İranda molla rejiminə qarşı ötən ilin sentyabr ayından başlanan etiraz mitinqlərinin hazırda inqilab səviyyəsinə yüksəldiyi bir məhrələdə İran əsilli amerikalı aktrisa və müğənni Sepide Moafinin “Qızıl Qlobus” film mükafatlarının təqdimetmə marasimindəki geyimi həqiqətən maraqlı oldu və çox da yerinə düşdü. Bu, İranda inqilabın qırmızı rənglə, yəni qələbə ilə bitəcəyinə bir istək və gözləntidir.

İranlı-amerikalı rəssam Əmir Tağının dizayn etdiyi libasın üzərindəki qırmızı gülün ləçəklərində molla rejiminin edam etdiyi 4 nəfərin və öldürülmə təhlükəsi altında olanların adları yazılması gülün inqilabdan sonra ölkənin çiçəklənəcəyinə, libasın qara rəngi kimi buludların yox olacağı ilə xarakterizə edilib.

Hansı ki, vaxtilə aktrisanın da valideynlərinin yaxın dostları və ailəsi İran İslam Respublikasındakı məlum rejimin qurbanı olmuş, bu səbəbdən onun valideynləri İranı tərk etməyə məcbur qalmış, Türkiyədə və Almaniyada qaçqın düşərgəsində yaşamalı olmuşlar. Elə aktrisa da Almaniyadakı düşərgələrdən birində anadan olmuşdur. Sepide Moafi ürək ağrısı ilə vurğulayır ki, biz nəhayət, ABŞ-a gələ bildik və evə bənzəyən, lakin heç vaxt öz evimiz kimi hiss etmədiyimiz mülk tikə bildik. Özümü layiq olmadığımı hiss etdiyim və ya niyə deyə soruşduğum anlarda anamın səsini eşidirəm: “Səbəbini soruşma, sadəcə təşəkkür et”. Bu o anlama gəlir ki, görün ailə İranda nə qədər zülmlə qarşılaşmışdır ki, ana qızına sadəcə təşəkkür etməyi məsləhət bilir.

Qeyd edək ki, aylar öncə İranda 22 yaşlı Məhsa Əmininin yaşadığı acı tale, döyülərək güclü xəsarət alması, təhqir olunması insanları ayağa qaldırdı. Hansı ki, indiyədək İranda yüzlərlə, bəlkə də minlərlə qadın belə zorakılıqlarla üzləşmiş, onların baş örtüyü boğazlarının kəndirinə çevrilib həyatlarını sonlandırmışdı.

Əslində səbr kasası çoxdan dolmuşdu. Lakin insanların azadlığını, hüququnu əlindən alan, onların hər bir hərəkətini, danışdığı sözü ağır cəza ilə cəzalandıran molla rejimi səsi çıxanları çoxsaylı gecələrin gedər-gəlməzinə göndərmişdi.

Məshasanın ağır cinayətin qurbanı olması isə İranda inqilabın başlanma səbəbi oldu. “Ta bəsdir, zülm bu qədər yetər, təhqir bu qədər yetər”,- deyən insanlar günahsız Məhsanın zorakılığın qurbanı olmasına dözməyərək səslərini qaldırdılar. Bu səsləri yerindəcə boğmaq istəyənlər isə bilmədilər ki, artıq dövr o dövr deyil. İnsanların səbri daşıb, canları boğazlarına yığılıb.

Beləliklə İran vətəndaşlarının etiraz mitinqləri gündən-günə genişləndi və inqilab səviyyəsinə gəlib çıxdı. Molla rejiminin insanların başına açdığı oyunlar, hədsiz sayda sosial problemlər, üstü ört-basdır edilmiş cinayətlər bu inqilabın əsas mövzusu oldu.

Nəticədə isə molla rejimi özünü müdafiə etmək, hakimiyyəti əldə saxlamaq üçün kütləvi həbslərə, edamlara başladı. Bütün bunların qarşısında isə etirazçıların sayı gündən-günə daha da artdı, ölkədə milli-azadlıq hərəkatı başladı.

Hüquq və azadlıqlarının bərpa olunmasını tələb edən, illərlə əsarət altında saxlanılan, bir çox sosial hüquqlardan məhrum olan insanları sakitləşdirmək üçün bu dəfə də moill rejimi yeni özünümüdafiə vasitəsinə əl atdı. Belə ki, etirazçıları yenidən özünə tabe etdirmək üçün ölkədə əmək haqqı və pensiyaçılar artırıldı. Amma dövlət fondunun real ehtiyatının olmadığını, rejimin qərarı ilə ancaq dəstəksiz pul əskinasları çap edildiyini, bunun da nəticəsində inflyasiyanın daha da kəskinləşəcəyini bilən insanlar bunun əhəmiyyətsiz bir addım olduğunu molla rejiminin üzünə çırpdılar. Gözləntilər isə budur ki, İranda iqtisadi vəziyyət daha da kəskinləşəcək, bu da inqilabın daha da alovlanmasına şərait yaradacaq.

İranda inqilabçıların edam edilməsi hələ də bu rejimin diktatorluqdan əsla vaz keçmədiyini, bu qayda ilə hakimiyyəti qorumaq niyyətində olduğunu ortaya qoyur. Aparıcı Avropa ölkələrinin və bir sıra beynəlxalq təşkilatların edamlara qarşı narazılıq bəyanatlarına baxmayaraq bunun davam etdirilməsi isə İranın bütün dünyaya qarşı sayğısızlığını, “işimə qarışma” cavabının göstəricidir. Eyni zamanda insan amilinə qarşı beynəlxalq cinayətdir.

Bəli, İranda baş verən inqilabın nəticəsinin bu rejiminin qurbanlarından olan Sepide Moafinin üzərində daşıdığı paltarındakı gül rəngdə-qırmızı rəngdə olması bütün İran vətəndaşlarının arzudur. Bu, orada hüquqları pozulan, öz dilində danışması, təhsil alması yasaq edilən və digər sosial problemlər yaşayan iranlılar üçün həm də bütün insanların arzudur. Çox yaxında bu inqilabın qıpqırmızı çiçək rəngli nəticəsini görməyimiz diləyilə...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə