Sosialist-intellektuallardan fərqli olaraq uzunboğaz çəkmələr və dəri gödəkçələr geyinmiş bolşevizm tərəfdarları özlərinin xatirələrində canlandırdıqları kişilik və qətiyyətlilik mühitinin məhsulları idilər və hərəktlərini də həmin mühitin tələblərinə uyğun qurmağı bacarırdılar. Tarix göstərdi ki, onlar o dövr üçün əldə etdiklərinə görə məhz sadaladıqlarımız keyfiyyətlərinə borcludurlar. Amma əslində o adamların başqa çıxış yolları da yox idi. Böyük hesabla onlar etdiklərinin gələcək perspektivlərini də düşünmürdülər. Ağıllarından keçirdikləri mübarizədən qalib ayrılmaq idi. İstəklərinə yetdilər.
Koba ləqəbli məşhur sovet diktatoru Stalin və ətrafı da məhz belələrindən idi. Təbii ki, o fərqlənirdilər. Bu fərqlilik proletar dairələrindən çıxma şəxslərin kişiyanalıq keyfiyyətlərinin şüurlu istismarına imkan verirdi və həmin istismar nəticəsində minlərin və milyonların qətli, sürgünləri yaşandı. Bütün bunları təhlil edən Qərb tarixşünaslığı mübahisəli olsa da, belə rəyə gəlir ki, diktator, yəni Stalin SSRİ-nin terror sistemini qəddarlığa və qətllərə sevgisindən yaratmışdı.
Marksizmin görkəmli nəzəriyəçisi, kommunizm rejiminin ideoloqlarından olan Lev Davidoviç Trotski (ilk adı Leyba Davidoviç Bronşteyn - 1879-1940) 1923-cü ildə yazırdı ki, bolşevik inqilabının başa çatmasından sonra müasirlərindən həm ağlı, həm də fəaliyyət strategiyası ilə parlaq şəkildə fərqlənəcək "yeni insan" meydana çıxacaq. O, daha iri bədən cüssəsinə malik, hərəkətli və musiqili səs tembrli olacaq.
Trotskinin təsvir etdikləri şübhəsiz, bir adam - Stalin üzərində cəmləşmişdi. Amma bu fikirlər heç də diktatora rəğbətdən irəli gəlməmişdi. Sadəcə sovet ideoloqu gələcəyi görə bilirdi. Həm də ona görə ki, Stalinə bələd idi və 1923-cü ildə dedikləri özünü doğrultdu. Oktyabr inqilabında sonra 1917-1918-ci illərdə sovet dövlətinin xarici məsələlərinə, 1918-1925-ci illərdə isə hərbi məsələlərinə başçılıq etmiş, "Qızıl Ordu"nun yaradıcılarından olan Trotskinin koba ilə hakimiyyət uğrunda mübarizəsi 1924-cü ildə ikincinin məğlubiyyəti ilə yekunlaşdı. O, 1927-ci ildə partiyadan çıxarılaraq Alma-atıya göndərildi. 1929-cu ildə isə SSRİ-dən xaric edildi və vətəndaşlığı əlindən alındı.
Trotskinin timsalında intellektualların bolşeviklər üçün proqnozlaşdırdıqları sonradan mövcud istiqamətdəki müasir Amerika tədqiqatının tezisinə çevrildi. Bu tezis amerikalıların obrazlı desək, Stalini yer üzündə mühəndisliyin selektiv genlərinin köməyi ilə öz təkamülünü idarə etməyi bacaran yeganə canlı kimi təsəvvürə gətirirdi. Trotski isə yazırdı: "Biz ömrünü başa vurmuş homo sapiensi (qədimdə ağıllı insan tipi) radikal şəkildə öz əllərimizlə qururuq". Görünür, məhz bu fikirlərini tirajladığına görə idi ki, Stalin onun aradan götürülməsi əmrini vermişdi. Bu əmr 20 avqust 1940-cı ildə ispan mənşəli NKVD agenti Ramon Merkader tərəfindən Meksikada buz baltası ilə icra olunmuşdu.
Trotski insanlığın tarixini heyvani instinktlərin tədricən sıradan çıxacağı proses kimi başa düşürdü. Nə vaxtsa sadə insanın Aristotel, Höte və Marks səviyyəsinə çatacağına inanırdı. Onun üçün permanent inqilab nəzəriyyəsi dünyanın qlobal görünüşü idi. Lakin həm Trotski, həm də Lenin Qırmızı ordunu yaradıb qan tökməklə əslində həqiqi inqilabı ölkəyə buraxmadılar. Stalin isə kütləvi qətllər ideyasının dəqiq icraçısı idi. Bu mənada dənizçilərin 1921-ci ilin martında Kronştaddakı qiyamının yatırılmasını göstərmək mümkündür. Bolşeviklərin diktaturasını tənqid edən üsyançılar şəffaf seçkilər, söz azadlığı kimi demokratik prinsiplərin bərqərar olmasını istədikləri halda Lenin və Trotski onları kiçik burjua əksinqilabçıları kimi güllələmək barədə əmr vermişdilər. Bolşevizmin görkəmli ideoloqlarından olan Georgi Vasilyeviç Zinovev isə Petroqradda təslim olan iki min matrosun məhkəməsiz güllələnməsi barədə qərar çıxarmışdı.
Amma Kronştad bəzi solçu tarixçilərin iddia etdikləri kimi, heç də Stalinizmin başlanğıcının əlaməti deyildi. Əslində bu üsyan bütün inqilabların onsuz qalib gələ bilməyəcəyi qanlı terrorun apogeyidir. Şərqi Avropa tarixi üzrə mütəxəssis Yorq Baberovski hesab edir ki, belə vətəndaş müharibəsində qalib gələn şəxs təkcə qarşı duran tərəfləri bir-birinə vurmağı deyil, eyni zamanda onları aradan götürməyi də bacarmalı idi. Onun fikrincə, bolşevizmin zəfəri heç də proqramlarının cəlbediciliyi ilə deyil, özlərinin zorakılığa meyllilii ilə bağlıdır. Tarixçi mövcud məqama diqqət yetirərək Leninin özünün "qəddar kabinet cinayətkarı"na çevrildiyini yazır. O, inqilabın, xaosun və anarxiyanın belə demək mümkünsə, atalarının törətdikləri terrorlara yanaşarkən belə hallara dəlilik, zorakılıq və instinktivlik əlamətləri kimi diqqət yetirir.
Bütün mümkün vasitələrlə permanent vətəndaş müharibəsi. Bu mənada Stalinin despotizmi haradasa mədəni müharibə olaraq da dəyərləndirilə bilər. Səbəb sadədir - yaşamaq uğrunda mübarizə. Əslində Ukraynada iki milyon insanın həyatına son qoyan Qolodomor kimi hadisələrin yaşanması Sovet İttifaqının qurulması və hökm sürməsi baxımından vacib idi.
Söhbətimizin əvvəlindəki məqama qayıdaraq Qərb tarixşünaslığında Klaus Tevelyatın Stalinizmlə bağlı fikirlərini vurğulamaq istərdik. O, da Baberovski kimi uzunboğaz çəkmələrdə və dəri gödəkçələrdə olan şəxslərin yaratdıqları kişilik və qətiyyətlilik aurası üzərində dayanır. Bu adamların ideoloji kələklərdən uzaq olduqlarını, sadə, amma sərt dildə danışdıqlarını, sözlərini əməlləri ilə isbatladıqlarını vurğulayır. Mövcud xüsusiyyəti Stalinlə əlaqələndirən tarixçi onun mənsub olduğu Gürcüstandakı həyata diqqət yetirir. Bölgə insanlarının Rusiyanın mərkəzi hissələrindən fərqli olaraq sözlərinin bütövlülüyünə nəzər salır. Stalin üçün idealın quldur dəstələrinin rəhbərləri olduqlarını deyir. Burada isə əsas cəhət sözsüz tabelilik idi və satqınlıq yalnız qanla yuyulurdu.
Baberovskinin versiyasına görə isə, Stalinin düşüncəsindəki dövlət təxminən mafiya qruplaşmalarındakı kodeksə bənzər qanunlarla idarə olunurdu. Mövcud idarəçilikdə özündən asılılar irəli çəkilirdi. Qromıko, Xruşşov, Brejnyev, Orcanakidze, Molotov, Mikoyan kimilər məhz belələrindəndir. İstənilən halda onların hərəkətlərindəki zorakılıq siyasi manevrin həmişəlik resursuna çevrilir. Bu mənada Stalinin davranışlarına nəzər salan Baberovski onu tipik psixopat olaraq dəyərləndirir. Hər hansı emosiyanın yoxluğu, ətrafdakılara münasibətdə manipulyativ davranış, başqalarını heç cür anlamamaq, bunlar müəllifin belə adamlar üçün müəyyənləşdirdiyi başlıca keyfiyyətlərdir. O da yazır ki, Stalini uzunboğaz çəkməsiz və hərbi papaqsız görməyib.
Sovet diktatorunun hətta iqtisadi müstəvidə gerçəkləşdirdiklərinə də tiranlıq meyllərinin hakim kəsildiyini vurğulayan Baberovski Sankt-Peterburqla Barens dənizini birləşdirən Belomor kanalının tikintisinin də on minlərlə məhbusun həyatı bahasına başa gəldiyini önə çəkir. Həmin kanalın inşasında o dövr üçün məlum olan heç bir texnikadan istifadə edilməmiş, hər bir şey insan əli ilə baş tutmuşdu.
Əlbəttə, Baberovski kimi müəlliflərin iddia etdikləri istər Sovet İttifaqının tarixi, istərsə də stalinizmin mahiyyəti baxımından dəyərləndirilə bilməz. Bunlar birbaşa olaraq diktatorun zülmlərinin göstərilməsinə, aşkara çıxarılmasına yönələn düşüncələrdir. Belə düşüncələr tarixin qanlı dövrünü, xüsusən də sovet terror sisteminin ötən əsrin 30-40-cı illərindəki strukturunun təsviri nöqteyi-nəzərdən əhəmiyyətlidir. Alimin Çində Mao Tsedun, Kampuçiyada Pol Pot rejiminin mahiyyəti barədə təhlilləri də mövcud mənada dəyərli məxəzlər sayıla bilər.
Qeyd etmək lazımdır ki, Baberovskinin özü də Stalinin qədarlıqlarını və zorakılıqlarını heç də tarixi kontekstdə dəyərləndirmir. Təsadüfi deyil ki, o, dəfələrlə Ziqmund Freydə müraciət edərək deyir ki, bəzən insanlığın tarixində törədilmiş vəhşiliklər barədə eşidəndə ideya motivlərinin dağıdıcılıq sevgisində yalnız pərdələyici xassəyə malikliyi təəssüratı yaranır.
Onu da deyək ki, Baberovskinin əməyi məşhur Leypsiq kitab yarmarkası tərəfindən məhsullarının elmi-kütləviliyi və yüksək esseçiliyi baxımından qiymətləndirilib. Təbii ki, tədqiqatın spesifikliyi var. Amma bu, Qərbin SSRİ-yə qarşı indi Rusiyaya münasibətdə də özünü göstərən ənənəvi məfkurə savaşındakı elementlər toplusu kimi daha diqqətəlayiqdir. Onun məsələyə məhz bu cür baxmasına əsas verən proseslərin yaşanması isə tarixi faktdır. Stalinin 1936-cı ildə Zinovyevlə birgə güllələtdiyi silahdaşı Kamenyevə söylədikləri də həmçinin. Koba deyirdi: "Ən böyük zövq düşməni ayırd etmək, hazırlıq üçün bütün işləri görmək və gedib yatmaqdır". Baberovski isə diktatorun tiranlığının mahiyyətini anladarkən bildirir: "Biz Stalini öz qurbanlarının ürək sarsıntıları keçirmələrinə sevinən xöşbəxt insan kimi təsəvvür etməliyik"./168.az/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB