Heydər Əliyev: "Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycan dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir"
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatı ilə yanaşı, beynəlxalq əlaqələrində də dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb.
Dünya miqyasında ağıllı, xarici siyasət
Dahi öndərin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilib.
Heydər Əliyev 1993-cü il oktyabr ayının 10-da Prezident seçilməsi ilə bağlı keçirilən rəsmi andiçmə mərasimindəki çıxışında deyib: "Respublika qarşısında duran əsas vəzifələrdən biri Azərbaycan mənafeyinin dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycan dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikası beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də Respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir."
Azərbaycan müstəqillik illərində bir çox beynəlxalq səviyyəli sənədə imza atmış, özünün hüquqi fəaliyyət və öhdəlik dairəsini genişləndirib.
Qonşuluq münasibətlərində yeni mərhələ
Hər bir ölkənin xarici siyasətində sərhəd qonşuları ilə qarşılıqlı münasibətlər xüsusi yer tutur. Əvvəlki iqtidarın bu sahədə yol verdiyi nöqsanlar regionda Azərbaycanın təklənməsinə doğru aparırdı. Yaxın qonşularımızdan Ermənistanla müharibə getdiyi bir şəraitdə, Rusiya və İranla münasibətlər keçmiş iqtidarın məsuliyyətsiz bəyanatları üzündən gərginləşmişdi. Bu mənada Heydər Əliyev Azərbaycanın MDB-yə daxil olmasına böyük əhəmiyyət verirdi. Lakin MDB-yə daxil olmaqla kifayətlənmək olmazdı və ümummilli lider Heydər Əliyev özünün xarici siyasət kursunda bu quruma daxil olan keçmiş sovet respublikaları ilə birbaşa ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə mühüm yer ayırırdı.
Prezidentliyi dövründə həmin ölkələrin dövlət başçıları ilə dəfələrlə görüşən Azərbaycan lideri iqtisadi əməkdaşlıq məsələlərinə böyük önəm verib. Rusiya ilə Azərbaycan arasında bu illərdə imzalanan sənədlərin ümumi sayı 60-a, Ukrayna ilə 15-ə, qonşu Gürcüstanla 69-a, Orta Asiya və Türkmənistanla üst-üstə 79-a çatıb.
Qısa müddət ərzində Heydər Əliyev əvvəlki iqtidarın səriştəsizliyi ucbatından Rusiya ilə Azərbaycan arasında yaranan gərginliyi aradan qaldırmağa nail olub. Türkiyə ilə münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsi də Heydər Əliyevin xarici siyasətinin uğurlarındandır. Bu siyasətin mahiyyəti onun dillər əzbərinə çevrilmiş \"iki dövlət, bir millət\" formulunda öz əksini tapıb. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəf müqabilidir.
Azərbaycan qonşu İran dövləti ilə xalqlarımızın mənafeyinə cavab verən qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsipləri əsasında normal, ikitərəfli siyasi, iqtisadi, mədəni münasibətlər yaratmağa müvəffəq olub. Qərb dövlətlərinin də iştirak etdiyi ikinci neft konsorsiumunda İrana yer ayrılmış, \"Şahdəniz\" yatağının işlənməsi üzrə müqavilədə bu ölkəyə pay verilib. Ümumiyyətlə, İranın eks-prezidenti Haşimi Rəfsəncaninin 1993-cü ilin oktyabrında Bakıya, Heydər Əliyevin 1994-cü ilin iyun-iyul aylarında İrana rəsmi səfəri zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edən 64 mühüm sənəd imzalanıb.
Azərbaycan diplomatiyasının Qərb istiqaməti
Amerika, İngiltərə, Çin, Yaponiya, Fransa kimi iri dövlətlərlə münasibətlər Azərbaycanın xarici siyasətinin məhək daşını təşkil edir. Bu illər ərzində Azərbaycan Prezidenti həmin ölkələrdə rəsmi səfərlərdə olmuş, çox yüksək səviyyədə qarşılanmış, taleyüklü danışıqlar aparmış, mühüm müqavilələr, sazişlər imzalayıb.
Xəzər dənizinin enerji ehtiyatlarının emalı və nəqlində Amerika şirkətlərinin beynəlxalq neft konsorsiumlarında geniş iştirakı Azərbaycan - ABŞ əlaqələrinin inkişaf etməsinə təkan verib. İki ölkə prezidentləri tərəfindən imzalanmış Amerika-Azərbaycan münasibətləri haqqında Birgə Bəyanat, müdafiə nazirlikləri arasında müdafiə və hərbi əlaqələr üzrə əməkdaşlıq, investisiyaların təşviqi və qorunması, ticarət və kapital qoyuluşu, banklararası və digər sahələrdə əməkdaşlığını nəzərdə tutan hökumətlərarası 4 sənəd Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, milli təhlükəsizliyin təmin olunmasına və iqtisadi-sosial tərəqqisinə xidmət edir.
Azərbaycan diplomatiyasında Avropa istiqaməti vacib yerlərdən birini tutur. Böyük Britaniya Birləşmiş Krallığı ilə ölkəmizin münasibətləri dinamik şəkildə inkişaf edib. Bu gün Böyük Britaniya beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdaşı kimi çıxış edir. Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi səyləri dəstəkləyir. Heydər Əliyevin Londona iki dəfə 1994 və 1998-ci illərdə rəsmi səfərdə olması bu dövlətlə əməkdaşlığın gələcəkdə inkişafı üçün yeni perspektivlər açıb. Avropanın nüfuzlu ölkələri - Almaniya, Fransa, İtaliya, Belçika, Niderland, Lüksemburq, Yunanıstan, Polşa, Rumıniya, Bolqarıstan və Skandinaviya ölkələri ilə də respublikamız arasında tam stabil və bərabərhüquqlu əməkdaşlıq münasibətləri yaranıb. Bu ölkələrlə imzalanmış 90-dan artıq mühüm sənəd həmin münasibətlərin həqiqi əsasını təşkil edir. Yaxın Şərq və xüsusilə ərəb ölkələri ilə əlaqələrimiz də bu illərdə möhkəmlənmiş və yeni mərhələyə qədəm qoyub. Azərbaycanın Misir, Səudiyyə Ərəbistanı və başqa ərəb dövlətləri ilə əlaqələrinin genişlənməsi islam ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə böyük təsir göstərib. Azərbaycanla İsrail dövləti arasında da siyasi, iqtisadi əlaqələr genişlənib.
Beynəlxalq təşkilatlarla əlaqələr
Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri də ötən dövrdə genişlənmiş və möhkəmlənib. BMT, ATƏT, NATO, 55 müsəlman dövlətini öz sırasına birləşdirən İslam Konfransı Təşkilatı kimi qurumlarla əməkdaşlıq keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub.
1996-cı ildə ATƏT-in Lissabon zirvə toplantısında Prezident Heydər Əliyevin qətiyyəti və iradəsi nəticəsində ermənilərin Avropada azərbaycanlılara qarşı apardıqları siyasət darmadağın edilib. Avropanın 52 dövlətinin, ABŞ və Kanada, habelə 10 Asiya və Afrika dövlət başçılarının iştirakı ilə keçirilən Lissabon sammitində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqların gələcək müqəddəratını müəyyən edən vacib sənəd qəbul edilib.
2001-ci il yanvarın 26-da Azərbaycan Respublikası Avropanın və bütövlükdə dünyanın ən mötəbər təşkilatlarından biri olan Avropa Şurasına üzv qəbul edilib.
Adı çəkilən təşkilatlardan başqa Azərbaycan həmçinin Qərbi Avropa İttifaqı, Şimali Atlantika Assambleyası və başqa təşkilatlarla da əməkdaşlıq edir. Hazırda Azərbaycan 150-dən artıq ölkə ilə diplomatik əlaqə qurub. Bir sözlə 1993-2003-cü illərdə ulu öndərin Heydər Əliyevin yeritdiyi xarici siyasət son dərəcədə uğurlu və məhsuldar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB