Erməni simulyasiyasına cavab: sülh gündəmi yoxdursa münaqişə gündəmi var KÖŞƏDAR

Bir müddət əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ceyhun Bayramov Ermənistan-Azərbaycan münasibətlərinin vəziyyəti barədə şərh verərək bütün treklər üzrə müəyyən staqnasiya vəziyyətinin olması barədə eyham vurmuşdu. Misal üçün, nəqliyyat üzrə iş gedir, amma həll olunmayıb, yəni Ermənistan üçtərəfli Bəyanatda əks olunan və üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyib. Sərhəd məsələsinə isə Moskvada gözlənilən növbəti danışıqlar raundunda aydınlıq gətiriləcək. Sülh sazişinin əldə olunması faktorunda da Ermənistanın vaxtı uzatmaq prosesi müşahidə edilir – erməni tərəfi “status” məsələsini gündəmdə saxlamağa çalışır, amma eyni zamanda həmin mövzuya aydınlıq gətirmir ki, hansı istiqamətdəki “statusdan” dəm vurur? Yaxud, “plankasını” endirmək barədə bəhs edərkən hansı çərçivədən çıxış edir? Çünki o da bəllidir ki, Azərbaycan ümumiyyətlə, “status” məsələsini müzakirə etmir, hətta bu mövzunu yaxınına belə buraxmır və buraxmayacaq da! Sadəcə, bütün bunları ümumiləşdirərkən belə bir sual meydana gəlir: axı çox maraqlıdır və ki, Ermənistan nə istəyir? İrəvanın danışıqlar mövqeyinin məğzi, məramı nədən ibarətdir?

Fakt budur ki, 44 günlük müharibə 20 aydan çoxdur başa çatıb, amma sonrakı proseslərdə erməni tərəfi heç bir nəticə göstərməyib (?!). Üstəlik, hər zamankı kimi, bu kimi hallarda Rusiya bir tərəfdən, Avropa İttifaqı da o biri tərəfdən aktivləşiblər...

Bu gün hər kəsə dəqiq məlumdur ki, Azərbaycan nəticənin olmadığı halda sülhə məcburetmə yolunu aktual olaraq saxlamaqdadır və söz yox ki, növbəti mərhələlərdə fərqli təkliflərlə çıxış edə bilər. Misal üçün, biz burada Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımadığı halda, Azərbaycanın tarixi Qərbi Azərbaycan torpaqlarına hüquqi iddialarını xatırlaya bilərik. Fakt budur ki, hazırkı dövrə qədər üçtərəfli Bəyanat birtərəfli qaydada realizə olunur və həmin təktərəfli realizə uzun müddət davam edə bilməz! Bəs nə etməli, erməni tərəfinin ağıllanması istiqamətində yenidən hansı addımları atmalı..?

Sülh sazişinin imzalanması istiqamətində Ermənistan Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul edir, amma yuxarıda da qeyd olunduğu kimi, hansısa “status” mövzusunu da ortaya atır. Bax, bu məsələdən bərk yapışmaqla, üstəlik həmin mövzunu tamamilə bağlamaq üçün yetərincə şərait yaranıb. Məsələn, sülh sazişinin imzalanması vədi ilə deyək ki, qonşu Gürcüstanın paytaxtı Tiflisdə iki ölkənin – həm Azərbaycanın, həm də Ermənistanın milli nümayəndə heyətlərinin görüşlərini təşkil etmək olar. Buna qədər isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana telefon zəngi edib, həmin təklifi səsləndirmək mümkündür. Məhz həmin zəngdən sonra Tiflisə uçmaq və orada Mirzoyanın gəlmədiyini faktiki olaraq bütün dünyaya sübuta yetirmək, çünki o həqiqətən də gəlməyəcək... Daha dəqiq desək, Ermənistan rəhbərliyinin bu addıma getməsi üçün siyasi iradəsi yoxdur və görünür ki, bundan sonra da olmayacaq!

Təbii ki, həmin aralıqda Rusiya, ABŞ, Aİ, hətta Kanadanın yeni açılmış səfirliyi və s. dərhal Ermənistanın lütləşmiş mövqeyinə donlar geyindirməklə paralel olaraq simulyasiyalarına, ya da oyunbazlıqlarına müxtəlif məqamlardan təsir göstərəcəklər. Axı vaxt da daralmağa doğru gedir və dayanmır!

Qeyd olunduğu kimi, erməni tərəfi beş prinsipi qəbul edib. Bundan sonra isə cəmi iki variant qalır və hər iki variantda da Ermənistan özünün ölüm fərmanına imza atmış olur - ya Mirzoyan əvvəlki kimi görüş yerinə gələcək, daha əvvəlki ifadə və bəyanatlarını səsləndirəcək, bununla Azərbaycana qarşı ərazi iddialarının gündəmdə qaldığını nümayiş etdirəcək, ya da Mirzoyan gəlməyəcək və sadəcə bütün dünya şahidi olacaq ki, Ermənistan əsla sülh istəmir və regionda sabitliyin, inkişafın tərəfdarı deyil.

Buradan isə Azərbaycana pas ötürüləcək – hüququnu müdafiə etmək üçün legitimlik pasını! Bəli, Ermənistan danışıqlar gündəmində normal mühitin yaranmasının əhəmiyyətini hələ də anlamır, yaxud anlayır və özünü anlaqsız aparır. Amma belə davranış İrəvan üçün heç bir üstünlük bəxş etmir, hətta xarici tərəfdaşlarına bel bağlasa belə onun köməyinə kimsə çatmayacaq. Beləliklə, sülh gündəmi yoxdursa, münaqişə variantı gündəmdəki yerini möhkəmləndirir, özü də bütün mümkün güc vasitələri ilə. Hələlik isə gözləyirik...

Bütün xəbərlər Facebook səhifəmizdə