Cəmiyyətimizdə gündən-günə oğru valideynlərin sayı artır. Biz jurnalistlər yazanda, televiziyalarda bar-bar bağıranda ki, uşaqlarınızın əlinə telefon verməyin, verəndə nəzarət edin, onları sosial şəbəkələrdən uzaq tutun, qoruyun, səsimizi eşidənlər çox olsa da, qulaq ardına verənlər onlardan da çox oldu. Nəticə isə göz qabağındadır. Nəticə odur ki, saysız valideyn oğurluğa başlayıb, onlar uşaqlarının gələcəyini oğurlamaqla məşğuldurlar.

Budur, gündə bir xəbər eşidirik və dəhşətə gəlirik. Baxın, hələ siz bu 44 yaşlı, 4 uşaqlı arsız “kişinin” əməlinə baxın. Övladı yaşında olan qızı aldatmağına, yoldan çıxarmağına baxın. Arsızlığına baxın ki, 44 yaşında ola-ola özünü 20 yaşlı oğlan kimi təqdim edir. 4 uşağından, həyat yoldaşından utanmayaraq görün, nə əməllərdən çıxır. Özündən 31 yaş balaca qıza evlənmək təklif etməklə onu aldadır və həyatını məhv edir. İnsanları kənd içində biabır edir. Öz 4 övladının isə gələcəyini vəhşicəsinə oğurlayır...

Bəs bu məktəbyaşlı qızın ailəsi, valideynləri hara baxırdılar? Hansı iş başlarını qatmışdı? O telefonu bu uşaq haradan əldə edibmiş, nə üçün valideynləri bu uşağa bir nəzər salmayıblar ki, o, nə ilə məşğuldur?..

Məktəbdə olmalı ikən özündən 31 yaş böyük kişinin tələsinə düşmək, bax, belə nəzarətsizlikdən olur. Uşaqlarımızın aldanması, həyatlarının məhv edilməsi onların gələcəyinin oğurlanması ilə məşğul olan biz valideynlərin günahı ucbatından olur.

Telefonu kiçik yaşlarından veririk əllərinə ki, səsini çıxarmasın, başımız sakit olsun. Guya ki, cizgi filminə baxır, nə bilim, oyun oynayır. Ta düşünmürük ki, həmin cizgi filmlərin, oyunların ortasında uşağımızın qarşısına elə bir reklam çıxır ki, onu görməsi qəbahətdən qəbahətdir. Saatlarla əlindən oyuncaq, kitab-dəftər əvəzinə telefon düşməyən uşağın gözləri zəifləyir, bir, ağlı qarışır, iki, ətraf mühitdən tədric olur, üç, sonda isə aldadılır, dörd. Bu sayı 10-a, 15-20-yə qaldırmaq olar.

Belə aldadılmalar tək Əfsanə kimi 13 yaşlı qızın başına gəlmir. Bu cür yüzlərlə hadisələr var ki, onların içərisində narkomaniyaya, oğurluğa, cinayətə təhriketmələr saysızdır.

Sonra da deyirik ki, gül kimi uşağımıza birdən-birə nə gəldi. Əfsanə kimi. İndi bu qızcığazın valideynləri gəlib ona bəkarətini qaytarsınlar, görək, necə qaytarırlar. Uşaqlığını, məktəbli olmasını, sabahını, gələcəyini qaytarsınlar, görək, necə qaytarırlar. Məsuliyyətsizlik, nəzarətsizlik üzündən övladlarının gələcəyini oğurladı, talan etdi Əfsanənin Tovuz rayonunun Quşçu kəndidə yaşayan valideynləri.

Nə üçün bu sosial şəbəkələrin adət-ənənələrimizin, mentalitetimizin, milli xüsusiyyətlərimizin, ailə dəyərlərimizin əksinə olduğunu dərk etmirik? Nə üçün kütləvi şəkildə internetə, sosial şəbəkələrə meyil edirik? Günümüzün 24 saatının ən azından 20-22-ni orada gəzişirik. Nə axtarırıq, nəyin axtarışındayıq? Nə üçün övladlarımıza nəzarət etmirik? Bir dəfə onlarla oynamırıq, söhbət etmirik, gəzintiyə çıxmırıq.

Nə üçün onları başımızdan edirik. Belə isə nə üçün onları dünyaya gətiririk? Həyatlarını məhv etmək üçünmü?

1979-cu il təvəllüdlü, 44 yaşlı, 4 uşaq atası Kavazov Səfər Dursunoviçi, bəli, cinayət işi gözləyir. Amma nə olsun? Bir neçə il həbs, sonra azadlıq... Bəs onun məhv etdiyi həyat? Bəs onun ayıbı ucbatından insan içinə çıxa bilməyən həyat yoldaşı? Bəs onun gələcəyi bir arsız atanın düşüncəsizliyi, tamahı, qəbahəti üzündən oğurlanan 4 övladı? Bəs bunların hesabını kim ödəyəcək? Odur ki, belələri haqqında cinayət məsuliyyəti daha da çətinləşdirilməlidir. O qədər çətin olmalıdır ki, görk olsun.

Bu gün nə qədər maarifləndirmə aparılsa da, bəzi valideynlər bunun fərqinə varmır, övladlarının taleyi ilə oynayırlar. Belə isə hələ bu cür hadisələrlə daha çox üzləşəcəyik.

Ayılın, uşaqlarınıza vaxt ayırın, onlarla zaman keçirin, birlikdə kitab oxuyun, evcik qurun, oynayın, valideynlər! Onlara nəzarət edin. Günlük həyat tərzlərini nəzarətə götürün. Hara gedirlər, haradan gəlirlər, bir diqqət edin.

Bir də, nə olar, onları başınızdan etmək üçün telefonlarınızı əllərinə verməyin. Gedib saatlarla televizor qarşısında seriallara baxıb, qonşu qadınla qeybətləşib, boş-boş işlərlə məşğul olub, uşaqlarınızı unutmayın. Yazıqdırlar, axı onların gələcəyi var. Bu gələcəyin oğrusu, gəlin, biz olmayaq. Onların gələcəyini əllərindən almağa axı haqqımız yoxdur...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə