MSK-da MDB nümayəndə heyəti ilə görüş keçirilib

Martın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən SİA-ya bildiriblər ki, ölkəmizdə keçirilən seçki prosesinin müşahidəsində daim yaxından iştirak edən MDB nümayəndə heyətini salamlayan sədr Məzahir Pənahov prezident seçkiləri ərəfəsində MSK-da keçirilən görüşdən məmnunluğunu bildirib. Sədr, həmçinin qeyd edib ki, beynəlxalq təşkilatlarla və onların müxtəlif qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığa xüsusi əhəmiyyət verən MSK bu münasibətləri bundan sonra da davam etdirmək niyyətindədir.

Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri Viktor Quminski qarşıdan gələn prezident seçkilərinə hazırlıqlarla maraqlanıb. MSK sədri M.Pənahov sualları cavablandıraraq, ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün reallaşdırılmış layihələrdən və bundan sonra atılacaq addımlardan bəhs edib.

Görüşdə, həmçinin seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə