Nazir "Musei Reali di Torino" Muzeyinin direktoru ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tvinninq layihəsi çərçivəsində İtaliyanın Turin şəhərində fəaliyyət göstərəin "Musei Reali di Torino" Muzeyinin direktoru xanım Enrika Pagella ilə görüş keçirib.

SİA-nın məlumatına görə, görüşdə Azərbaycan və İtaliya muzeyləri arasında əməkdaşlığın qurulması, birgə layihələrin təşkili müzakirə edilmişdir. Xüsusi hazırlanmış mədəni proqram çərçivəsində E.Pagella səfər zamanı Bakı şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Yarat Müasir İncəsənət Mərkəzi ilə tanış olmuş, bununla bağlı görüş zamanı məmnuniyyətini ifadə etmiş və əməkdaşlığa dair müvafiq təkliflərini bildirib.

Nazir Əbülfəs Qarayev Tvinninq layihəsi çərçivəsində aparılan fəaliyyətlər barəsində məlumat vermiş və Nazirlik tərəfindən yeni təkliflərin həyata keçirilməsinə dair aparılan işlər barəsində danışıb. O, həmçinin İtaliyanın və Azərbaycanın ən yaxşı təcrübələri əsasında qarşılıqlı əməkdaşlığın qurulmasını dəstəkləmiş və müvafiq sahələr üzrə layihələrin, o cümlədən tədris proqramlarının, araşdırma işlərinin və müxtəlif səpkili sərgilərin və ikitərəfli mədəni tədbirlərin təşkilini tövsiyyə edib.

Sonda E.Pagella Azərbaycan nümayəndə heyətini Turin şəhərində yerləşən muzeyləri, restavrasiya mərkəzlərini və digər mədəniyyət müəssisələrini ziyarət etməyə dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...