Yaxud “şimal ayısı” Cənubi Qafqazdan nə istəyir?

Şimal qonşumuz, 300 illik tarix ərzində adı təkcə Azərbaycanda yox, bütün Qafqazda istilaçı ölkə kimi tanınan, müxtəlif formasiyalarda, dövlət quruluşlarında öz imperiyasına daxil etdiyi ölkələrdə yerli xalqlara qarşı müstəmləkə siyasətini dəyişməyən Rusiyanın torpaq, ərazi ələ keçirmək iddiasının, həvəsinin arxasında nələrin dayandığını söyləmək də artıqdır. Hərdən düşünürsən, görəsən Rusiya Qafqazda olmasaydı, nə baş verərdi? Bu suala qısaca belə cavab verə bilərik: Hər şey indikindən fərqli olardı. Yenə haqlı sual doğur, necə? Gəlin tarixin səhifələrini vərəqləyək.

Mənbələrdən oxuyuruq, Rusiya İmperiyası 1721-ci ildə Şimal müharibəsinin sona çatmasından 1917-ci il Fevral inqilabı nəticəsində hakimiyyətə gələn müvəqqəti hökumət tərəfindən Respublika qurulana qədər Avrasiya və Şimali Amerika boyunca mövcud olmuş imperiyadır. Dünya tarixində üçüncü böyük imperiya olmaqla, üç qitə boyunca uzanan Rus İmperiyası ərazi ölçüsünə görə yalnız Britaniya və Monqol İmperiyasından geri qalırdı. Rusiya imperiyasının yüksəlişi rəqib qonşularının — İsveç, Reç Pospolita, İran və Osmanlı imperiyalarının zəifləməsi sayəsində baş verdi. Rusiya İmperiyasını 1721-ci ildən 1762-ci ilə qədər Romanovlar ailəsi, 1762-ci ildən sonra bu ailənin alman əsilli qolu Holşteyn-Qottorp ailəsi idarə edirdi. XIX əsrin əvvəllərində Rusiya İmperiyası şimaldan Şimal Buzlu okeandan cənubda Qara dənizə, qərbdən Baltik dənizindən şərqdə Sakit okeana və 1867-ci ilə qədər Amerikada Alyaskaya qədər uzanırdı. Çar Böyük Pyotr (1682–1725) çoxsaylı müharibələr aparmış və onsuz da böyük olan imperiyanı daha da böyüdərək Avropanın əsas güclərindən birinə çevirmişdir.

Rusiyanın ilk imperatoru I Pyotrun hakimiyyəti zamanı şimal qonşumuzla Osmanlı və Qacarlar və Afşarlar arasında gedən müharibələrdən hər ötən gün bu ölkənin iştahasını bir az da artırıb. Rusiya imperiyası öz sərhədlərinin isti dənizlərə qədər uzatmaq niyyəti ilə cənub qonşuları ilə uzunmüddətli müharibələrdən çəkinməyib. Qafqazı və Qafqazın cənub hissəsini Osmanlı və Qacar dövlətlərindən zorla qopara bilib. Azərbaycan da qoparılan ən böyük tikələrdən biri olub.

Çar Rusiyası dövründə imperiyanın ucqarları sayılan bu ərazilərlə bağlı siyasət bolşeviklərin hakimiyyəti ələ keçirməsindən sonra da davam edib. Sadəcə forma dəyişib, mahiyyət isə eyni olub. Yeni yaranmış sovet hakimiyyətinin tərkibinə qatılan respublikalar kağız üzərində müstəqil, eyni hüquqlu olsalar da, imperiya siyasəti yürüdən proletariat diktaturasının paytaxtı sayılan Moskvanın icazəsi və razılığı olmadan bir addım belə ata bilməyiblər. SSRİ-nin əsas istehsal sahələri əsasən “qardaş respublikalar”da yox, Rusiya ərazisində inşa edilib. Burada da məqsəd konkret olaraq Rusiyanın inkişafına hesablanıb. Qalan respublikalar Rusiya üçün yalnız təhlükəsizlik kəməri rolunu oynayıb. Qeyd edək ki, II dünya müharibəsindən sonra SSRİ, əslində isə Rusiyanın öz təsir dairəsində saxladığı və “Hitler faşizmindən xilas etdiyi” Varşava müqaviləsi üzvü olan keçmiş sosialist ölkələr də Qərblə Rusiya arasında “bufer zona”, “minalanmış neytral ərazi” kimi qəbul edilirdi. Bu, bir həqiqətdir ki, adıçəkilən ölkələr və müttəfiq “qardaş” respublikalar məhz Qərbdən - NATO-da müdafiə üçün Rusiyaya lazım idi.

Bu gün də oxşar hadisələr baş verir. Sadəcə, görüntü dəyişib. Rusiya Cənubi Qafqaz ölkələrinə münasibətində yeni-köhnə siyasətini davam etdirir. Hər üç ölkənin 30 illik müstəqillik tarixinə, dünyanın bir subyektibə çevrilmələrinə, BMT-də müstəqil ölkə olaraq təmsil olunmalarına baxmayaraq hələ də bu ölkələrlə eynihüquqlu münasibətlər qurmaqda çətinik çəkir. Əksinə, Rusiya qonşuları ilə səmimi dost münasibətlərində olsa, qarşılıqlı hörmət əsasında əlaqələr qursa bəlkə də Qərb ölkələrinin indiki sanksiyaları ilə üzləşməz, onu dəstəkləyənlərin sayı indiki qədər olmazdı. Rusiyanın müstəqil ekspertlərinin əksəriyyəti kimi bu ölkədə daha çox hakimiyyətə müxalif mövqeyi ilə seçilən Aleksey Navalnıy maraqlı və məntiqli çıxışı ilə yadda qalıb. O, Rusiyanın bu gün tək qalmasının səbəblərini açıqlamaqla yanaşı, ölkəsinin düşdüyü vəziyyəti belə təsvir edib: “Rusiyanın qonşularından heç biri ilə səmimi dostluq münasibətləri yoxdur. Kimsə Belarusun adını çəkə bilər, xeyr, Minsk istənilən vaxt Rusiya ilə yollarını ayıra bilər. Bu dostluq yalnız müəyyən maraqılar üzərində qurulub. Əslində isə məsələ başqadır. Rusiyaya “dişini” göstərənlər əvvəlcə keçmiş Bribaltika ölkələri oldu, bunun ardınca Gürcüstan və Moldova, bu gün isə Ukrayna Rusiyanın dostları sırasından düşmənlərinin səfinə keçib. Digər ölkələrində münasibəti fərqli deyil. Ətrafınıza baxın, dostlarının nə qədərdir?”.

Sovetlərin dağılmasından sonra özünü SSRİ-nin qanuni varisi hesab edən Rusiya nəinki sərhədlərinə yaxın əraziləri, eləcə də Avrasiya qitəsinin xeyli uzaq regionlarını da özünün strateji maraq dairəsi bilir. Hətta dünyada baş verən hadisələrə ciddi surətdə müdaxilə etməyə cəhd göstərir. Gücü kifayət qədər olmayan Rusiyanın bu siyasətinin bir səbəbi var ki, o da imperiya təfəkkürünü hələ də özündə saxlamasıdır, daha doğrusu ara-sıra imperiya dövləti olduğunu yada salmasıdır. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi, qlobal sülh və təhlükəsizlik üçün birbaşa məsuliyyət daşıyan Rusiyadan başqa addım da gözləmək olmaz. Bu cür möhtəşəm geosiyasi mövqelərə malik olmaqla yanaşı, iqtisadi-maliyyə imkanları, inkişaf tempi, valyuta ehtiyatları kimi parametrlər baxımından Rusiya dünyadakı rəqiblərindən - ABŞ, Avropa Birliyi, Çin kimi güc mərkəzlərindən xeyli geridə qalır. Qüvvələr balansı da Rusiyanın xeyrinə deyil. Müəyyən tarazlığa nail olmaq məqsədilə Rusiya öz hərbi qüvvələrini təkmilləşdirir, hərbi-sənaye komleksini gücləndirir ki, “əzələ” nümayiş etdirməyə təpəri olsun. NATO-nun Şərqə doğru genişlənmək cəhdlərinə dirəniş göstərməyə cəhd edir, lakin bu, hələ də uğursuz alınır. Maraqları naminə qonşuları və tərəfdaşları ilə də zor dili ilə danışmaqdan çəkinmir. Bu, təkcə indiki iqtidarla bağlı məsələ deyil, əslində hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu dövlətin strateji maraqları dəyişmir. Rusiyanın bir sıra siyasi dairələri əksər hallarda postsovet məkanına özünün itirilmiş mülkləri kimi baxırlar. Indi müstəqil ölkə olan keçmiş “qardaş respublikalar”ı yenidən öz nüfuz dairəsinə qatmağa çalışırlar. Baltikyanı dövlətlərlə donu açılmayan münasibətlər, Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanın ərazi bütövlüyünün pozulmasında Rusiyanın birbaşa və ya dolayı yolla iştirakı dediklərimizə misaldır.

Bəli, məqalənin əvvəlində dediklərimizə bir daha qayıtmaq istərdik, əgər Rusiya olmasaydı, yaxud Rusiya bütün bunları etməsəydi, dünənki “qardaşları”nın ərazilərinə gec və hər an partlayan minalar basdırmasaydı, qonşular arasında nifaq salmasaydı, regionda barışın əldə edilməsinə maneələr törətməsəydi, imperiya siyasətindən əl çəksəydi yəqin ki, indiki siyasət tablosunda başqa mənzərə təsvir edilərdi. Düşünürük ki, hələ də şanslar tamamilə itməyib. Siyasətin səkkiz üzlü olduğunu da unutmayaq, xüsusən də dünya siyasətinin. Hər an, hər şey dəyişə bilər. Rusiyanın “Ukrayna bataqlığı”na necə düşdüyü qeyri-müəyyən olduğu kimi, oradan necə çıxacağı da müəmmadır. Hər halda hər kəs öz taleyini yaşayır, Rusiya da. Bəs, Rusiya olmasa nə baş verər?

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...