ATƏT-in timsalında beynəlxalq qurumların ikili standartları ifşa olundu TƏHLİL

Ermənistanda seçkinin əvvəlcədən istənilən nəticəni verməsi üçün bütün addımlar atıldı, bütün rəqiblər, o cümlədən dairələr, təşkilatlar sıradan çıxarıldı, vətəndaşlar kifayət qədər qorxuduldu və bir sözlə, "seçki oyunu" oynanıldı. Seçkiləri müşahidə edən bir sıra xarici müşahidəçilər də öz açıqlamalarında təsdiq edirlər ki, bu növbədənkənar parlament seçkiləri kütləvi saxtakarlıqlar və insidentlərlə müşahidə olundu.

Ermənistanda keçirilən parlament seçkilərində kütləvi qanun pozuntuları barədə saysız-hesabsız məlumatlar hələ də yayılmaqda davam edir və qanun pozuntusu halları bitmək də bilmir. Narazılıqların sayı-hesabı yoxdur. Çox az insanın qatıldığı, əsasən yaşlıların iştirak etdiyi seçkilərdə Respublika partiyası 5 faizlik baryeri belə keçə bilmədi. Qərb və Rusiya arasında oyunbazlıq edən Paşinyan isə özünü baş nazir etmək üçün bütün rıçaqlardan istifadə etdi və bir neçə ay bundan əvvəl reallaşdırdığı dövlət çevrilişini saxta seçki yolu ilə legitimləşdirdi.

Paşinyan bu seçkilər vasitəsilə “Ermənistan demokratiyasının” əsl simasını bütün dünyaya göstərdi

Ermənisayaq "demokratiya" şəraitində keçirilən seçkilərdən bundan artığını gözləmək sadəlövhlük olardı. Boş, əsassız vədlərlə xalqın inamından sui-istifadə, küçə hərəkatı sayəsində ələ keçirdiyi hakimiyyətini möhkəmləndirmək üçün Paşinyanın “böyük səylə” təşkilinə çalışdığı parlament seçkiləri elə belə də oyuna çevrilməli idi. “Məxməri” adlandırılan inqilabı uzunmüddətli mirasa çevirmək arzusu ilə hələlik öz diktaturasını quran Paşinyan əslində, bu seçkilər vasitəsilə “Ermənistan demokratiyasının” əsl simasını bütün dünyaya göstərdi.
“Chatham House”un dosenti, “Qafqaz Araşdırmaları” analitik jurnalının həmtəsisçisi Lourens Broers Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərini şərh edərkən bəyan edir ki, Paşinyan özünün şəxsi populyarlığından həzz alır. Jurnalın həmtəsisçisi küçə nümayişçisinin qarşısındakıları, yəni, rəqiblərini silib-süpürməsi faktını da gizlətmir və bunu açıq şəkildə ifadə edir. L.Broers xüsusilə qeyd edir ki, Paşinyan özünü ölkədə yeganə dominant fiqur görür.
Müşahidəçilər, hətta Ermənistanın öz daxilində olan siyasilər, ekspertlər belə seçkinin biabırçılıqdan başqa bir şey olmadığını etiraf edirlər. Ermənilərin seçki oyunları barədə, qanun pozuntuları haqında, Paşinyanın seçkini öz hakimiyyətini möhkəmləndirməsi üçün saxtalaşdırdığı faktlarını bilməyən yoxdur. Bütün dünya ictimaiyyəti bu seçki pozuntuları barədə kifayət qədər məlumatlıdır.

Seçkidən əvvəl və seçki zamanı baş verən pozuntuların beynəlxalq səviyyədə qiymətləndirilməyə ehtiyacı var

Əvvəlcədən də görünürdü ki, Paşinyan seçkilərə rəqibsiz şəkildə getməyi planlayırdı və buna təzyiqlər və təhdidlər hesabına da olsa nail olurdu. Bir sözlə, seçkilərə qanunsuz şəkildə hazırlaşıldığı da, seçkilərin qanunsuzluqlarla, seçki pozuntuları ilə gedəcəyi də əvvəlcədən məlum idi. Rəqib düşərgənin, Respublikaçıların siyasi mübarizə meydanından təhdid və təzyiqlər yolu ilə kənarlaşdırılması faktları heç də sirr hesab olunmurdu və bu sanki, erməni cəmiyyəti üçün adi sayılırdı. Ermənistan, “erməni demokratiyası”, ələlxüsus Paşinyan, onun tərəfdarları üçün adi hesab olunan bu hallar sözsüz ki, qanun pozuntusudur.
Bütün bu faktlar, yəni bu seçki pozuntuları əslində seçkidən öncə də ictimaiyyətin nəzərindən qaça bilməzdi və bu pozuntuların beynəlxalq səviyyədə qiymətləndirilməyə ehtiyacı var idi. Əfsus ki, biz bunun şahidi olmadıq. Baxmayaraq ki, Paşinyan faktiki olaraq seçkilərə rəqibsiz, tək olaraq özü gedirdi buna digər ölkələrdəki hər xırdalığa ağız büzən ATƏT belə reaksiya vermədi və münasibət də bildirmədi. Yoxsa, ATƏT kimi bir beynəlxalq təşkilat bu faktları görmürdü? Bəlkə görmək istəmirdi? Amma hər bir halda bu, adıçəkilən təşkilat, onun nüfuzu üçün qənaətbəxş deyil.

ATƏT artıq öz nüfuzunu çoxdan sıfıra endirib və bu seçkilər həmin təşkilatın mahiyyətini ifşa etdi

Ermənistanda keçirilən seçkilərlə bağlı dünyanın müxtəlif mərkəzləri, seçkilərin nəticələrini dəyərləndirən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT obyektiv mövqe ortaya qoymalıdır. Səsvermə günü belə, ən müxtəlif təzyiq və təhdid dolu çağırışların müşayiəti ilə keçirilən seçkilərə obyektiv münasibət bildirilməlidir. Bu əslində həmin təşkilatların missiyası ölmaqla yanaşı, eyni zamanda borcudur da. Bundan boyun qaçırmaqları qəbuledilməzdir və əks təqdirdə bu həmin təşkilatların öz nüfuzuna xələl gətirə bilər.
Onsuz da ATƏT dediyimiz təşkilat artıq öz nüfuzunu çoxdan sıfıra endirib və bu seçkilər həmin təşkilatın mahiyyətini ifşa etdi. Nəzərə alsaq ki, bir vaxtlar ATƏT Respublikaçıların seçildiyi, Serj Sarkisyanın prezident təyin edildiyi seçkiləri qənaətbəxş hesab etdiyi halda, bu seçkilərdə sözügedən partiya heç 5 faiz belə səs toplaya bilmirsə bu fakt ATƏT-in mahiyyətini ortaya qoyur. Belə nəticə çıxır ki, ya Respublikaçıların seçkisi qondarma olub, ya da bu seçkilərdə Respublikaçılara qarşı haqsızlıqlar, qanun pozuntuları tətbiq olunub. Üçüncü bir variant mümkünsüzdür. Çünki, erməni xalqının bir qədər öncə böyük səs çoxluğu ilə seçdiyi partiyaya indi 5 faizdən az səs verməsi, yaxud, indi 5 faizdən az səs toplayan partiyanın əvvəlki seçkilərdə boyuk səs çoxluğu ilə qələbəsi bir-birini təkzib edən faktlardır.

Beynəlxalq qurumların, təşkilatların hələ də susması, mövqe bildirməməsi ikili standartlar tətbiq edildiyini təsdiq edir

Maraqlıdır, bir çox ölkələrdə keçirilən seçkiləri fəal şəkildə izləyən və əldə olunan nəticələrlə bağlı operativ xəbər verməyə alışan ATƏT-in timsalında digər nüfuzlu beynəlxalq təşkilatlar da Ermənistandakı seçkinin nəticələrinə dair mövqelərini hələ də açıqlamayıblar. Ermənistanla bağlı məsələlərdə biz yenə də beynəlxalq təşkilatların gözləmə mövqeyində olduğunu görürük. Halbuki, Azərbaycanla bağlı onların rəyi, özü də ədalətsiz rəyi daha tez olurdu. Təəccüblüdür, Ermənistanın öz daxilində olan siyasilər, ekspertlər seçkinin biabırçılıqla baş tutduğunu etiraf etdikləri halda beynəlxalq qurumlar niyə hələ də susurlar və bu susqunluq, bu müşahidəçi mövqe ikili standartların tətbiqindən başqa nə ilə izah edilə bilər?
Erməni politoloq Şahnazarov özü də etiraf edir ki, Ermənistanın tarixində hələ bu cür biabırçı seçki keçirilməyib. Şəxsən erməni siyasətçilərinin belə qənətinin fonunda beynəlxalq təşkilatların susqunluğu təəccüb doğurmaya da bilməz. Ona görə təəccüb doğurmaya bilmləz ki, bir-birindən qisas almağa çalışan qrupların, cinayətlə, başqasının torpağını qəsb etməklə məşğul olanların mübarizəsinin ədalətli və demokratik ola bilmyəcəyini başda ATƏT olmaqla bütün beynəlxalq təşkilatlar çox yaxşı bildikləri halda susurlar. Susduqları təqdirdə isə sanki fərqində deyillər ki, öz reputasiyalarını belə zərbə altında qoyurlar.
Bütün hallarda, dünya ictimaiyyəti Ermənistana münasibətdə fərqli mövqenin ortaya qoyulduğunun şahidi olur. Bunun isə ikili standartların tətbiqi kimi yeganə adı var. Azərbaycanda keçirilən şəffaf, ədalətli seçkilərə hər fürsətdə qara yaxmağa çalışan beynəlxalq qurumların, təşkilatların hələ də susması, müşahidəçi kimi özünü aparması, mövqe bildirməməsi ikili standartlar tətbiq edildiyini təsdiq edir. Bəzi beynəlxalq qurumların məsələyə obyektivlik prizmasından deyil, öz maraqları kontekstindən yanaşdığını isbat etməyə ehtiyac da qalmır. Çünki, əks halda ATƏT-in timsalında həmin qurumlar bu vaxta qədər çoxdan hesabat hazırlamış olardılar. Bir sözlə Ermənistandakı seçkilərdə ATƏT-in timsalında beynəlxalq qurumların ikili standartları ifşa olundu.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə