Təhmasib Novruzov

Tarixdə elə şəxsiyyətlər, elə dühalar var ki, onlar haqqında yazmaq, olduğu kimi təqdim etmək üçün, kifayət qədər zəngin olan Azərbaycan türkcəsində belə qələm aciz qalır. Tomiris anamızdan tutmuş Atillaya, Cavanşirə,Babəkə, Atabəylərə, Şah İsmayıla, Nadir şaha, nəhayət ötən əsrin əvvəllərindəki təlatümlü dövrün yetirdiyi, ziddiyyətləri ilə yanaşı xalqın tarixində böyük rol oynamış simalara qədər mənsub olduğu xalqın tarixini yaratmış qüdrətli şəxsiyyətlər hər zaman anılmış, anılır və anılacaq. Lakin XX əsrin ortalarından etibarən tanrı xalqımıza elə bir düha bəxş etdi ki, millətinin taleyində oynadığı misilsiz rol illər ötdükcə daha qabarıq şəkildə özünü göstərir və neçə əsrlər də göstərməyə davam edəcək. Ölməzlik deyilən bir kəlmə var dilimizdə. Bu düha məhz ölməzlik qazanan elə şəxsiyyətlərdəndir ki, öz dövründə çoxlarının anlamadığı və gələcəyə hesablanmış fenomenal fəaliyyətinin sirləri indi-indi açılmaqdadır və hələ on illər, əsrlər boyu o sirlər açıldıqca bu böyük dühanın da xalq naminə nə qədər böyük gələcəyə zərgər dəqiqliyi ilə hesablanmış bir siyasi düstur qoyub getdiyi anlaşılacaq.

Hələ SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin gənc zabiti olduğu illərdə ona həvalə olunan minlərlə azərbaycanlı “vətən xaini”nin gerçəkdə qəhrəman olduğunu ortaya qoyub, Mehdi Hüseynzadə kimi tarixi qəhramana çevirən, bununla əslində fərdlərin simasında xalqımızın “xain xalq” olmadığını nəhəng bir imperiyaya sübut edən bu qüdrətin gələcəkdə xalqına nə qədər fayda verəcəyindən xəbər verirdi. Azərbaycan DTK-nin sədri işlədiyi zaman – 1968-ci ildə bədxah qonşularımızın Dağlıq Qarabağ iddiasını beşikdəcə boğan bu dühanın məhz 1988-ci ildə səlahiyyətlərinin tamamının əlindən alınması ilə problemə müdaxilə edə bilməməsinin faciələrini yaşadıq və hələ də yaşayırıq. Hələ SSRİ dövründə bütün ittifaqda yaşayan türk dilli xalqların həm mənəvi dəyərlərinin, həm tarixinin qorunmasında onun oynadığı misilsiz rol bu qanı daşıyan hər kəsə məlumdur.

1970-ci illərdə, SSRİ-nin siyasi mətbəxinə yaxşı bələd olduğundan bu imperiyanın dağılacağını əvvəlcədən hesablamaqla, respublikanı gələcək müstəqil həyata hazırlamaq düşüncəsi ilə həm kadr ehtiyatlarını, həm iqtisadi resursları, həm də hərbi mütəxəssis hazırlığını prioritet seçmişdi ki, bu da reallıqda müstəqilliyin bazasının yaradılmasında tarixi rol oynamışdır.

Bu fakt ölməz dühanın gələcək naminə yaşam seçdiyinin bariz nümunəsidir. İllər boyu məhvinə çalışan qüvvələrin sonradan etiraf etdiyi kimi, onun yoxluğundan üstümüzə ayaq açan düşmənlərin 1993-cü ildən başlayaraq siyasətlərində korrektələr etməyə məcbur olmaları da dünənimizin tarixidir. Bu tarixi kənardan seyr etməklə yaşamaq, onun şahidi olmaq, onu təhlil etmək nə qədər çətin olduğu halda, onu yaradanın, onu gerçəkləşdirməyi bacaranın hansı qüdrətə sahib olduğunu düşünmək üçün çox da ağıl tələb olunmur.

1993-cü ildə məhv olma təhlükəsi ilə üz-üzə qaldığı, bundan yararlanmaq istəyi ilə bütün düşmən mövqeyində olan qüvvələrin birləşdiyi bir zamanda ölkəni təhvil alıb,onu bu uçurumdan xilas etmək, həm də az zaman daxilində dünyanı heyran edəcək fundamental siyasətə start vermək yalnız belə fövqəldə düha sahiblərinə məxsus keyfiyyətdir. Həm şimaldan, həm cənubdan, həm də qərbdən üzərimizə axan qara buludların zərərsizləşdirilməsi, onların ölkəmizə nur səpməyə məcbur edilmələri, həm də buna dostluqla, diplomatik gedişlərlə nail olunması tarixin çox az rast gəlinən uğurlarından biri kimi qiymətləndirilməlidir. Bu yetməzmiş kimi, dünyanın türk düşmənliyinin artmasına yönləndirildiyi bir zamanda, türk xalqlarının birliyinin yaradılması ideyasını ortaya atması, onun ilkin zəminlərini hazırlaması, sonrakı dönəmdə bu zəmin əsasında türk birliyinin reallaşması, bu əvəzolunmaz siyasət nəhənginin həm də qədim türkçülük irsinə olan sonsuz sədaqətinin təzahürüdür.

Əziz oxucum, diqqət etdinizsə yazımda söhbətin kimdən getməsi haqqında bir kəlmə də olsun qeyd yoxdur. Bu da məhz haqqında danışdığım əvəzsiz düha sahibinin qüdrətinin əlamətidir ki, adını çəkmədən bu fikirlərin şəriksiz olaraq yalnız ona aid olmasını hər kəs anlayır. Dilimizi, dövlətçiliyimizi, mənəvi dəyərlərimizi özümüzə qaytaran, gələcəyin ən optimal inkişaf mexanizminin bünövrəsini qoyan, onilliklər boyu görüləcək işlərin proqramını hazırlayıb bizlərə ərməğan edən, ölkəmizi düşmənləri məyus edib də dostları sevindirən bir inkişafa çatdıran, dünyada düşmənlərimizlə dostlarımızın balansını dostların hesabına dəfələrlə artıran o böyük dühaya sonda üz tutmamaq və deməmək olmur:

Nə yaxşı doğuldun, nə yaxşı ulu yaradan səni bu xalqa, bu millətə göndərdi, ƏBƏDİ LİDERİMİZ , ULU ÖNDƏR HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV!

Bütün xəbərlər Facebook səhifəmizdə