Vəli VƏLİYEV

Bu gün Gorus rayonunun Laçın rayonu ilə sərhədyanı kəndləri xarici emissarların, missionerlərin, xarici kəşfiyyat orqanlarından təlimat alan media ünsürlərinin dolub-daşdığı yerlərdən biridir. Hərənin əlində telefon, nəyi isə kameranın yaddaşına köçürür. Heç kimi Qarabağdan bahalı maşınları ilə “qaçan” ermənilərin gələcək taleyi maraqlandırmır, onların təbliğat maşınının həzm-rabeəsindən keçirilə bilən məhsul axtarışındadırlar. Təki təbliğat üçün material olsun, görüntülər onların istədiyi mənzərənin inikas etdirsin. Amma emissar və missionerlərin bir problemi var, “qaçan” ermənilərin üzündə iztirab, gərginlik, yurd itkisi, ümidsizlik nişanələrinə rast gəlinmir. Sanki sanatoriyadan qayıdıblar.

Amma bir narahatlıq var, bu hadisələrə bəzi dövlətlərin, beynəlxalq təşkilatların münasibətində reallığı əks etdirməyən notların olacağı indidən bəllidir. Bəzi xəbərlər də sızılır, Azərbaycanın Qarabağda “etnik təmizləmə apardığını” cidd-cəhdlə isbat etməyə çalışanlar var. Ermənistan hakimiyyətinin 40 min ailəni yerləşdirməyə hazırlaşması, separatçıların Qarabağın kəndlərində yaşayan erməniləri zorla Ermənistana köçürmələri qaranlıq məqamlara işıq salır. Bu hadisələrdən Ermənistan rəhbərliyi və separatçılar, eyni zamanda onların Qərbdəki himayədarları bizim əlehimizə məharətlə istifadə edəcəkləri birmənalıdır. Plan belədir. Gorusda baş verənlər də bunu deyir.

Ermənilər Qarabağı və ətraf rayonları topla-tüfənglə ələ keçirəndə kimsənin səsi çıxmadı, heç bir xarici dövlətin, beynəlxalq təşkilatın tükü də tərpənmədi, sanki bu, belə də olmalı imiş. Qarabağdan 30 il ərzində qaçanları iki yerə bölə bilərik, biri yüz illər ərzində bu torpaqlarda yaşamış, yurd-yuva qurmuş yerli azərbaycanlılar, biri də son 100-150 il bundan əvvəl Rus imperiyasının “ən sadiq nökərləri” olaraq xaricdən bura köçürülmüş ermənilər. Biri öz Vətənindən, digəri isə zor yolu ilə ələ keçirdiyi yad torpaqlardan qovulmuşlar.

1988-ci ildən başlanan və 1993-cü ildə sona çatan etnik təmizləmə nəticəsində öz isti ocaqlarından qovulan azərbaycanlılar həm indiki Ermənistan, əslində isə qədim Azərbaycan torpaqları olan Zəngəzurdan, Göyçədən, Dərələyəzdən, Zəngibasardan, Basarkeçərdən, İrəvandan, həm də Azərbaycanın əzəli torpağı olan Qarabağdan zorla çıxarılarkən ayaqlarına ayaqqabı, başına papaq geyməyə imkan tapmamışdılar. Ac-susuz yollara düşmüşdülər. Vəhşiləşmiş ermənilər əldə etdikləri “uğurdan” feyziyyab olaraq bu mənzərəyə ləzzətlə tamaşa edirdilər. Dünyanın heç bir təşkilatı azərbaycanlıların başına gətirilən bu faciəni nəinki “etnik təmizləmə” kimi qəbul etmir, hətta bütün bunların baş verdiyini də inkar edirdilər. Xocalıda ermənilər tərəfindən törədilən və hətta ermənilərin özləri tərəfindən etiraf edilən soyqırımında Azərbaycanı günahlandıranlar da var. Bu qədər faktın, şahid ifadələrinin, foto və video görüntülərin olmasına baxmayaraq Xocalı soyqırımını görməzdən gəlmək, faciəni inkar etmək rəzillik, barbarlıq, ermənilərin törətdiyi cinayətə şərik olmaqdır.

Bir neçə gün bundan əvvəl ermənilərin törətdiyi terror aktından sonra Azərbaycanın başlatdığı antiterror tədbirləri legitim hədəflərin vurulması ilə cəmi 1 sutkadan sonra başa çatdı, terrorçular ağ bayraq qaldırdılar, tərksilah olmaq tələbimizlə razılaşdılar. Qarabağda yaşayan ermənilərin nümayəndələri ilə qısa müddətdə iki dəfə görüş keçirildi, şərtlər ortaya qoyuldu, ermənilərində xahişi qeydə alındı. Rəsmi Bakının yeganə tələbi Ermənistan ordusunun Qarabağdakı hissələrini Azərbaycan ərazilərindən çıxarılması, separatçı rejimin buraxılması idi. Burada ermənilərin buradan köçürülməsi barədə bir kəlmə də qeyd olunmayıb. Bakı yerli ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasından sonra onların bütün hüquqlarının qorunacağı barədə rəsmi təminat da verdi. Təhlükəsizliklərinin qorunacağı barədə bütün vədlərə baxmayaraq separatçıların təhriki ilə erməni sakinlərin böyük bir hissəsi Qarabağda yaşamaq istəmədiklərini bildirib könüllü şəkildə buraları tərk etmək istədiklərini bildiriblər. Bunu Laçın sərhəd-keçid məntəqəsindən keçən və artıq heç bir təhlükənin olmadığını anlayan əksər ermənilər televiziyalara verdikləri açıqlamalarda da təsdiq ediblər. Hətta ermənilər arasında Qarabağda qalmaq, azərbaycanlılarla birgə yaşamaq istəyənlər də az olmayıb və əlavə ediblər ki, hakimiyyət (separatçı qurum nəzərdə tutulur – müəllif) onlara evlərini tərk etmək əmrini verib.

Silahlı qüvvələrimizin antiterror tədbirlərində hədəfləri Azərbaycan hakimiyyətinə qarşı çıxan əli silahlı separatçı ermənilər idi, sadə ermənilər yox. Erməni əsilli vətəndaşların isə tələm-tələsik Qarabağı tərk etmələrində çox şübhəli məqamlar var. Onlara qarşı heç bir təhlükənin olmadığını da bilirlər, amma yenə də özlərini məcburi köçkün kimi göstərməyə çalışırlar. Amma yamsılamaq, manipulyasiya etmək mümkün deyil. Azərbaycanlıların başına gətirilən faciələrlə müqayisədə bu gün ermənilərin etdikləri artistlikdir...

Bütün xəbərlər Facebook səhifəmizdə