Milli uğurlara imza atan lider TƏHLİL

Ölkələri idarə edən siyasi hakimiyyətlərdə təmsil olunan insanların şəxsi keyfiyyətləri, intellektual səviyyələri, insanları anlamaq və onların dərdlərinə şərik ola bilmə bacarığı mühüm əhəmiyyət kəsb edir. Bu, xüsusilə, o bölgələrdə əhəmiyyətlidir ki, həmin bölgələr dünyanın diqqət mərkəzindədir. Eləcə də, burada böyük güclərin maraqları toqquşur. Bu mürəkkəb reallıqlarda xalqını yüksək səviyyədə idarə etmək, onunla həmdərd olmaq, hər bir fərdin qarantı ola bilmək Azərbaycan Respublikası Prezidenti İlham Əliyevi üstün edən xüsusiyyətlərdəndir. Artıq bir ilə yaxındır ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin növbəti prezidentlik fəaliyyətinin nəticələri respublikamızın inkişafında özünü göstərir. Müsahibələrinin birində dövlət başçısı arxada qalan 2018-ci il haqqında mühüm bir dəyərləndirmə apararaq, söyləyirdi ki, 2018-ci il dünya üçün asan bir il deyildi. Lakin tarixi tərəfdaşlar, qonşular və dostları ilə əlaqələrin əhəmiyyətini dərk etmək və qiymətləndirmək üçün yaxşı bir vaxtdır. Buradan görünür ki, dövlət başçısının fəaliyyət strategiyasında keçən dövrü daim nəzarətdə saxlamaq, ondan nəticələr və gələcək fəaliyyət üçün əsaslar formalaşdırmaq qaydası daimidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev pafos və papulizmdən uzaq, strateji baxış və analizin nəticəsində fəaliyyət göstərməyin bariz nümunəsidir. Çünki O, Ümummilli Lider Heydər Əliyev məktəbinin davamçısıdır. Ümummilli Lider Heydər Əliyev məktəbinin başlıca xüsusiyyəti isə konseptuallıqdır.

Ümumiyyətlə, keçən bir il Azərbaycan üçün uğurlu olmuşdur. Azərbaycan uğurla inkişaf etmiş, inkişafın göstəriciləri xalq təsərrüfatında, mədəniyyətdə, sosial münasibətlərdə, dini siyasətdə və bütün istiqamətlərdə özünü göstərmişdir. Beynəlxalq səviyyədə və qonşu ölkələrlə, respublikamızın tərəfdaşları ilə ənənəvi münasibətlər gücləndirilmişdir. Azərbaycan hər keçən gün özünün beynəlxalq nüfuznu artırmış, daxili struktur islahatlarının aparılması ilə dövlətin fəaliyyət mexanizmləri təkmilləşdirilmişdir. Bu da, ölkəmizə qarşı olan marağı artırmışdır. Bütün bunlar, təbii ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin davamlı, sistemli və dayanıqlı fəaliyyətinin uğurlu nəticələridir.

Xəzər dənizinin hüquqi statusunun həlli ilə bağlı Konvensiya imzalanmışdır

Bu, Xəzəryanı ölkələri daha da yaxınlaşdıran bir tarixi sənəddir. Bəllidir ki, Xəzər regionu strateji bir regiondur. Burada mövcud olan dövlətlər regional və qlobal çəkiyə malikdir. Bölgədə qarşılıqlı münasibətlərin gərgin olmaması və məsələlərin daim danışıqlar masası arxasında nizamlanması olduqca böyük əhəmiyyətə malikdir. Bundan irəli gələrək, hesab etmək olar ki, son bir ildə ölkə başçısının xarici siyasətində Xəzər məsələsi prioritet əhəmiyyət kəsb etmiş, onun rəhbərliyi və nəzarəti respublikanın diplmatik aparatı məsələnin nizamlanma fəaliyyətinə səfərbər edilmişdir.

İkili formatda, 2018-ci il Azərbaycan üçün fəallığı ilə yadda qalmışdır. Bir çox ikitərəfli görüşlər keçirilmiş və beynəlxalq təşkilatların işində də fəallıq nümayiş etdirilmişdir. Azərbaycanın ikitərəfli münasibətlər sistemində ən önəmli müttəfiqi qardaş Türkiyədir. Münasibətlərin tarixi mahiyyəti ilə yanaşı, onların inkişafında şəxsiyyət amilinin də xüsusi rolu vardır. Ən yaxın tariximizdən biz bunu Ümummilli Lider Heydər Əliyevin və Türkiyənin mərhum dövlət başçısı Süleyman Dəmirəlin yüksək səviyyəli münasibətlərində görürük. Hal-hazırda isə, bunun bariz nümunəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qardaşlıq münasibətləridir. 2018-ci ildə Azərbaycan Türkiyənin ən böyük investoru kimi tarix səhnəsinə keçmişdir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türkiyənin İzmir şəhərində "Star" neft emalı zavodunun açılış mərasimində iştirak etmişlər. Burada çıxışında Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qardaşlıq duyğularını belə ifadə etmişdi: "Mən qeyd etməliyəm ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla Bakıda ötən ay keçirilmiş möhtəşəm hərbi paradda iştirak etdik. Bu hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Bakının ən böyük meydanı olan Azadlıq meydanından şərəflə keçmişlər. 1918-ci ilin 15 sentyabrı tarixi bir gündür. Məhz o gündə Bakı şəhəri Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və yeni yaradılmış Azərbaycan Milli Ordusu tərəfindən işğaldan azad edilmişdir". Bunun müqabilində Rəcəb Tayyib Ərdoğan da ölkə başçımızın ünvanına aşağıdakı xoş sözləri söyləmişdi: "Bu hisslərlə "Star" neft emalı zavodunun açılışını hörmətli qardaşım İlham Əliyev ilə birlikdə etməkdən böyük qürur və məmnunluq duyduğumu bir daha ifadə etmək istəyirəm. "Star" neft emalı zavodu ölkələrimizə, xalqlarımıza və bölgəmizə "Xeyirli olsun!" deyirəm. Bu layihənin ölkəmizdə həyata keçirilməsində başda əziz qardaşım İlham Əliyevə və əməyi olan hər kəsə xüsusi təşəkkür edirəm, sizlərə sevgi və ehtiramımı çatdırıram. Sağ olun".

Azərbaycan, eyni zamanda, regionun digər ölkələri ilə əlaqələrini yüksələn xəttlə inkişaf etdirməyə nail olmuşdur. Xüsusilə, Rusiya ilə münasibətlərin inkişafı bu ölkənin siyasi analitiklərinin diqqət mərkəzindədir. Rusiyanın tanınmış politoloqu Qriqori Trofimçuk Rusiya və Azərbaycan prezidentlərinin sentyabrın 1-də Soçidə keçirilmiş görüşünü əlamətdar hesab edir. O öz müsahibəsində vurğulayıbdır ki, bir çox ekspertlər iki prezident arasında keçirilmiş görüşü onilliyin ən mühüm görüşü hesab edirlər: "Bir çox cəhətdən bu fikirlə razıyam. Lakin mən onu, daha dəqiq olaraq, belə adlandırardım: əlamətdar görüş. Sadəcə, o səbəbdən ki, Rusiya və Azərbaycan arasında yüksək səviyyəli danışıqlar Ermənistanın anlaşılmaz davranışının artması fonunda keçdi". Beləliklə, görürük ki, Azərbaycanın xarici siyasəti Rusiyanın Qafqazda forpostu hesab edilən Ermənistanı pat vəziyyətində qoymuşdur. Azərbaycan Respublikası dövlət başçısı İlham Əliyevin xarici siyasi prioritetlərindən biri də İranla olan münasibətləri milli maraq dairəmizin tələbləri səviyyəsində saxlamaqdır. Ölkə başçısı İranla olan münasibələri həm regional, həm milli-tarixi istiqamətdə dəyərləndirmişdir. İranla münasibətlərinin mahiyyətindən söz açan Prezident İlham Əliyev İran prezidenti Ruhani ilə göreşlərinin birində aşağıdakı fikirləri səsləndirmişdir: "Bizim aramızda çox sıx əlaqələr mövcuddur. Bütün sahələr üzrə çox yaxşı əməkdaşlıq edirik. Həm siyasi, həm iqtisadi, mədəni, enerji, nəqliyyat - bütün sahələrdə yaxşı nəticələr var və bu gün imzalanacaq sənədlər əlaqələrimizin inkişafına yeni təkan verəcək. Bizim görüşlərimiz, müntəzəm olaraq, keçirilir. Görüşlər zamanı əldə edilmiş razılaşmalar, verdiyimiz tapşırıqlar yerinə yetirilir. Bunun nəticəsində bu gün İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatmışdır". Azərbaycan bölgədəki digər tərəfdaşı Gürcüstanla da, bu bir il ərzində, özünün qarşılıqlı münasibətlərini inkişaf etdirmişdir. Gürcüstandakı erməni fitnəsindən qidalanan dairələrin cəhdlərinə baxmayaraq, ölkəmizə səfər etmiş bu ölkənin yeni prezidenti aşağıdakıları ifadə etmişdir: "Cənab Prezident, təşəkkür edirəm. Şadam ki, Azərbaycana gəlmişəm. Bu, mənim regionda birinci səfərimdir. Bizim qonşu və dost ölkə Azərbaycanda olmaqdan məmnunluq duyuram. Bizim əməkdaşlığımız bizim üçün çox əhəmiyyətlidir. İlk növbədə, bizi böyük tarix və ənənələr birləşdirir. Biz 100 il əvvəl birlikdə müasir dövlət qurmağa başladıq. Biz müstəqilliyimizi bərpa etdik. Vaxtilə bizim kiçik federasiyamız da var idi. Biz müstəqilliyimizi birlikdə itirdik, ağır illərdən keçdik, yaşadıq. Bunlar bizim dövlət quruculuğumuza təsir etdi. Biz öz müstəqilliyimizi yenidən birlikdə bərpa etdik. Biz son illər eyni faciələri yaşadıq. Bu gün də biz ölkə üçün ərazilərin işğalının nə demək olduğunu yaşayırıq. Ərazi bütövlüyü hələ bərpa olunmayıb. İşğal məsələsi bizim üçün hələ də açıq yara kimi qalır. Bu, bir tərəfdən bizim inkişafımıza mane olur, digər tərəfdən biz bunlara, bu faciələrə baxmayaraq, dövlətimizi, iqtisadiyyatı gücləndirməyə nail olduq. Bizim yolumuz müstəqillik yoludur və belə də davam edəcəyik. Bunlar böyük uğurlardır". Gürcüstan prezidentini səsləndirdiyi fikirlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin regional çəkisinin gürcü həmkarının dili ilə təsdiqidir. Bütün bunlar, onu deməyə əsas verir ki, son bir il ərzində, ölkə başçısının fəaliyyət istiqamətlərinin müəyyənedici amili milli maraqlarımızın təmin edilməsi olmuşdur.

2018-ci ildə Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində beynəlxalq forum keçirildi. Bu, bir daha onu deməyə əsas verir ki, Azərbaycan bölgədə militarizmin çiçəklənməsini və ölkələrin bloklara qoşularaq regionu çalxalamasını istəmir.

Daxili siyasi proseslər baxımından, ölkəmiz uğurla inkişaf etmişdir. Azərbaycan daxilində tənzimlənməsi üçün mexanizm- nəzərdə tutulmayan potensial risklər yoxdur. Xarici potensial risklərə gəldikdə, ölkə başçısı tərəfindən aparılan siyasət onların qarşısının alınması istiqamətində bütün dövlət aparatı və mexanizmlərinin cəmləşdirilməsindən ibarətdir. Hər zaman olduğu kimi, dövlət başçısı iqtisadi islahatlara böyük əhəmiyyət vermiş və keçən bir il ərzində, bu sahədə çox əhəmiyyətli işlər görülmüşdür. Dünya Bankının Doing biznesinə görə, ölkəmizin reytinqi bu il 32 addım yüksəlmiş və dünyada 25-ci yeri tumuşdur. Yəni biznesin təsis edilməsinin asanlaşdırılması, şəffaflığın əsas meyar olaraq dövlət idarəçilində qəbul edilməsi, sahibkarlığın dəstəklənməsi baxımından, bu islahatlar, yaxşı nəticələr verdiyini göstərir. Bu, fəaliyyətlərin nəticəsi Azərbaycanın iqtisadi tərəfdaş olaraq, tərəfdaşları arasında, eləcə də, dünyada investisiya reytinqini artırır və bu il ölkəmizə 10 milyard dollar sərmayə cəlb edilmişdir. Dövlət başçısının apardığı iqtisadi siyasət və həyata keçirdiyi islahatlar investorların etimadını təmin edir və islahat siyasətini davam etdirmək üçün qətiyyətini nümayiş etdirir. Əhalinin gəlirləri 9 faizdən çox artıbdır ki, bu da, məhz həmin iqtisadi siyasətin nəticəsidir. Valyuta ehtiyatlarımızın artırılması dövlət başçısının fəaliyyətinin aparıcı sahələrindən olmuşdur. Valyuta ehtiyatlarımız xarici borcumuzdan təxminən 5 dəfə çoxdur. Yəni makroiqtisadi vəziyyət sabitdir. Bir çox sosial məsələlər həll edilmişdir. 6 min məcburi köçkün ailəsi 30 mindən çox adam yeni evlər və mənzillərlə təchiz edilibdir.

2019-cu ilin başlaması ilə sosial müdafiə sahəsində ciddi işlərə imza atıldı. Fevralın 8-də əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Sərəncam imzaladı. Bu sənədə əsasən, bu il martın 1-dən minimum əməkhaqqı 38,5 faiz (50 manat) artırılaraq, 130 manatdan 180 manata yüksəldi. Bu da dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda işləyən 600 min işçinin əməkhaqqının artması deməkdir. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Dövlət başçısı uzun müddətdir vətəndaşları narahat edən daha bir proses - problemli kreditlər və bu məsələnin həlli istiqamətində görülən işlərdən söz açmışdı. Müşavirədən 3 gün sonra isə dövlət başçısı fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzaladı. Problemli kreditlərin əhalinin xeyrinə həlli istiqamətində hazırlanan bu sənədə əsasən, narahatçılığa son qoyuldu.

Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində ciddi işlər görülmüşdür. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin hüquq sistemində köklü islahatlar aparılmışdır. Azərbaycan xalqının milli, mədəni və tarixi ənənələrinə söykənərək, həqiqi demokratik cəmiyyət yaradılmasına xidmət edən bu islahatlar, ilk növbədə, insan hüquqlarının daha etibarlı təmin edilməsinə yönəlmişdir. Ölkənin 1995-ci ildə demokratik dəyərlər və prinsiplərə uyğun hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk demokratik konstitusiyasının müddəalarının üçdə biri insan hüquq və azadlıqlarına həsr edilmiş, hakimiyyət bölgüsü prinsipi təsbit edilmişdir. Beynəlxalq ekspertlər tərəfindən dünyanın demokratik konstitusiyalarından biri kimi qiymətləndirilən bu konstitusiya Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuş, hüquqi islahatların aparılmasına zəmin yaratmışdır. Prezident İlham Əliyev "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqda" Fərmanı məhkəmə sistemindəki islahatarın məntiqi davamdır.

Bu il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində milli mövqeyimizin prinsipiallığından zərrə qədər də geri çəkilməmiş, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində səylərini davam etdirmişdir. Ermənistanın baş naziri ilə son görüşün nəticəsində, dövlət başçısı aşağıdakıları bildirmişdir: "Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr, onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır". Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq: "Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır".

Beləliklə, ölkə başçısının fəaliyyətinin son bir ilinə diqqət yetirdikdə, bir yekun vurmaq olar, İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir. İlham Əliyev müasir dünyanın siyasətini və iqtisadiyyatını gözəl bilən yüksək intellektual, praktik düşünmə qabiliyyətinə malik olan enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Bu il müstəqilliyimizin daha da möhkəmləndirilməsi, sabit siyasi sistemin intensiv formalaşması və ölkədə iqtisadi strukturun daha da möhkəmləndirilməsi istiqamətində görülmüş işlərlə yadda qaldı. Bu müddət ərzində, respublikada demokratikləşmə prosesləri genişlənmişdir, ölkənin qlobal transformasiya proseslərinə inteqrasiyası daha da güclənmişdir, milli iqtisadiyyatın gələcək inkişafı üçün sosial-siyasi əsas gücləndirilmişdir. Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı olan İlham Əliyevin böyük siyasətdə atdığı addımlar sayəsində Azərbaycanda yalnız sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai qurumlarda əsaslı yeniliklər olmuşdur, effektiv islahatlar aparılmışdır.

Bəxtiyar Nəbiyev,

YAP Yasamal rayon Təşkilatının Gənclər Birliyinin sədri

Bakı Dövlət Universitetinin Tarix Fakültəsinin dekan müavini, dosent

Bütün xəbərlər Facebook səhifəmizdə