Milli Şuranı hansı aqibət gözləyir? TƏHLİL

Milli Şurada baş verən son proseslər demək olar ki, irəli sürülən bütün proqnozları reallaşdırdı. Belə ki, dünənə qədər mətbuata verdikləri açıqlamalarında bir-birlərinə qarşı açıq səpgidə ittiham etməkdən yayınan tərəflər nəticədə daxillərində ilişib qalmış sözləri sonuncu sessiyada üzlərinə dedilər. Xüsusilə, Müsavat Partiyası yetkililərinin hücum xarakterli çıxışları məhz belə qənaətə gəlməyə zəmin yaratdı ki, proseslər Milli Şuranın aqibətinin sona çatdığını göstərir. Rüstəm İbrahimbəyovun "fəxri sədr" seçilməsi, onun seçilməsinin AXCP tərəfindən, eləcə də Şuraya sədr seçilmiş Cəmil Həsənli tərəfindən dəstəklənməsi, Rəsul Quliyevin qurumdan müəmmalı səs çoxluğu ilə uzaqlaşdırılması təbii ki, tarıma çəkilmiş sinirlərin partlamasına şərait yaradacağıydı və yaratdı da.

Söz yox ki, Müsavat Partiyasının demək olar ki, fikrinin, rəyinin alınmaması sanki odun üzərinə benzin tökmüş oldu. Əbəs yerə deyil ki, Müsavat Divanının üzvü Tural Abbaslı, Mərkəzi İcra Aparatının sədri Arif Hacılı kəskin çıxışlar edərək, Müsavatın bu qəraraları korrektə edəcəyini bildirdilər. Eyni zamanda başqan İsa Qəmbərin də qızışdırıcı çıxışı qarşıdurmaya rəng qatdı. Məsələn, Arif Hacılı deyib ki, Milli Şuranın sessiyasında Azərbaycan siyasətində tanınmayan, siyasi proseslərdə heç bir rolu olmayan şəxslər müxalifətin tanınmış simalarına qarşı kobudluq edib, öz davranışları ilə Milli Şurada normal diskussiyaların aparılmasına imkan verməyiblər. A.Hacılı burada daşı Rüsrəm İbrahimbəyova, eləcə də Cəmil Həsənliyə atmış olub. Nəticədə A.Hacılı daha aşkar irad bildirərək, əslində, Milli Şurada təmsil olunan bir çoxlarını quruma yarasız olduqlarını iddia etmiş oldu. Belə ki, A.Hacılı bu tipli adamların və qurumların Mili Şuraya qəbulunun əvvələn əleyhinə olduqlarını söyləyib: "Təəssüf ki, Milli Şura yaranarkən də bizim bu yöndə fikirlərimizi nəzərə almadılar. İndi də Azərbaycanın real siyasi qüvvələrinin, siyasi əqidəsi yaxın olan, üst-üstə düşən, Azərbaycanın gələcəyinə baxışları eyni olan təşkilatların bir arada olması ilə bağlı təkliflərimiz qulaqardına vuruldu. Milli Şuranın indi düşdüyü böhran məhz bununla bağlıdır. Sessiyanın gedişində kobud müdaxilələr Milli Şuradakı bəzi adamların bir arada olmasının qeyri-mümkün olduğunu təsdiq edir... Milli Şuranın sessiyasındakı bugünkü gərginliklər daim yaranacaq. Müsavat Partiyası Milli Şurada fəaliyyəti ilə bağlı məsələni müzakirə edib, yekun qərar verəcək".

Qeyd etdiyimiz kimi, burada Müsavat başqanı İsa Qəmbərin də müəyyən davranışları nəzərdən yayınmayıb. Məsələn, Milli Şura "Azadlıq" qəzetinin üzləşdiyi problemlərlə bağlı bəyanat qəbul etsə də, səsvermədə İ.Qəmbər ümumiyyətlə, iştirak etmədi. Məhz bu faktor da göstərdi ki, ortada Müsavat-AXCP qarşıdurması mövcuddur və bu qarşıdurma pik həddinə qədər inkişaf edib.

İ.Qəmbər ənənəsinə sadiq qalaraq, Müsavatın fikirlərinin nəzərə alınmamasına görə araqarşıdırıcı nitq söyləyib ki, bu da sonda vəziyyətin kritik həddə çıxmasına şərait yaradıb. "Bəziləri burada Rüstəm İbrahimbəyovu dəstəkləyən çıxışlar edirlər" deyə bildirən başqan qeyd edib ki, belə olan halda Müsavat Partiyası müxalifət üçün heç nə etməyib:"Onların sözlərindən elə çıxır ki, guya digərləri Milli Şura üçün heç nə etməyiblər. Belə yanaşma düzgün deyil".

İsa Qəmbər daha sonra konkret tələbini qoyaraq deyib ki, Müsavat Partiyası başqa bir ölkənin vətəndaşı olan şəxsin Milli Şuranın "fəxri sədri" olmasını məqbul saymır: "Belə bir qərar qəbul ediləcəksə, Müsavat Partiyası bunu öz üzvləri arasında müzakirə edib müvafiq qərar verəcək"

Göründüyü kimi, gözlənilən an gəlib çatdı. Bu an isə Milli Şuranı elə bir anın içində də yerdən-yerə vurmuş oldu. Nəticəsi göz qabağındadır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə