“Azərbaycan-Türkiyə: Qardaşlığın təntənəsi” kitab-albomu çapdan çıxıb

Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunan “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Azərbaycan-Türkiyə: Qardaşlığın təntənəsi” adlı kitab-albomu çapdan çıxıb. SİA xəbər verir ki, “Apostrof-A” nəşriyyatında nəfis şəkildə çap edilən kitab-albomun layihə müəllifi və tərtibçi-redaktoru Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbanidir.

Kitab-albom əsrin mühüm tarixi hadisələrindən olan Bakının işğaldan azad edilməsinin 100 illik yubileyi münasibətilə Azərbaycan paytaxtında keçirilən möhtəşəm parada həsr olunub.

Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Azərbaycan bizim qardaşımızdır” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik. Bu, bizim dostluğumuzun, qardaşlığımızın mənasını, məzmununu təşkil edir” sitatları, eləcə də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın sevinci bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə, biz də kədərlənərik. Azərbaycan sevinərsə, biz də sevinərik” və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bu gün sözün əsl mənasında, tarixi bir gündür. Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq” kəlamları kitab-albomun əsas xəttini təşkil edir.

Müəllifin “15 sentyabr – Bakının azad edilməsi günü qardaş Türkiyənin və Azərbaycanın müştərək milli Zəfər günü, Zəfər bayramıdır” sərlövhəsi ilə təqdim olunan “Ön söz əvəzi” yazısında deyilir: “Yüz il bundan əvvəl - 1918-ci il sentyabrın 15-də Osmanlı Türkiyəsi və Azərbaycan milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri işğalçılardan azad etdi. Bu, XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Müstəqilliyinə yenicə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün də çox ağır durumuna rəğmən, Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Azərbaycan hökumətinin hərbi yardım üçün rəsmi müraciətinə əsasən məhdud hərbi qüvvələrini Azərbaycana göndərdi. Bir çox dövlətlərin türk qoşunlarının ölkəmizə gəlməsinə etiraz etməsinə baxmayaraq, Osmanlı Türkiyəsi öz qardaşlıq köməyini Azərbaycandan əsirgəmədi və 1918-ci ilin avqust-sentyabr aylarında tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Qəhrəman türk əsgərinin, eləcə də yeni yaranmaqda olan Azərbaycan ordusunun ilk döyüşçülərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirdikləri qətliamlara, ermənilərin özbaşınalıqlarına son qoyuldu. Türk qardaşlığı və birliyi ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin başlıca məqsədi olan xalqımızı cismən məhv etməklə “böyük Ermənistan” dövləti yaratmaq xülyasının gerçəkləşməsinə, bu mənfur planın reallaşmasına imkan vermədi...”

Bakının azad edilməsinin 100 illik tarixinə qısa ekskurs edən müəllif daha sonra yazır ki, bir əsrlik zaman kəsiyində istər Türkiyənin, istərsə də Azərbaycanın həyatında bir çox dəyişikliklər olub. Böyük Mustafa Kamal Atatürkün sayəsində Türkiyə Cümhuriyyəti qurulub, inkişaf və tərəqqi edərək güclü, qüdrətli dövlətə çevrilib. Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də rus-bolşevik qoşunları tərəfindən süquta uğradılıb, ölkə 70 ildən çox Sovet İttifaqının tərkibində qalsa da, 1991-ci ildə xalqımız Azərbaycanın dövlət müstəqilliyini bərpa edib. Sovet dövrünün, kommunist rejiminin qadağalarına baxmayaraq, Azərbaycan-Türkiyə qardaşlığını heç bir qüvvə sarsıda bilməyib.

Nəşrdə qeyd olunub ki, XX əsrin 90-cı illərinin əvvəllərində ulu öndər Heydər Əliyevin sayəsində bu dostluq və qardaşlıq daha da möhkəmlənib, geniş vüsət alıb. Azərbaycan-Türkiyə qardaşlığı bu gün hər iki ölkənin dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən daha da genişlənməkdədir. Məhz Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş təntənələrdə iştirak etmək üçün qardaş Türkiyə Prezidentinin Azərbaycana mübarək gəlişi, Azərbaycan Prezidenti ilə birlikdə tribunaya qalxaraq əsgərləri salamlamaları, Türkiyə və Azərbaycan xalqlarını 15 sentyabr - Zəfər günü münasibətilə təbrik etmələri uzun müddət yaddaşlardan silinməyəcək.

Qeyd edək ki, nəşrdə qardaş Türkiyənin və Azərbaycanın müştərək Zəfər bayramı – Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş parad və digər tədbirlər barədə ətraflı məlumat verilir. Kitab-albom Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmazlığının daha bir bariz nümunəsi, yazılı salnaməsidir.

Kitab-albomda Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın), Müdafiə Nazirliyinin, Türkiyənin Azərbaycandakı hərbi attaşelik aparatının, Bakı Media Mərkəzinin, ordu.az hərbi xəbərlər internet saytının materiallarından istifadə edilib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanması, Azərbaycan Prezidenti ilə görüşü, hər iki ölkə prezidentinin Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmələri, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin, eləcə də Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirə kompleksinin önünə əklillər qoymaları, Azadlıq meydanında keçirilən parad, qardaş ölkələrin dövlət başçılarının həmin paradda tarixi çıxışları, parad iştirakçıları ilə birgə şəkil çəkdirmələri və Bakı sakinləri ilə görüşlərini əks etdirən fotolar həmin günün tarixi anlarını əks etdirir.

Nəşrdə görkəmli elm, ədəbiyyat, mədəniyyət xadimlərinin, deputatların, ictimaiyyət nümayəndələrinin bu tarixi parad haqqında təəssüratları da böyük maraq doğurur.

Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral, Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə, Ənvər Paşanın nəvəsi Arzu Ənvər Əroğan, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, deputat, siyasi elmlər doktoru, professor Elman Nəsirov, general-mayor Rasim Əliyev, tarix elmləri doktoru Mehman Süleymanov, Əməkdar jurnalist Rəşid Faxralı və başqaları Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş bu mühüm tədbiri Azərbaycan-Türkiyə qardaşlığının təntənəsinin nümayişi kimi dəyərləndirirlər.

Kitab-albom Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda Türkiyənin məşhur “Anadolu Atəşi” birliyinin və Azərbaycan incəsənət ustalarının birgə böyük bayram konsertinin görüntüləri ilə tamamlanır.

“Azərbaycan-Türkiyə: Qardaşlığın təntənəsi” kitab-albomu Müdafiə Nazirliyinin dəstəyi ilə nəşr edilib.

Nəşrin təqdimat mərasimi oktyabrın sonlarında, qardaş Türkiyə Respublikasının qurulmasının 95 illik yubileyi ərəfəsində Azərbaycanda və Türkiyədə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə