Rəsmi İrəvanın son zamanlar çaşqınlıq içində olduğu hiss edilir. Böyük dövlətlərin Cənubi Qafqazla bağlı atdığı addımları onun düzgün qiymətləndirə bilmədiyi duyulur. Digər tərəfdən isə, geosiyasi reallıqlar Ermənistan rəhbərliyindən konkret qərarlar qəbul etməyi diktə edir. O cümlədən, Azərbaycanla aparılan danışıqlarda İrəvanın konstruktiv mövqe tutması günün tələbidir. Yaranmış vəziyyətə dərindən nəzər salanda, bütün bunların kökündə ermənilərin başlanğıcdan yanlış siyasi kurs götürmələrinin dayandığını görmək olar.
İki modeldən biri: seçim meyarı dəqiq deyil
Rəsmi İrəvanın Gömrük İttifaqına üzv olmaq barədə qəbul etdiyi qərardan sonra ölkənin geosiyasi kursunda daha da artan qeyr-müəyyənlik davam edir. Ölkənin siyasi elitası və analitik dairələri meydana çıxan müxtəlif xarakterli ziddiyyətləri aradan qaldırmağın yollarını axtarırlar. Ermənistan faktiki olaraq geosiyasətdə "inteqrasiya dilemması" deyilən vəziyyətə düşüb.
Bu, iki inteqrasiya variantından hər hansı birini seçmək çətinliyini ifadə edir. Onu xarakterizə edən əsas əlamət ölkənin hər iki inteqrasiya modelini qapalı hesab etməsidir. Belə təsəvvür istənilən seçim zamanı əks tərəfi düşmən qismində qəbul etməyi nəzərdə tutur. Dövlət zəif olanda və ya kənar diktə altında yaşayanda real surətdə seçim dilemması qarşısında qalır (bax: Михаил Троицкий, Самуэль Чарап. Дилемма интеграции на постсоветском пространстве / "Россия в глобальной политике", 7 noyabr 2013).
Son zamanlar Ermənistan rəsmi dairələri və siyasi təhlilində müşahidə edilən bir sıra əlamətlər ölkənin məhz bu vəziyyətə düşdüyünü təsdiq edir. İrəvan Gömrük İttifaqı ilə Avropa İttifaqına assosiativ üzvlük arasında sıxılır. Ekspertlər erməni diplomatiyasının tam iflasından danışırlar. Bu aspektdə V.Putinin ölkəyə gözlənilən səfərini də növbəti uğursuz gediş kimi qiymətləndirirlər (bax: Игорь Мурадян. Причины визита Путина в Ереван / "Lragir.am", 20 noyabr 2013).
Ermənilər Moskvanın Ankara ilə işbirliyinə getdiyindən şübhələnirlər. Onlar Azərbaycana işğal edilmiş ərazilərin bir hissəsinin qaytarılması tələbinin arxasında həm də Kremlin dayandığını iddia edirlər. Türkiyənin "Akşam" qəzetində həmin mövzuda dərc edilən bir informasiya Ermənistana qarşı təzyiq göstəricisi olaraq təqdim edilir (bax: Наира Айрумян. Москва "сняла" армянскую угрозу для Турции / "Lragir.am", 19 noyabr 2013).
Qəribədir ki, erməni siyasi analitikası reallığı yenə də obyektiv qiymətləndirmək istəmir. Çünki burada söhbət yalnız Ermənistanın havadarlarının yardımı ilə zəbt etdiyi ərazilərin bir qismindən çəkilməsindən gedir. Gec və ya tez onsuz da qəsbkarlar Azərbaycan torpaqlarından çıxarılacaqlar. Həmin səbəbdən bu prosesi hansısa böyük dövlətin günahı kimi qiymətləndirmək qərəzli mövqe tutmaq deməkdir.
Rusiya prezidenti V.Putinin İrəvana səfəri isə daha çox iki ölkə arasındakı münasibətlərin taleyi və Kremlin regiondakı geosiyasi maraqları ilə əlaqəlidir. Məsələ ondan ibarətdir ki, son vaxtlar Cənubi Qafqaz məsələsi daha da aktuallaşıb. Burada diplomatik fəallıq yüksəlib.
O cümlədən, ikiillik fasilədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutub. Bu hadisə ilə əlaqədar erməni ekspertlərin təhlilləri onların narahatlıqlarını açıq ifadə edir (bax: Акоп Бадалян. Какую сенсацию готовят Лавров и Давутоглу в Ереване / "Lragir.am", 20 noyabr 2013).
Məsələ belədir ki, Azərbaycanın dövlət başçısı ilə S.Sarkisyan Vyanada danışıqlar aparıblar. ABŞ-ın dövlət katibi C.Kerri prezidentlərlə telefon əlaqəsi saxlayıb. Həmin görüşün nəticəsi olaraq danışıqları davam etdirmək və yenidən bir araya gəlmək haqqında qərar qəbul edilib.
Siyasi dialoqa hazırlıq: İrəvanın zəif yeri
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli müstəvisində bütün bunlar normal görünür. Lakin erməni siyasi analitikasına görə, problemin həllində Rusiya geri çəkilir, Qərb isə daha da fəallaşır. Məsələyə Ermənistanın Avrasiya inteqrasiya modelini seçməsi prizmasından baxan erməni ekspertlər bütün bunları İrəvanın diplomatik məğlubiyyəti kimi dəyərləndirirlər.
Belə ki, təşəbbüsün Azərbaycan və Türkiyə tərəfinə keçdiyi fikrini ifadə edirlər. Xarici işlər naziri Ə.Davudoğlunun bu istiqamətdə İsveçrədə apardığı danışıqları, Azərbaycan prezidenti İ.Əliyevin Ankaraya səfəri zamanı ifadə edilən fikirləri, R.T.Ərdoğanın Sankt-Peterburqda Rusiya prezidenti ilə görüşünü və nəhayət, yenə də Ə.Davudoğlunun Vaşinqtonda C.Kerri ilə apardığı müzakirələri arqument olaraq göstərirlər.
Bu gedişatı analitik İ.Muradyan hətta Ermənistanın "forpost ölkə", "başqası üçün asan yem" olmasının təsdiqi kimi qiymətləndirir (bax: Игорь Мурадян. Армения как бутафория / "Lragir.am", 19 noyabr 2013). Maraqlı və düşündürücüdür ki, bütün bunlarda Kremlin əli olduğu tezisini daha çox qabardırlar.
Şübhəsiz ki, Azərbaycan diplomatiyası son 10 ildə daha çox fəallıq göstərib. Ölkənin iqtisadi qüdrəti artdıqca və beynəlxalq aləmdə nüfuzu yüksəldikcə, Bakının haqq səsinə qulaq asanların sayı da artır. Türkiyənin daim Azərbaycanın yanında olduğuna da şübhə yoxdur. Ancaq bunlarla yanaşı, obyektiv gerçəklik və məntiqi sonluq deyilən bir həqiqət də mövcuddur. Bizcə, Ermənistanın siyasi dairələri, ekspertləri və siyasi analitikasının ən böyük səhvi məhz bu gerçəklikləri dərk edə bilməməsindədir.
Konkret olaraq, Ermənistan dövləti və cəmiyyəti anlamalıdır ki, başqa ölkənin ərazisini işğal etməyin sonu yoxdur. Gec və ya tez həmin ərazilərdən çəkilməlidir. Burada Kremli və ya Ağ Evi günahlandırmaq, yaxud Ankaranın düşmən obrazını yaratmaq əsassızdır.
Digər tərəfdən, neçə illərdir ki, bəzi dairələr rəsmi İrəvanın işğalçı siyasətinə haqq qazandırmağa çalışırdılar. İndi məlum olur ki, bütün bunlar ədalətsizlik imiş və Ermənistan faktiki olaraq geosiyasi uğursuzluğa düçar olub. Həmin səbəbdən siyasi-diplomatik təşəbbüsün Bakı və Ankaranın əlinə keçməsi tamamilə təbii, obyektiv prosesdir.
Əslində, burada Ermənistan üçün ciddi problem reallıqları qəbul etmək istəməməsidir. O cümlədən, Rusiya ordusunun Gümrüdəki hərbi hissəsinin komandanının Dağlıq Qarabağla bağlı söylədiyi son fikirləri erməni psixologiyası obyektiv dəyərləndirə bilmir. General rus əsgərlərinin Ermənistan ərazisindən kənarda heç bir hərbi əməliyyatda iştirak etməyəcəyini deyib.
Bunu isə ermənilər faciə kimi qələmə veriblər. Belə çıxır ki, onlar hələ də Türkiyə və Azərbaycanı düşmən olaraq qəbul edirlər. Bu ölkələrə qarşı Rusiyanın hərbi güc tətbiq etməsini arzulayırlar (bax: Акоп Бадалян. Россия толкает Армению на рубеж холодной войны / "Lragir.am", 19 noyabr 2013). Həmin kontekstdə Moskvadan Dağlıq Qarabağ məsələsini həll etməyi tələb edirlər.
Ermənilərin "münaqişəni həll etməli" fikri hər şeydən əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistana birləşdirilməsini, "DQR"-in isə müstəqil dövlət kimi tanınmasını ifadə edir. Bu aspektdə rəsmi İrəvan Rusiyanın hər an Azərbaycanla müharibəyə hazır olmasını arzu edir. Bakı ilə silah satışı məsələsində Moskvanın istənilən addımı ermənilərdə etiraz yaradır. Onlar hesab edirlər ki, özləri silahlana bilərlər, ancaq Azərbaycan ordusu güclənməməlidir. Təsadüfi deyildir ki, erməni ekspertlər "Qarabağ yoxdursa, Gömrük İttifaqına üzvlük də yoxdur" məntiqi ilə danışırlar (bax: Наира Айрумян. Нет гарантий по Карабаху, нет Таможенного союза / "Lragir.am", 20 noyabr 2013).
Görünür, Ermənistanın siyasi dairələrində ümumiyyətlə, geosiyasi inteqrasiyanın qanunauyğunluqları haqqında yanlış təsəvvürlər mövcuddur. İnteqrasiya hansısa dövlətin maraqlarının başqalarının zərəri hesabına ödənilməsini nəzərdə tutmur. Bu səbəbdən, "Qarabağı alıb mənə ver, əks halda, Gömrük İttifaqına üzv olmuram" şərti uşaq şıltaqlığına bənzəyir. Eyni zamanda, digər inteqrasiya modeli üçün qapıları tam bağlamaq anlamını verir. Çünki bu halda belə çıxır ki, Ermənistan Avropa qarşısında da həmin şərti qoya bilər.
Bütün bunlar İrəvanın özü üçün inteqrasiya dilemması yaratdığını göstərir. Belə bir yanaşma ilə heç bir geosiyasi məkana real surətdə inteqrasiya olunmaq mümkün deyildir. Burada söhbət yalnız imitasiyalardan gedə bilər. Bu yolun isə müasir tarixi şəraitdə dövlətçiliyi inkişaf etdirdiyinə dair böyük şübhələr var.
Newtimes.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB