Bakıda xatirə turnirinin açılış mərasimi keçirilib

Bu gün Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə sayca XXI açıq respublika turnirinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana, o cümlədən güləşə göstərdiyi diqqət və qayğıdan, habelə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb. Bildirib ki, son illər Azərbaycanda idman sürətlə inkişaf edir. Sevindirici haldır ki, həmin növlər arasında güləş də özünəməxsus yer tutur.

Güləşin Azərbaycanda tarixən populyar idman növlərindən biri olduğunu deyən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev qeyd edib ki, dövlətimizin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər atletlərimiz yüksək nailiyyətlərə imza atıblar. Bununla yanaşı, respublikamızın idman sahəsində potensial imkanları da artmaqdadır.

Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Firdovsi Umudov yarışın əhəmiyyətini yüksək qiymətləndirərək yeniyetmə pəhləvanlarımızın ötən il qazandıqları nailiyyətlərdən danışıb.

Çıxışlardan sonra güləşçilər güclərini sınayıblar.

Yarış 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən, yeniyetmə güləşçilərin Olimpiya çəki dərəcələri olan 48, 55, 65, 80 və 100 kiloqram çəkidə sərbəst, 45, 51, 60, 71 və 92 kiloqram çəkidə yunan-Roma güləşi üzrə keçirilən yarışlarda 2001-2002-ci il təvəllüdlü idmançılar mübarizə aparırlar.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər iştirak edirlər.

İlk yarış günündə yunan-Roma, ikinci yarış günündə isə sərbəst güləşçilər mübarizə aparırlar.

Çəki dərəcələri üzrə ilk üç yeri tutacaq idmançılar diplom və medalla mükafatlandırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə