Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Mikayıl Cabbarovun Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, Prezident İlham Əliyev növbəti sərəncamla Mikayıl Cabbarovu Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edib.

Qeyd edək ki, Mikayıl Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. 1992-1997-ci illər - Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-1998-ci illər - ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

1995-ci il - bank sektorunda fəaliyyətə başlayıb. 1999-2002-ci illər - özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib. 1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür. 2002-2003-cü illər - İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri vəzifəsində çalışıb. 2003-2004-cü illər - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.

2004-cü il 20 fevralda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilib. Həmin vəzifədə işlədiyi dövrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, xarici iqtisadi əlaqələr, xarici investisiya siyasəti, beynəlxalq arbitrajlarda hüquqi məsələlər və korporativ idarəetmə kimi fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirib.

2009-cu il 6 martda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

2013-cü il 19 apreldə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin edilib.

2017-ci il 5 dekabrda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının vergilər naziri vəzifəsinə təyin edilib.

2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti, Litva Respublikası və Xorvatiya Respublikası hökumətləri arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyaların həmsədridir.

2018-ci il, 10 oktyabrda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

2019-cu il, 9 fevralda Azərbaycan Respublikasının Prezidenti Sərəncamı ilə 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Evlidir, 2 övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...