(Portret cizgiləri)

“Travmatologiya böyük cərrahiyədir” - Professor Ağaxan Talışinski

Sumqayıtdan və eləcə də respublikanın ayrı-ayrı bölgələrindən müraciət edənlər ona “Doktor Əlinağıyev”,- deyə müraciət edirlər. O da özünəməxsusluqla hamını böyük səbrlə dinləyir, diqqətlə qulaq asıb, sonra öz qərarını verir. Hələ heç kim deyə bilməz ki, doktor Əlinağıyev xəstələrə verdiyi ilk qərarda, diaqnozda yanılıb və ya düzgün məlumat verməyib. Məhz buna görə də Azərbaycanın hər yerindən sınıq-çıxıqla, sümük xəstəlikləri ilə bağlı xəstəsi olanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri Cəbrayıl Əlinağıyevi, yəni doktor Əlinağıyevi deyib bura gəlir və xəstəsi də az bir vaxtda şəfa tapır.

Mən onunla yaxından təmasda olduğum 52 ildə onu belə görmüşəm və belə tanımışam. Sözü, əqidəsi bütöv, insanlara canıyanan, sadə həyat tərzini xoşlayan, heç kimdə, heç nədə təmənnası olmayan, məddahlıqdan uzaq, sözü üzə deyən, öz sənətinə çox ciddi yanaşan əsl həkim, böyük ziyalı. Sözün əsl mənasında şəxsiyyət və böyük ürək sahibi olan ağsaqqal.

Doktor Əlinağıyev onunla həmyaşıd və ondan yaşca kiçiklər üçün elə lap cavan yaşından özünün oturuşuna, duruşuna, ağlına, savadına və əsasən də təmkininə, səbrinə görə ağsaqqal idi. İndi də bütün bu illərdə o daha da müdrikləşib və artıq el ağsaqqalı, əsl şəxsiyyət kimi hər yerdə hörmətlə qarşılanır. Şəxsiyyət kimi formalaşmaq isə hər adama nəsib olmur. Ola bilər ki, bir adamın 90 yaşı olsun amma şəxsiyyət kimi formalaşmasın.

Bizim onunla tanışlığımız 1965-ci ildən başlayıb. O vaxtlar biz, Nəriman Nərimanov adına Masallı şəhər 2 nömrəli orta məktəbdə oxuyanda tanış olmuşduq. O, məndən iki sinif yuxarı oxuyurdu. Onların kəndindən olan mənim bir neçə sinif yoldaşım vardı. Həmin vaxtı bu məktəb Masallı rayonunun "universitet"i sayılırdı. Belə ki, Masallı rayonunda cəmi 4 orta məktəb olduğuna görə, demək olar ki, kəndlərin çoxundan orta təhsil almaq üçün uşaqlar bu məktəbə gəlirdilər. Bir də ona görə bura gəlirdilər ki, bu məktəbdə dərs deyən müəllimlər də çox savadlı və say-seçmə pedaqoqlar idilər. Valideynlər də istəyirdi ki, övladları məhz bu məktədbə təhsil alsınlar. Hətta uzaq kəndlərdən oxumağa gələn şagirdlər üçün məktəbin nəzdində yataqxana vardı. Bu yataqxana özü də sanki, bir məktəb idi. Burada da müəllimlər dərsdən sonra şagirdlərə bilmədiklərini öyrədir və onları ayrı-ayrı məşğələlərə cəlb edirdilər.

Biz, “şəhər uşaqları” çox zaman maraq üçün həmin yataqxanaya gedir, sinif yoldaşlarımız və bizdən yaşca böyüklərlə təmasda olurduq. Bax həmin şagirdlərin arasında Cəbrayıl həqiqətən də özünün savadına, ağlına və təmkininə görə başqalarından seçilirdi. O, dərslərini əla qiymətlərlə oxuyurdu. Ona görə demək olar ki, yataqxanada olan uşaqların çoxu nəyisə bilməyəndə Cəbrayıla müraciət edirdilər. O da səbrlə onlara bilmədiklərini öyrədirdi.

Həmin yataqxanada Cəbrayılın müəllim kimi hörməti vardı. Gələcək arzulardan söz düşəndə o deyirdi ki, “mən həkim olacam”. Özü də bu sözləri elə inamla deyirdi ki, hamımız inanırdıq ki, o, hökmən həkim olacaq. Baxmayaraq ki, Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olmağın çox çətin olduğunu bilirdik. Orta məktəb yoldaşlarım deyirdilər: “Cəbrayıl ona görə həkim olmaq istəyir ki, Böyük Vətən Müharibəsindən qolu şikəst gələn atası Fərman kişini cərrahiyyə edib, onun qolunu sağaltsın”.

Doktor Əlinağıyev həqiqətən də ali məktəbi bitirəndən sonra ilk cərrahiyyə işini həmin vaxt Masallıda sayılıb-seçilən müəllimlərdən və ağsaqqallardan biri olan atası Fərman kişinin üzərində apardı və həqiqətən də atasının əl barmaqlarını sağaltdı. Bu addımı ona böyük hörmət qazandırdı.

1965-ci ildə Cəbrayıl Əlinağıyev orta məktəbi gümüş medalla bitirdi. Biz bilirdik ki, əslində o, qızıl medala layiq idi. Burada da haqsızlıq özünü göstərdi. Bilərəkdən ona rus dili fənnindən 4 qiymət yazdılar ki, qızıl medal ala bilməsin. Amma tale elə gətirdi ki, doktor Əlinağıyev özünün elmi işini rus dilində yazdı və əla qiymətlə tibb elmləri namizədi, alimlik dərəcəsi adını aldı. Hətta öz elmi işi olan avtoreferatı və alimlik dərəcəsi vəsiqəsini gətirib ona rus dili fənnindən 4 qiymət yazan müəllimə göstərərək onu utandırdı. Deməli, doğrudan da atalar düz deyib: “Nə olursa yaxşılığa doğru olur”.

Tələbə yoldaşları ilə - bu şəkilin 50 illik tarixi var

Cəbrayıl elə həmin il, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika şöbəsinə əla qiymətlərlə qəbul oldu. Orta məktəbdə olduğu kimi burada da tələbə yoldaşları arasında seçildi. Hətta onu qrup nümayəndəsi seçdilər. Bu haqda onun qrup yoldaşı və mənim hal-hazırda müalicə aldığım “Bilgəh” Kardioloji Sanatoriyasının baş həkimi, Əməkdar həkim Müxtar Qədir oğlu Əhmədov söhbət əsnasında belə dedi:

- Biz, onunla 1965-ci ilin sentyabr ayında tanış olmuşuq. Elə həmin vaxtdan da ümumi münasibətimiz yaranıb. Belə ki, o, çox savadlı, qabiliyyətli olduğuna görə, Cəbrayılı bizim institutun ikinci qrupunun qrup nümayəndəsi, yəni “starosta” seçdilər. İndi də biz tələbə yoldaşları ona “starost”, - deyə müraciət edirik. O, elə ilk günlərdən özünü yaxşı bir təşkilatçı, savadlı insan kimi sübut etdi. İnstitutda biz təhsil aldığımız vaxtlar dərs kitabları olmadığına görə çoxlu mühazirələri dəftərə yazırdıq. Bəzən elə olurdu ki, bir fənnən 30-40 səhifə yazırdıq. Bizim yazılarımız “ilan-qurbağa” kimi idi. Amma Cəbrayıl elə səliqəli, gözəl yazırdı elə bil muncuqdur ki, sapa düzübsən. Ona görə də çox vaxt biz imtahanlara hazırlaşdığımız ərəfədə yazdıqlarımızı oxuya bilmədiyimizə görə onun dəftərlərini götürüb, imtahanlara hazırlaşırdıq. Cəbrayıl doktoru bir də ona görə yaxından tanımışam ki, biz hər ikimiz Azərbaycan Dövlət Tibb İnstitutunun yataqxanasında bir yerdə, amma qonşu otaqlarda qalırdıq. O, dərslərə hazırlaşmağa necə səliqəli idisə, yemək bişirməyə də elə idi. Biz çayı bir yerdə içir və yeməyi bir yerdə yeyirdik. Cəbrayıl həkim çox yaxşı kartof, kolbasa qızardırdı. Bu gün də onun bişirdiyi bu yeməklərin dadı damağımdadır. Onun cərrahiyyəyə həvəsi çox olduğuna görə ikinci kursdan bu sahə ilə daha ciddi məşğul olurdu. Gündüz dərsdən gələndən sonra bir-iki saat yatıb, sonra gedirdi xəstəxanaya gecə növbəsinə. Müəllimimiz, rəhmətlik cərrah Haqverdiyev onun belə qabiliyyətini görüb Cəbrayılı gecə özü ilə növbəyə dəvət edirdi. Təsəvvür edin ki, o, gecə növbəsində yatmayıb, səhərə qədər yuxusuz qalır və səhər tezdən yenə də bir-iki saat yatıb dərsə gedir, dərsdən sonra da bir-iki saat yatıb, yenə də gecə növbəsinə gedirdi. Bax tələbəlik dövründən belə zəhmətkeş, alicənab insan idi Cəbrayıl həkim. Ona görə də təkcə qrup yoldaşlarımız yox, ali məktəbdə oxuyan əksər tələbələr onun xətrini çox istəyirdi. O, hamıya bilmədiyini çox böyük həvəslə, səbrlə öyrədirdi. Biz onu heç vaxt hirslənən, təmkinini pozan görməmişik. Doktor Əlinağıyevin savadlı, təmkinli, təşkilatçı olmağı ilə birlikdə həm də çox yaxşı dostluq etmək qabiliyyəti var. Buna görə ali məktəbimizdə olan tələbələrin çoxu onunla yaxşı münasibət qurmuşdu. Məhz buna görə də doktor Əlinağıyevi mən ilk gündən işgüzar, qabiliyyətli, savadlı insan kimi tanımışam. Ali məktəbdə oxuduğumuz dövrdə dərslərmizdən əlavə hər birimiz idmanın bir növü ilə məşğul olurduq. Cəbrayıl da idmanın ağırlıq qaldırma növü ilə ciddi məşğul olurdu. Bu sahədə təkcə institutda yox, Bakı şəhərində keçirilən Tələbələrin Respublika yarışlarında da Cəbrayıl ən yüksək pillələrə qalxdı. Biz, bu sahədə də tələbə yoldaşımızla fəxr edirdik. Bundan başqa doktor Əlinağıyev ali məktəbimizin bütün ictimai işlərində çox yaxından iştirak edirdi. Bu sahədə də o, sevilirdi. Hamımız üçün maraqlısı o idi ki, Cəbrayıl bütün işləri vaxtında çatdırır və gördüyü hər işi də yüksək səviyyədə görürdü. Onunçün orta hədd yoxdur. Elə tələbəlik illərindən nə işi görürsə yüksək səviyyədə görür. Dostluqda da, yoldaşlıqda da çox sədaqətlidir. Belə ki, tələbə yoldaşlarımızın ad günlərinə, toylarına bir yerdə getmişik, eləcə də onunla Sank-Peterburqa, Moskvaya bir yerdə səfər etmişik. Cəbrayıl yol-yoldaşı kimi də hamının sevimlisi olub. O, ali məktəbi bitirən kimi ailə həyatı qurdu. Biz, tələbə yoldaşları onun toyunda yüksək səviyyədə iştirak etdik. Atası, qardaşları ilə tanış olduq. Gördük ki, ailələrində də böyük mehribançılıq, birlik var. Bir sözlə doktor Əlinağıyev çox maraqlı insan və əsl şəxsiyyətdir.

Ali məktəbdən sonra da bizim əlaqələrimiz kəslimədi. Mən təyinatla Naftalana, Cəbrayıl isə institutun elmi şurasının qərarı ilə travmatologiya və ortepediya kafedrasında klinik ordinaturada oxuyub, sonra Sumqayıta işləməyə göndərildi. Mən 30 il Naftalanda baş həkim işlədim. Sonra 2000-ci ildən bura, “Bilgəh” Kardioloji Sanatoriyasına baş həkim işləməyə gəldim. Onu da vurğulamaq istəyirəm ki, Cəbrayılı biz bir də ona görə çox sevirik ki, o, çox ağıllı, savadlı, millətimizə, xalqımıza layiq dörd övlad böyüdüb və onları yüksək səviyyədə tərbiyə edib. İki qızı, iki oğlu var. Hamısı ali təhsilli mütəxəssisdir. Onlardan üçü həkim kimi atasının yolunu davam etdirir. Oğlunun biri, Babək isə tibb üzrə fəlsəfə doktorudur. Çox yaxşı, savadlı həkimdir. Doktor Əlinağıyevin 7 gül parçası olan nəvəsi var.

Cəbrayıl Əlinağıyev tələbəlik illərindən sonra taleyini Sumqayıtla bağladı. Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına həkim kimi işləməyə gəldi. İlk gündən burada da az vaxtda özünün savadına, təşkilatçılığına və yüksək səviyyəli həkim olduğuna görə hamı tərəfindən sevildi. Onun belə savadlı, işgüzar, təşkilatçı həkim olduğunu görən Sumqayıt Təcli Tibbi Yardım Xəstəxanasının baş həkimi, çox xeyirxah insan, peşəkar cərrah olan mərhum İzzər Sadıxov onu 1974-cü ildən Travmatologiya şöbəsinin müdiri vəzifəsinə təyin etdi. Bax elə həmin vaxtdan da bu günə kimi Cəbrayıl Əlinağıyev həmin şöbəyə böyük uğurla, yüksək təşkilatçılıqla rəhbərlik edir.

Bu illərdə o, öz üzərində daim çalışır. Həkim kimi bir an da öz işindən ayrılmır. Baxmayaraq ki, bu illərdə onu Sumqayıtdakı bir neçə xəstəxanaya baş həkim göndərmək istəyiblər, amma getməyib. Onun bir sözü var: “Mən heç vaxt həkimlik sənətimi vəzifəyə dəyişmərəm. Mən xalqıma həkim kim daha çox lazımam”.

Bu da həqiqətən özünün yüksək nəticələrini verib. Belə ki, Cəbrayıl Əlinağıyev Kiyevdə tibb elmləri namizədi, alimlik dərəcəsini alıb. Dəfələrlə dünya səviyyəli tədbirlərdə iştirak edib. Oradakı çıxışları xarici ölkələrin tanınmış alimləri tərəfindən yüksək qarşılanıb. Onun əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Cəbrayıl Əlinağıyev Azərbaycan Respublikasının Əməkdar həkimi fəxri adına layiq görülüb. Ölkə başçımız tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. Ali məktəbdə necə böyük həvəslə ictimai işlərdə çalışdığı kimi Sumqayıtda da bir neçə dəfə şəhər sovetinin deputatı seçilib. İki dəfə Sumqayıt şəhər Bələdiyyəsinin üzvü seçilib. O, yorulmaq bilmədən həm öz iş yerində və həm də Sumqayıt şəhərində həmişə əlindən gələn bütün koməklikləri insanlara edir. Sumqayıtı özünün tale şəhəri bilir. Həmişə də deyir ki, “mən nə uğurlara çatmışamsa məhz bu şəhərdə çatmışam. Ona görə də bu şəhər mənim üçün çox doğma və əzizdır”.

O, Sumqayıt şəhərinin baş ortopedi-travmatoloqudur. Ona görə Cəbrayıl həkimin adı gələndə hamı bu sözləri deyir: “Doktor Əlinağıyev uşaqdan böyüyə kimi hamının sevimlisi, ağsaqqalıdır. Çünki o, bizim ümid qapımız, pənah apardığımız əsl həkimdir”.

Artıq ömrünün 70 baharını dekabr ayının 13-də arxada qoyan doktor Əlinağıyev yenə də böyük həvəslə öz sevimli sənəti olan həkimliklə məşğul olur. Dahilərdən biri deyib: “Bir həkim bir aləm deməkdir. O aləm ki, Ulu Tanrının yer üzərində sevimlisi, nümayəndəsi və əsl elçisidir”.

Bu sətirləri yazandan sonra bürclər adlı kitaba baxdım. Orada belə yazılıb ki, Oxatan bürcündə anadan olanlar Ulu Tanrının seçilmiş insanları olmaqla, yüksək səbrə, ağıla, təşkilatçılığa malik insanlar olurlar. Onlar öz məqsədlərinə doğru böyük səbrlə, dözümlə gedib, istədiklərini əldə edə bilirlər. Məhz ona görə də dahilərin çoxu məhz bu bürcdə anadan olan insanlardır. Doktor Əlinağıyev də bu bürcdə anadan olub. O da öz sənətində artıq yüksək mütəxəssis olduğunu tam sübut edib. Bu sahədə bir neçə ixtiraları, çoxlu elmi məqalələri var. Və peşəkar həkim kimi sağ qalacağına çoxlarının şübhə etdiyi çoxlu insanları ölümün pəncəsindən alıb, onlara ikinci həyat verib. Məgər əsl həkim üçün bundan da böyük xoşbəxtlik, sevinc, mükafat ola bilərmi? Belə həkimlərə isə dünyada Hippokrat andına sadiq olanlar deyirlər. Bu da hər həkimə nəsib olmur. Deməli, doktor Əlinağıyev bu sahədə də Ulu Tanrı tərəfindən seçilmiş insan və böyük şəxsiyyətdır. O, artıq öz adını Azərbaycan tibb tarixinə yazmış əsl həkimdir!

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə