Əli Kərimli “siyasi məhbuslar"ını artırmaq üçün manipulyasiyalara əl atır ANALİTİK + FOTO

Və ya partiyanın Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmli nə zamandan “jurnalist” oldu?

Payız gəldi və hər il olduğu kimi, müxtəlif müxalifətyönlü dairələr, o cümlədən müxalifət partiyaları ilə əməkdaşlıq edən siyasiləşmiş QHT-lər beynəlxalq təşkilatlara “siyasi məhbus” siyahıları sırımağa başladılar. Artıq ənənə şəklini almış bu kimi “siyahı” sırımaları bir reallığı ortaya qoyub ki, təqdim edilən “sənədlərin” heç biri bir-birini tamamlamır, hətta rəqəmlər belə, üst-üstə düşmür, həmçinin “siyasi məhbusların” da adları bir-birinə uzlaşmır.

Belə məqamlarda daha çox özünü həlak edən AXCP sədri Əli Kərimli və onun kərimovçu çetesidir. Xüsusilə, xarici ölkələrdə özlərini “siyasi mühacir”, “dissident” kimi təqdim edən kərimovçu dəlallar əllərinə düşən hər fürsətdən maksimum qaydada yararlanmağa cəhdlər göstərərək, hətta tanımadıqları adamları belə, ya “siyasi fəal”, ya da “jurnalist” kimi göstərib, onları “siyasi məhbus” siyahısına salıb, üzərlərindən gəlirlər, qrantlar əldə etməyə çalışırlar.

Əli Kərimli çetesinin “sağ əli” Fikrət Hüseynlinin məqsədi nədir?

Bu adamlardan biri də Ə.Kərimlinin Avropadakı “sağ əli” Fikrət Hüseynlidir. Məsələnin mahiyyətinə gəldikdə isə qeyd edək ki, F.Hüseynli Ə.Kərimlinin sifarişi əsasında AXCP-nin Cəlilabad şöbəsinin sədri Təzəxan Mirəmlinin adının “siyasi məhbus” siyahısına salınmasına çalışıb. Halbuki, polisin qanuni tələblərinə uymayaraq, hüquq-mühafizə orqanlarına qarşı güc tətbiq edən T.Mirələmli avantüraçılığa yol verib, bu vasitə ilə fotolarının yayılaraq xarici diplomatik nümayəndəliklərə çatdırılmasına çalışıb. Bunun üçün isə, bir neçə səbəb var – həm xarici təşkilatlardan əldə edilən qrantlarda pay sahibi olmaq, həm də Avropaya, “siyasi mühacirliyə” doğru necə deyərlər, yolunu açmaq.

Əli Kərimlinin, yaxud onun adamlarının belə məsələlərdə stajlı olduqlarını da inkar etmək olmaz

Məhz bu səbəbdən, onun adı siyasi partiyanın rayon şöbəsinin sədri yerinə, “jurnalist” kimi göstərilib. Əslində, Ə.Kərimlinin, yaxud onun adamlarının belə məsələlərdə stajlı olduqlarını da inkar etmək olmaz. Çünki onlar dəfələrlə, hətta qələm tutmağı bacarmayan qaragüruhçu çetesini belə, “media adamı” qismində təqdim edərək, həm ictimai rəyi, həm də Qərbdəki sifarişçilərini aldatmağa çalışıblar. Təəssüf ki, anti-Azərbaycan dairələr belə yalanlara daha geniş donlar geyindirərək, həmin yalanlar vasitəsi ilə ölkəmizə, dövlətimizə qarşı qarayaxma kampaniyalarına start verirlər.

Onu da qeyd edək ki, polisə müqavimət göstərən T.Mirələmlinin hər hansı bir yazı-pozusunu belə internet resurslarında tapmaq mümkün deyiL. Çünki ən azından, yazıları məqalələri cüzi də olsa işıq üzü görmüş tanınmayan jurnalistlərin adlarını yazdıqda, ya da axtarışa verdikdə onların məhsulları üzə çıxır.

“Google”də “Təzəxan Mirələmli” yazarkən...

Fakt üçün deyək ki, “Google”də “Təzəxan Mirələmli” yazdığımız zaman AXCP-yə mənsub media qurumları onu bilavasitə AXCP-nin Cəlilabad rayon təşkilatının sədri kimi göstərirlər. Xüsusilə, onun bir neçə dəfə qanunlara tabe olmayaraq, polisə müqavimət göstərdiyinə və s. qanunsuz əməllərinə görə həbsləri barədə danışılır. Maraqlıdır, bəs onda o, birdən-birə necə “jurnalist” oldu???

Son olaraq daha bir məsələni də qeyd edək ki, polisin ictimai asayişi pozmamağa doğru edilən çağırışına etinasız yanaşan, bu çağırışa tabe olmayan istənilən şəxs qanunun icazə verdiyi tərzdə saxlanıla bilər. Bu, onun hüququnun pozulması deyil, əslində onun qanunları pozması deməkdir. Əlbəttə ki, müqavimət göstərərsə, polis onu saxlamalı və aidiyyatı üzrə təhvil verilməlidir. Sonrakı proses isə məhkəməlikdir. Yəni bunu uşaqdan da soruşsan bu cavabı verər.

Lakin bütün bunların yerinə həyasızcasına jurnalistikaya aidiyyatı olmayan və qanunlara tabe olmayan bir kəsin “əzabkeş” qismində fotolarını sosial şəbəkələrdə yayıb, vay-şivən qoparmaq ən azından və yumşaq desək, nadürüstülkdür.

Rövşən NURƏDDİNOĞLU

P.S. Nadürüstlük isə başda AXCP sədri Əli Kərimli olmaqla, Fikrət Hüseynliyə və digər kərimovçu çetesinə aid olan reallıqdır!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...