Prezident jurnalistlərin dostudur, yaxud, reallığı həzm edə bilməyənlərə… TƏHLİL

Ölkə başçısının "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi, Onun bu nominasiyaya ikinci dəfə sahib olması söz yox ki, bir əhəmiyyətli məqamı ehtiva etdi – bu, ölkə jurnalistlərinin Prezident İlham Əliyevə göstərdikləri etimadın, inamın və verdiyi ali dəyərin təcəssümüdür. Məhz ölkə jurnalistlərinin! Əlbəttə ki, ölkə jurnalisti dediyimiz zaman, burada dövlətçilik faktoruna, milli maraqlara, mənəviyyata, əxlaqa ziyan vurmayan ziyalı təbəqə nəzərdə tutulur. Çünki, jurnalist dolğun informator, ictimaiyyətçi olmağı ilə yanaşı, həm də bir ziyalıdır. Jurnalist öz qələminə, oxucu kütləsinə, ümumiyyətlə, ətraf mühitə nə qədər hörmətlə yanaşarsa, onun ziyalılığı da bir o qədər nəzərə çarpmış olar. Bəli, məhz ölkə jurnalistləri Azərbaycan Prezidentini özlərinə dost bilərək, Onun sədaqətini xidmətləri ilə qiymətləndirdilər.

Fəqət, təəssüf, hətta, hiddətləndirici haldır ki, bu boyda nəhəng jurnalistlər ordusunun rəyi qarşısına çıxan və cəmiyyətin onlar haqda düşündüyü mənfi rəyi hesaba almayaraq, özlərini "jurnalist" adlandıran ünsürlər hələ də ucuz populizmin "peşinə" düşərək nəyi isə "sübut" etməyə cəhd göstərirlər. Düzdür, belələrinin cəhdləri onsuz da uğursuz nəticə ilə başa çatır və belə "jurnalistlər" sonda susaraq kənara çəkilməyə məcbur qalırlar. Ancaq məsələ ondadır ki, belələrinin cavabını zamanında verməsən, onlar daha da quduzlaşaraq cəmiyyətə yoluxucu xəstəliklərini bulaşdırmağa davam edərlər.

Gərək belələri Azər Əhmədov kimi "hərəkət edələr"

Məsələn, götürək "Azadlıq" radiosunun müxtəlif istiqamətlər üzrə məşhurlaşmış "parlayan ulduzu" Xədicə İsmayılovanı, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidi, onun müavini Rahim Hacıyevi və qəzetin heç vaxt fikir çatdıra bilməyən "köşə yazarlarını", eləcə də digər bu kimilərini. Söz yox ki, bir də AXCP sədri Əli Kərimlini! Onların hər birinin keçmişində elə bir ləkələr, elə bir mənəviyyatsızlıq amilləri və elə bir əxlaqsızlıq faktları mövcuddur ki, onları saymaqla qurtarmaz. Bunu təkcə biz deyil, uzun illər siyasi hadisələrlə maraqlanan, mətbuatı izləyən sadə vətəndaşlar da yaxşı bilirlər. Düzdür, elə hallar da var ki, onları açıb-ağartmağın yeri yoxdur. Çünki, həmin məsələlər də üzə çıxsa, onda gərək belələri Azər Əhmədov kimi tüpürələr dabanlarına və ölkəni birdəfəlik tərk edələr.

Yaxşı, belə olan halda ölkə jurnalistlərinin Prezident ilə bağlı gəldikləri yekdil rəy nəyə görə bunları belə qıcıqlandırdı? Məsələ bəllidir. "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev məlum görüşə dəvət aldılar. Onlarla yanaşı, digər müxalifyönlü fikirlərlə cəmiyyətdə tanınan media təmsilçiləri də sözügedən görüşdə idilər. Onlar iqtidarın media rəhbərləri ilə birgə bu əhəmiyyətli gündə təəssüratlarını bölüşdülər. Prezidentin mətbuata göstərdiyi SƏDAQƏTLİ DOST münasibətini yüksək dəyərləndirdilər. Məhz, bu olay nədənsə bəzilərinin həzmi-rabeələrindən keçmədi. Keçməməklə yanaşı, onlar sözügedən anti-milli xislətlərindən irəli gələrək, cəmiyyətdə baş verən proseslərə obyektiv qiymət verməyi bacaran, bu gücü özlərində hiss edən həmkarlarını baltalamağa. Bu gün Xədicə İsmayılova, Qənimət Zahid, Rahim Hacıyev, özünü "ağıllı" hesab edən Natiq Güləhmədoğlu (Ədilov) eləcə də, onlara gündə müxtəlif cür "fitillər qoyan" AXCP sədri Əli Kərimli Rauf Arifoğlunu az qala Vətən xaini adlandırır, onu hakimiyyətə işləməkdə süçlayır, ikiüzlülükdə günahlandırır, hətta, bir az da o tərəfə keçib təhqir edirlər.

Obyektiv dəyər və vətəndaşlıq borcu

Əslində, burada nə Rauf Arifoğlunun, nə Bahəddin Həziyevin, nə də proseslərə normal, heç bir cəfəng fikirlər qatmayan müxalifyönlü media nümayəndələrinin müdafiəsinə qalxmamışıq. Sadəcə, onların sözügedən hadisəyə verdikləri OBYEKTİV DƏYƏRİ jurnalit mövqeyindən çxış edib, qiymətləndirərək, fikrimizdə formalaşan sivil düşüncələrimizi ictimai rəylə paylaşırıq. Fikirlərimizi paylaşmaqda isə məqsədimiz budur ki, özünü doğru-dürüst jurnalist hesab edən kəs düzü-düz, əyrini də əyri yazmalıdır! Bu onun həm vətəndaşlıq, həm də vəzifə borcudur!

Ölkə jurnalistlərindən fərqli olaraq bir gün Şimala, bir gün Cənuba, bir gün də Qərbə işləyən "Azadlıq" "jurnalistləri" və onlara züy tutanlar qanmağa, dərk etməyə məhkumdurlar ki, belələri bu kimi tərzləri ilə ölkə jurnalisti adından çox-çox uzaq görünürlər. Ona görə də, onların istənilən məsələdə ortaya qoyduqları fikirləri ölkə ictimaiyyətində heç bir önəmli rol oynamır. Yəni, "Azadlıq" qəzeti, eləcə də, bu qəzetə züy tutan Xədicə İsmayılova, Əli Kərimli, Qənimət Zahid, Rahim Hacıyev və başqaları ölkə jurnalistləri deyillər. Onlar sərf edəndə Şimalın, Şimal sərf etməyəndə Qərbin, Qərb də sərf etməyəndə Cənubun "jurnalistləridirlər". Bir sözlə, qütblərə bölünmüş laməkan "jurnalistlərdir"...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə