"Aparıcılıqdan xəbəri olmayanlar televiziya kanallarında çoxdur" MÜSAHİBƏ-FOTOLAR

Aparıcı-prodüser Vüsalə Kərimovanın SİA-ya verdiyi müsahibəni təqdim edirik:

- Vüsalə xanım, sizi yenidən efirlərdə aparıcı olaraq görə biləcəyikmi?

- Hansısa telekanal rəhbərliyi mənə ehtiyyac duyarsa, dəvətini qəbul edərəm. Verilişlərin birini idarə edərəm.

- Bildiyimiz kimi, özünüzü aktrisa kimi də sınamısınız. Sizə aktrisa, yoxsa aparıcı kimi fəaliyyət göstərmək xoşdur?

- Mən aktrisa deyiləm, aparıcıyam. Mənə əlbəttə, öz sənətim daha xoşdur. Aktrisalığın mənim üçün yaxşı sənət olduğunu düşünsəydim, aparıcı yox, aktrisa olardım. Körpəlikdən jurnalistika peşəsinə həvəsim olub. Aparıcılıqdan çox jurnalist olduğum üçün şərəf hissi duyuram. Hazırda aparıcı sözünü bir çoxlarına demək olar. Amma jurnalist sözünü hamıya demək olmaz.

- Hansısa serialda və ya filmdə baş rolda oynamaq fikriniz varmı?

- Aktrisalıq incəsənətin bir qoludur. Serialda və yaxud filmdə baş rolu canlandırmaq şans işidir. Ekran işlərinin ssenarisi xoşuma gələrsə, eyni zamanda rejissoru aktrisalıq bacarığım qane edərsə, niyə də baş rolda oynamayım. Mən hər işin peşəkar olmasını sevirəm. Onu da deyim ki, əgər filmdə, serilda çəkilmək və özümü nümayiş etdirmək xatirinə ortaya nəsə qoyacağıqsa, bu mənə lazım deyil.

- Televiziya kanallarındakı aparıcıların fəaliyyətindən razısınızmı?

- Aparıcı sözünün "a" hərifindən xəbəri olmayanlar televiziya kanallarında çoxluq təşkil edirlər. Bunları görməmək üçün gözdən əlil olmaq lazımdır. Efirlərimizdə keyfiyyətli, efirə yaraşan, danışdıqca danışmağını istədiyimiz aparıcılarımız da çoxdur. Nə yaxşı da ki, onlar var. Xoşuma gəlməyən insanalara isə aparıcı demək istəməzdim.

- Hazırda prodüseri kimi çalışdığınız müğənni Yaşar Cəlilovdan başqa ifaçı ilə işləyərdinizmi?

- Yaşardan başqa heç bir müğənni ilə çalışmaram. Onu da qeyd edim ki, Yaşarla iş birliyinə başlayanda prodüser olmaq kimi fikrim olmayıb. Sadəcə olaraq Cəlilova hər zaman işlərində kömək etmək istədim. Bu mənim humanist olmağımdan irəli gəlir. İllər sonra da həmin sənətçi ilə çalışacam. Bizim iş birliyimizi yalnız Allah ayıra bilər. Odur ki, Yaşarla aramıza girmək istəyənlər buna cəhd göstərməsinlər.

- Vüsalə Kərimova bu vaxtadək hansı addım atdığına görə peşman olub?

- Deyilənlərə görə “Hər işdə bir xeyir var”. Amma yaxşılıq etdiyim insanlardan nankorluq görəndə ona etdiyim yaxşlığıa görə peşmançılıq hissi keçirmişəm. Zaman keçdikcə, insan yaşa dolduqca anlayır ki, bəzi şeylər xalq yox, xaliq üçündür. Səhvlərim olub. Qanunlar da pozulmaq üçündür. Səhvləri edə-edə böyüyürük və təkmilləşirik.

- Ailə qurmaq fikriniz varmı?

- Ərə getməyim qismət məsələdir. Allahın işidir. Tanrı insana tale yazır, yol göstərir, qarşısına insanlar çıxardır. Amma seçimi bəndənin öz üzərinə buraxır. Allah bizə ağıl verib. Ona görə hər kəs həyatını elə qurmalıdır ki, sonda peşmançılıq hissi ilə üzləşməsin.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə