Əcnəbi Azərbaycana gəlsin, gəlməsin?-TƏHLİL

Bu gün Azərbaycan bölgənin lider dövlətinə və iqtisadi cəhətdən inkişaf etmiş ölkəsinə çevrilib. Sürətli inkişaf, müasir sənaye müəssisələrinin yaradılması, yeni iş yerlərinin açılması ölkəmizə gələn immiqrantların sayının artmasına səbəb olub. Ölkə prezidenti İlham Əliyevin dediyi sözlər öz təsdiqini tapıb: "Azərbaycan inkişaf etdikcə buraya gəlmək istəyən əcnəbilərin sayı artacaqdır. Bu dövlətimiz üçün müsbət amil sayıla bilər. Lakin biz istənilən halda öz xalqımızın, öz vətəndaşlarımızın, öz dövlətimizin mənafeyini üstün tutmalıyıq və həyata keçirilən miqrasiya siyasətinin prioritet istiqaməti də bu olmalıdır".

Ölkələrindəki işsizlikdən bezib böyük ümidlə iş dalınca Azərbaycana üz tutanlar arasında nəinki qonşu ölkə vətəndaşları, MDB dövlətlərindən, hətta Çin, Pakistan kimi ölkələrdən insanlar da var. Hazırda ölkəmizdə 90 ölkədən 460 minə qədər miqrant yaşayır. Onların 75 faizinə qədəri kişi, qalanları isə qadın və uşaqlar təşkil edir. Bu miqrantların böyük əksəriyyəti Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan insanlardır. Onlardan əməkçi miqrant statusu ilə işləyənlərin sayı isə 10 minə yaxındır.

Miqrant adı ilə gələnlərin çoxu rəsmi qeydiyyata düşmür

Rəsmi statistikaya görə, ötən il immiqrantların 77,1 faizi Rusiyadan, 8,1 faizi Qazaxıstandan, 4,3 faizi Ukraynadan gələnlər olub. Gürcüstandan və İrandan gələn əcnəbilərin sayı da çoxluq təşkil edir. Daha çox bu iki ölkədən olan şəxslər qeydiyyatsız fəaliyyət göstərirlər. Ümumiyyətlə, əməkçi miqrant adı ilə Azərbaycana gələn əcnəbilərin bir çoxu rəsmi qeydiyyata düşmür, əksəriyyəti qeyri-qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olurlar.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti isə qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında intensiv tədbirlər görür. Təkcə ötən həftə ərzində xidmət əməkdaşları tərəfindən respublikanın Mingəçevir, Hacıqabul, Sabirabad, həmçinin Quba, Qusar rayonlarında müvafiq yoxlamalar aparılıb. Nəticədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində qanunsuz yaşayan, qeyri-qanuni küçə ticarəti ilə məşğul olan, müvafiq fərdi icazə alınmadan tikinti sahəsində çalışan 167 əcnəbi vətəndaş saxlanılıb.

İşləmək üçün gələn əcnəbi aidiyyəti qurumlara müraciət etməlidir

Təkcə bu ilin aprel ayı ərzində 1.140 əcnəbi və vətəndaşlığı olmayan şəxs inzibati qanunvericiliyin tələblərinin pozduğu üçün onlardan 310 nəfərinə cərimə tətbiq edilməklə, ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 734 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 96 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, Azərbaycana işləmək üçün gələn əcnəbi aidiyyəti qurumlardan xüsusi viza və icazə almalıdır. Viza əsasında ölkəmizə gələn əcnəbinin Azərbaycanda müvəqqəti olma müddəti ona verilmiş vizada göstərilən ölkədə qalma müddəti ilə müəyyən edilir. Yəni viza bir il müddətinə verilibdirsə, lakin vizada əcnəbinin ölkədə olma müddəti 30 gün göstərilibsə və müddəti uzadılmayıbsa, onda o, həmin müddət keçdikdən sonra ölkəni tərk etməlidir. Əcnəbinin ölkədə olma müddəti Dövlət Miqrasiya Xidməti tərəfindən uzadıldığı halda Xarici İşlər Nazirliyi onun vizasının müddətini uzadır.

Azərbaycan miqrantların ən çox gəldiyi ölkələrdəndir

Araşdırmalar göstərir ki, artıq Azərbaycan MDB-də miqrantların ən çox gəldiyi ölkələrdəndir. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəsi Serhan Aktorpak bildirib ki, əgər bir vaxtlar Azərbaycandan insanlar xaricə daha çox axın edirdisə, hazırda proses tam fərqlidir: "Azərbaycan hər kəsin gözünün qarşısında sosial inkişafla bağlı nailiyyətlər əldə edir. Azərbaycan miqrantların çıxdığı ölkədən, miqrantların gəldiyi ölkəyə çevrilib. Azərbaycan Rusiya və Qazaxıstandan sonra regionda miqrantların ın çox gəldiyi 3-cü ölkədir".

İmmiqrant statusunu necə almaq olar?

Müvəqqəti yaşamaq üçün icazəni Dövlət Miqrasiya Xidməti verir. Lakin icazəni əldə etdikdən sonra əcnəbilər yaşadığı yer üzrə daxili işlər orqanlarında qeydiyyata alınmaq üçün müraciət etməli və onların ölkədə olma müddətinin artırılması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Qərarı yaşadığı yer üzrə daxili işlər orqanlarına təqdim etməlidirlər.

Azı iki il ölkədə qanuni əsaslarla müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Dövlət Miqrasiya Xidməti tərəfindən daimi yaşamaq hüququ, yəni immiqrant statusu verilə bilər. Beləliklə, immiqrant statusu Dövlət Miqrasiya Xidmətinin müvafiq qərarı ilə təsdiqlənir. İmmiqrant statusu 5 il müddətinə verilir, bu müddət bitdikdən sonra 5 il müddətinə uzadıla bilər və uzadılmaların sayı məhdudlaşdırılmır. İmmiqrant statusu alan şəxs yaşadığı yer üzrə daxili işlər orqanlarında qeydiyyata düşməlidir və bu halda o, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsi ilə təmin edilir.

Qanunsuz miqrantları hansı cəzalar gözləyir?

Ölkədə qeyri-qanuni və ya qeydiyyatsız yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər barədə cərimə tədbirləri 10 dəfə artırılıb. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə olma və ya ölkə ərazisindən tranzit keçid qaydalarının pozulmasına görə, eləcə də miqrasiya qanunvericiliyni pozan vəzifəli şəxslər üçün cərimənin məbləği əhəmiyyətli dərəcədə artırılıb. Bununla belə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş və qanunvericiliklə müəyyən edilmiş qaydada onların vaxtında qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görməyən şəxslərə qarşı da cərimə tədbirləri bir neçə dəfə artırılıb.

Ölkəyə xeyirdən çox ziyan vururlar

Əcnəbilər əsasən ticarət və xidmət sektorunda fəaliyyət göstərsələr də, tikinti sahəsində çalışanlar da var. Hadisələrin gedişi göstərir ki, yerli sahibkarlar da əcnəbi işçilərin çox olmasında maraqlıdır. Çünki onlar, yerli vətəndaşa nisbətən, əcnəbiyə daha az əmək haqqı verir və onların əməyindən ən ağır işlərdə istifadə edə bilir, bu zaman isə yerli əməkçilərin hüquqları pozulur. Ölkə daxilində işsizlərin olduğu bir ərəfədə qeyri-leqal miqrantların sayının artması isə arzu olunan hal deyil. Qeyri-leqal miqrantlar gəldikləri ölkəyə xeyirdən çox ziyan vururlar. Onlar kriminogen durumun gərginləşməsində də az rol oynamırlar. Bunu şimal qonşumuz olan Rusiyanın timsalında aydın görmək olar. Belə ki, bu ölkədə törədilən cinayət əməllərinin təxminən yarısı məhz gəlmə qeyri-leqalların payına düşür. Bundan başqa, qeyri-leqallar olduqları ölkələrə iqtisadi zərər də yetirir. Misal üçün 50 min insan qanuni əmək fəaliyyəti ilə məşğul deyilsə, deməli onlar, ən azından, hər biri icazəyə görə illik 1000 manat vəsait ödəməkdən yayınır. Bu, bütövlükdə 50 milyon manat vəsait deməkdir. Onların aldığı məvaciblərdən dövlət büdcəsinə köçürülməsi üçün müvafiq vergilər də tutulmalıdır. Deməli onlar Azərbaycan büdcəsinə 100 milyon manata qədər vergi verməkdən yayınır. Bu isə dövlət büdcəsinə külli miqdarda ziyanın vurulması deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə