Milli Məclisdə uşaqlara birdəfəlik verilən müavinətin artırılması təklifi irəli sürülüb

“Bu gün uşağa verilən birdəfəlik müavinət 45 manat olduğu halda hər buzova görə verilən subsidiya 140 manatdır”. SİA-nın xəbərinə görə, bunu deputat Fazil Mustafa parlamentdə büdcə müzakirələri zamanı deyib.

Deputat çıxışında yeni doğulan uşaqlara birdəfəlik verilən müavinətin artırılması məsələsinə toxunub: "Məsələlərə baxış fəlsəfəmiz dəyişməlidir. Nə qədər ki, yeni doğulan uşaqlara baxış fəlsəfəsi dəyişməyib, o zaman bu sahədə ciddi problemlərin şahidi olacağıq”.

Çıxışı zamanı kənd təsərrüfatı sahəsində çalışan insanların pensiyaya çıxması ilə bağlı üzləşdikləri problemi gündəmə gətirən F. Mustafa eyni zamanda 5 yaşlı uşaqların avtobuslardan istifadəsində problemlərin olduğunu da diqqətə çatdırıb: "Artıq bir çox avtobuslarımız kart sistemi ilə çalışır. Belə olan halda 5-6 yaşlı uşaqların bu avtobuslardan istifadəsində problem yaranır. "Baku Bus" MMC-dən xahiş edərdim ki, bu məsələyə diqqət yetirsin".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə