yerdir, nəqliyyat və infrastrukturun olduqca sıx və gərgin işlədiyi məkandır. Belədə təmiz hava, təmiz şəhər iqliminin bizim daha sağlam yaşamağımız üçün nə qədər həyati önəm daşıdığı ortaya çıxır. Təmizlik, saf ekologiya, təmiz və səliqəli küçələr bir şəhər üçün ən böyük prestij sayılır.

Müasir Bakıda yaşayan müxtəlif düşüncə və “mədəniyyət” sahibi olan bir qisim “şəhərlilər” var ki, onlar sevirlər güzgülü, gözəl liftlərdə tualet ehtiyacını “ödəməyi”, səhər evindən çıxartdığı zibil “səbətlərini” elə liftdəcə “unutmağı”, şənbə-bazar günləri səhər saat 7-8 radələrindən başlayaraq səsgücləndirici ilə “musiqi” dinləməyi, küçədə uca səslə söyüş söyməyi, yerlərə tüpürməyi...

Bax odur ki, belə arzuolunmaz “şəhərli” olma, əsl MƏDƏNİYYƏTLİ OL!

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə