Və ya "Ərəb baharı"nın "vida seksi"
Əvəz RÜSTƏMOV
Misirdə islamçıların ölkə parlamentindən keçirmək istədikləri qanun layihəsi kişi cinsinə məxsus şəxsə həyat yoldaşı dünyasını dəyişdikdən sonra onunla "vida seksi" ilə məşğul olmaq imkanı yaradır. Belə bir iyrənc və Allahsız hərəkət üçün norma da müəyyənləşdirilir - qadın öldükdən sonrakı 6 saat ərzində…
Məşhur reformasiya dövrü ilə bağlı səslənən fikirlərin biridə deyilirdi ki, quruluşla mübarizə aparmaq üçün ondan müqəddəslik simasını götürmək lazımdır. Hazırda dünya ağalığına can atan qüvvələr də eyni addımı atırlar. Yaxşı anlayırlar ki, Şərqi ələ keçirmək üçün bu məkan insanının müqəddəs bildiyi dəyərlər toplusuna, o cümlədən İslam dininə zərbə vurmaq lazımdır. Dinin aşağılanması həm də Qərbin müsəlmanlaşmasının qarşısının alınması, dünyada gerçək İslamın dərkinə maneçilik törədilməsi baxımından önəmlidir. Tarixə baxsaq isə mövcud siyasətin kökü xeyli keçmişə gedir. Hələ 16-17-ci əsrlərdə ingilislərin əli ilə yaradılan vəhhabilik təriqəti bu mənada az "rol" oynamamışdı.
Misirdəki vandal ideyanın məhz islamçılar adlanan qrupun adı ilə gündəmə gətirilməsi də dinin aşağılanması, ondan müqəddəslik simasının götürülməsi üçündür. Nəzərə alaq ki, Qərb cəmiyyəti total şəkildə İslamı qəbul edirsə, o cəmiyyət insanının islam dininin daşıyıcılarının üstünə getməsi mümkünsüz olacaq. Deməli, bu dinin daşıyıcılarının fərqli təqdimatı, onların insanlıqdan, bəşəri dəyərlərdən, qərarlaşmış dinc birgə yaşam qaydalarından məhrum başı pozuq kütlə kimi göstərilməsi zəruridir. Zəruriyyət isə iki məqsədin reallaşması üzərində dayanır. İslamın bir din olaraq gözdən salınması və gözdən salındığı zənn edilən məfkurənin daşıyıcısı olan toplumun yaşadığı əraziyə işğalın belə demək mümkünsə, düşüncələrdə leqallaşdırılması.
Məsələyə aydınlıq gətirmək üçün bildirək ki, SSRİ-nin süqutundan sonra Qərbin imperialist planlarına müqəddəslik donu geydirmək üçün islamafobiya dövriyyəyə buraxıldı. Mütərəqqi dünya ictimaiyyəti qorxunc islam terrorçuları ilə mübarizəni vacib saydı. Əfqanıstan və İraqdakı hərbi intervensiyalar beyinlərə insanlığı təhdid edən terrorçularla mübarizə kontekstində sırındı və beləcə mübarizənin müqəddəsliyi təmin olundu. Proses vaxtilə İsanın qəbrini kafirlərdən xilas etmək şüarı ilə gerçəkləşən talançı səlib yürüşlərinin müqəddəslik siması qazanmasına oxşar formada getdi. Nəticə etibarilə "terrorçuları döymək də, öldürmək də olar" fikri demokratik norma və prinsipləri kölgədə qoydu. İstər 11 sentyabr olayı, istərsə də digər çeşidli terror aktlarının arxasında islamçı qruplaşmaların durması ilə bağlı xəbərlər isə ikrah hissini dərinləşdirdi. Lakin müəyyən müddət keçdi və "ideya"da müəyyən çatlar meydana çıxdı. Nəticədə dövriyyəyə "ərəb baharı"ının "diktator ovları" girdi. Tunis, Misir, Liviyadakı qələbələrdən sonra Bəşər Əsəd hakimiyyətinin dirənişi fonunda Suriya ilə bağlı planlar gerçəkləşməmiş qaldı. Deməli, hələlik digər "plana" üstünlük verilməli, yəni İslamın gözdən salınması işi gücləndirilməlidir.
Mövcud siyasət özünü Suriyadan əvvəl qəsb edilən Liviyada göstərdi. "Ərəb baharı" ssenarisinin müəllifləri Qəzzafi rejiminin süqutu ilə əhəmiyyətli qələbə qazandılar. Bu, tiranlıq üzərindəki zəfər kimi qiymətləndirdi. Xalq diktatorun zülmündən qurtuldu, öz hökumətini qurdu və buyurun, həmin hakimiyyətin ilk "demokratik addımı" Qəzzafi dövründə qadağan edilən çoxarvadlılığın aradan qaldırılmasıdır. 8 ay sərasər döyüşənəsən, ona görə ki, 4 arvad almaq imkanı əldə edəsən? Yeri gəlmişkən, bədbəxt liviyalılar bu an üçün elə vəziyyətdədir ki, heç evlənməyə imkanları yoxdur. Bəs, məsələ nədədir? Məsələ İslamın geniş vüsət aldığı dünyaya müsəlmanlığın guya iyrənc mahiyyətli olduğunu göstərməkdir. Demək istəyirlər ki, bu dinin daşıyıcılarının cahil, avam həyat tərzləri var.
İndi Misirdə də eyni ssenari bir qədər də iyrənc təzahür formaları ilə yaşanır. Əslində Hüsnü Mübarəkin devrilməsindən sonra üstünlük əldə edən radikalların çıxardıqları qərarlar həmişə təəccüb doğururdu. Hazırkı məqamda söhbət həm də zərif cinsin nümayəndələri ilə bağlı məsələdən gedirsə xatirələrdə inqilab zamanı Qahirə küçələrində yaşanan səhnənin canlanmaması mümkünsüzdür. Həmin səhnədə polis əməkdaşı hakimiyyətə etiraz səsini ucaldan qadını yolun ortasında əynindən paltarını çıxarıb təhqir edərək döyürdü. Həm Qərbin kütləvi informasiya vasitələri, həm də Hüsnü Mübarəkə qarşı mübarizə aparanlar məsələni dramatikləşdirmiş, onu rejimin qorxunc mahiyyəti kimi göstərmək yolu tutmuşdular. Təzada baxın, bu gün Misirdə hakimiyyətə gələnlər qadının özünü də deyil, ölüsünü təhqir etmək yolu tuturlar. Mütərəqqi media isə məsələyə bir növ, disneylend ovqatı qataraq onu vəhşi Şərqin həyat tərzi kimi qiymətləndirir. Həmin tərzi diqtə edənlər isə islamçılardır (?!).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB