BSU-da TÜRKAP-ın təşkilatçılığı ilə görüş keçirilib TƏDBİR+FOTOLAR-VİDEO

Bu gün, Türk Dünyası Qadın Platformasının (TÜRKAP) təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan türkdilli ölkələrin parlamentlərinin bir qrup qadın üzvləri ilə Yeni Azərbaycan Partiyası Qadınlar Şurası İdarə Heyətinin üzvlərinin görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, Bakı Slavyan Universitetində keçirilən görüşdə qonaqlar əvvəlcə universitetin tələbələrinin təqdimatında türk və slavyan xalqlarının mədəniyyətini əks etdirən musiqili kompozisiyaları izləyiblər.

Sonra görüş çay süfrəsi arxasında davam etdirilib. YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycanla türkdilli ölkələr arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirib. “Əlaqələrin inkişafında vətəndaş cəmiyyətinin müxtəlif platformaları da vacib rol oynayır. Bu mənada, qadınların da təşəbbüskarlığı daim yüksək qiymətləndirilir”, deyə YAP Qadınlar Şurasının sədri Azərbaycan və Türkiyə qadınlarının əməkdaşlıq əlaqələri ətrafındakı fikirlərini vurğulayarkən qeyd edib.

YAP Qadınlar Şurasının bır sıra ölkələrin siyasi partiyalarının qadın qolları ilə əməkdaşlıq etdiyini də xatırladan Nurlana Əliyeva eyni zamanda bildirib ki, bu baxımdan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qadın qolları ilə əlaqələri xüsusilə qeyd olunmalıdır. “Qloballaşan dünyada türkdilli ölkələr arasında münasibətlərin daha güclənməsi vacibdir. Bu münasibətlərin güclənməsinə türk dünyasının qadınları da böyük töhfələr vermək imkanında və iqtidarındadır”, Nurlana Əliyeva çıxışının sonunda vurğulayıb.

Görüşdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan millət vəkili, parlamentin Dilekçe komissiyası başkanı Mihrimah Belma Satır Azərbaycanla Türkiyənin münasibətlərinin “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslandığını söyləyib. Onun sözlərinə görə, türk dünyasının qadınları arasında əlaqələrin güclənməsi zəruridir. Bu baxımdan, TÜRKAP platforması çox təqdirəlayiqdir.

TÜRKAP-ın rəhbəri İlhamə Novruzova, Şimali Kipr Parlamentinin millət vəkili Resmiyye Canaltay, Qırğızıstan parlamentinin üzvü Elvira Surabaldiyeva, YAP Qadınlar Şurası İdarə Heyətinin üzvləri- Hesablama Palatasının auditoru Mehriban Alışanova, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Sevinc Hüseynova və digərləri də çıxış edərək, bu kimi görüşlərin əhəmiyyəti barədə fikirlərini bildiriblər, əməkdaşlığın davamlı olacağına əminliklərini ifadə ediblər.

Rövşən NURƏDDİNOĞLU

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə