Yeni vahid məktəbli forması nə vaxtdan tətbiq ediləcək? RƏSMİ AÇIQLAMA

Yeni tədris ili ilə bağlı son günlər müzakirə olunan əsas məsələlərdən biri yeni məktəbli formaları ilə əlaqədardır. Bir çoxları yeni vahid məktəbli formalarının bu ildən tətbiq olunacağını, bəziləri ilə növbəti illərdə həyata keçiriləcəyini deyir. Belə olan halda, sual meydana çıxır. Bəs yeni vahid məktəbli formları nə zamandan tətbiq olunacaq.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Təhsil Nazirliyinin İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşı Billurə Hacızadə söyləyib ki, yeni tədris ilində ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqində dəyişiklik olmayacaq.

Onun sözlərinə görə, vahid məktəbli formasının 2020-2021-ci tədris ilindən tətbiqi nəzərdə tutulur: “Təhsil Nazirliyində qeyd olunan məsələ ilə bağlı İşçı Qrupu yaradılıb. Bununla əlaqədar Bakı Tikiş Evinə müraciət olunub, hazırda müvafiq işlər aparılır, dizaynerlər tərəfindən formaların ilkin variantı hazırlanmaqdadır. Yeni məktəbli formasının dizayn layihəsi ictimai rəyə çıxarılacaq, bu zaman valideyn, müəllim və şagirdlərin rəyinə üstünlük veriləcək”.

B. Hacızadə vurğulayıb ki, yekun rəydən sonra 2020-2021-ci tədris ilindən ölkənin ümumtəhsil məktəblərində yeni vahid məktəbli forması tətbiq olunacaq.

Məlumat üçün nəzərinizə çatdıraq ki, vahid məktəbli forması yalnız dövlət ümumtəhsil məktəblərində tətbiq olunacaq. Liseylər də bu və ya fərqli forma tətbiq edə bilərlər. Məktəbli formasının qiymətini Bakı Tikiş Evi müəyyənləşdirəcək. Geyim forması tam qərarlaşdırıldıqdan sonra qiymət məsələsinə də baxılacaq”.

Qeyd edək ki, hazırda ölkə üzrə 1 milyon 400 minə yaxın şagird var

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə