“Muhteşem yüzyıl” və ya böyük Turan dünyasına rəzil həqarət

Tarixlər boyu dünyanı ləzrzəyə gətirən, köhnə Qərb dünyanı titrədən, Avropanı ayaqlarına gətirən, igid türk ərənlərinin qorxmazlıqları, şücaətləri sayəsində qətiyyət və qəhrəmanlıqlar dastanları yazan Osmanlı İmperiyası öz möhtəşəmliyini bu gün də silinməz tarixi salnamələrində yaşatmaqdadır. Osmanlı fatehlərinin zəfər yürüşləri, qalibiyyət fəthləri özünü türk hesab edən hər bir insanın qəlbində əbədi olaraq, fərəh hisslərini yaşatmaqdadır. Təbii ki, biz azərbaycanlılar da böyük millət olaraq, nəhəng Turan dünyasının ayrılmaz qolu, Oğuz boyu kimi daim bu tarixi hadisələrdən qürur hissi duyuruq.

Ancaq ciddi təəssüf və kəskin irad hissi ilə demək lazımdır ki, zamanında dünyanın yarısından çoxunu Osmanlı İmperiyası adı altında birləşdirməyi bacarmış tarixi dövlət haqqında məhz qardaş Türkiyənin kinoindustriyasında yanlış, cılızlaşdırılmış, Turan tarixini saxtalaşdıran və bəzən iç üzünü doğru olmayan istiqamətdə ictimailəşdirən filmlər, seriallar istehsal olunmaqdadır. Və təkcə türkdilli dövlətlərdə deyil, eləcə də Qərb dövlətlərində kifayət qədər nüfuz qazanmış "Muhteşem Yüzyıl" tarixi teleserialı da bu əfsus ki, qəbildəndir. Artıq adıçəkilən serialda bir neçə dəfə qonşu dövlətin şahları, xüsusilə, Azərbaycan hökmdarları – Şah İsmayıl Xətai, eləcə də İsmayıl Səfəvi, Şah İsmayıl Şeyx Heydər oğlu Şeyx Cüneyd Səfəvi təxəllüsləri ilə tanınan tarixi şəxsiyyətimiz təhqir olunmuşdur.

"Əmir" deyil, Şah!

Qardaş Türkiyə telekanallarının biridə yayımlanan, əxlaqsız səhnələrinə və tarixi təhriflərinə görə dəfələrlə tənqid olunan "Möhtəşəm Yüzyıl" serialında filmin baş qəhrəmanı Sultan Süleymanın saraydakı səhər toplantısında əvvəl Süleymanın adamları tərəfindən Şah İsmayıl yaltaq kimi qələmə verilir, daha sonra isə Sultan özü Şah İsmayılın Şahlığını gülünc hissi ilə qarşılayaraq, katibinin "Şah İsmayılamı məktub yazırıq", sualına, "Əmirlər nə vaxtdan Şah olublar, Çaldıran düzündənmi", - deyə, kinayə ilə soruşur və daha sonra əlavə edir: "Yaz, hökumət və əmirlik sahibi Şeyx İsmayıl Heydər oğlu Səfəvi, Allah sizə doğru yolu göstərsin. Belə görünür ki, İslam dininin böyük zəfəri və Peyğəmbərimizin şəriətinin aşkar yolu sənə keçmiş adət-ənənələrin bildiyi şəkildə çatdırılmış və gərəkli cavab və salam bu məktubla sizə yazılmışdır..."

Göründüyü kimi, burada ilk olaraq Şah İsmayılın Şahlığı kinayəylə qarşılanır və onun Çaldıran döyüşündəki "məğlubiyyəti" böyük qələbə kimi göstərilərək, Şah İsmayılın şah deyil, əmir olduğu bildirilir.Amma bu, nə qədər həqiqətəuyğundur? Çox güman ki, tarixi təhrif edən serial ssenarisinin müəllifi rəhmətlik yazarımız Fərman Kərimzadənin iki hissədən ibarət olan və bir neçə dilə tərcümə edilmiş "Xudafərin körpüsü", "Çladıran döyüşü" barədə bəhs edən əsərlərindən qətiyyən xəbərsizdir.

Türk, yoxsa...

Burada bir daha tarixə müraciət etməyimiz vacibdir. Əvvəla Şah İsmayıl Sultan Süleymanın iddia etdiyi kimi əmir deyil həqiqətən Şah olub. 1514-cü ilə kimi Şah İsmayıl 3 milyon kv.km əraziyə rəhbərlik edib ki, bu əraziyə bütöv İran, İraqın yarısı, Türkiyənin bir hissəsi, indiki Ermənitan və Dərbəndə kimi Azərbaycan daxil idi. Bu qədər böyük bir əraziyə rəhbərlik edən bir şəxsin Şah deyil, onun əmir kimi qələmə vermək isə ən azından səviyyəsizlik göstəricisidir. Elə isə, həmin kitabı oxumağı ona məsləhət görərdim. Bir də onu məsləhət edərdim ki, həmin ssenarist özünü türk millətinin nümayəndəsi hesab edirsə, o zaman Turan dünyasının tarixi şəxsiyyətlərini təhqir, təhrif edərək cılızlaşdırması yerinə, saxta "Erməni dövləti" haqqında faktlara əsaslanan serial çəkimlərinə başlasın. Əks halda həmin adamın türk olmasına qarşı şəxsən məndə çübhələr oyanır.

"Muhteşem Yüzyıl" teleserialı azmış kimi, hətta Şah İsmayılın babasını –Şah Təhmasibi də türk millətinə yaraşmayan tərzdə təhqir edib. Bununla da sübut olundu ki, adıçəkilən serial əslində həqiqi tarixi deyil, sadəcə Osmanlı İmperiyasının saray rəzilliklərini cılız formada ictimailəşdirməkdədir. Əgər belə olmasa idi, yəni serial cılızlaşdırılmasa idi, Sultan Süleymanın saray əyyaşlığı, içki düşkünlüyü bu qədər açıq tərzdə nümayiş edilməzdi. Eyni zamanda, hər gecəsində başqa-başqa qadınları hərəmxanasından yatağına daşıtdıran Sultan obrazı türk millətinin gözü qarşısında aşağılanmazdı.

Düzdür, hər millət öz tarixi ilə fəxr edir. Amma böyük Turan dünyasına yaraşmayan türk millətini təhqir edən bu kimi hallara son qoyulmalıdır. Əks halda bu dünyaya qıyqac baxan mənfur qüvvələr həmin halları bizlərə qarşı istifadə edəcək, tarixin saxtalaşdırılmasında öz güclərini ortaya qoyacaqlar. Və bizlər baş verənlərdən nəticə çıxararaq, Şah İsmayılla, Şah Təhmasiblə yanaşı, həm də Uzun Həsəni, Şah Abbası, ümumiyyətlə MÖHTƏŞƏM TARİXİMİZİ bu kimi saxtakarlıqlardan, cılızlıqlardan, rəzilliklərdən qorumalıyıq!

Bütün xəbərlər Facebook səhifəmizdə