İslahatın ilk hədəfi: Düşüncə “inqilabı”!

Çoxdan vacib olan proses başlayıb ölkəmizdə. Cəmiyyəti illərdir ki, sıxan, narahat edən əngəlləri aradan qaldırmaq, yeni düşüncəli kadrlarla dövlətin sütunlarını gücləndirmək, insanlarla səmimi ünsiyyət qurub onların dərdinə çarı qılacaq, dövlətin imicini vətəndaşın gözündə yüksəldəcək kadrları işə qoşmaq ən vacib və strateji məsələdir. Sadə və aktual bir məqamı xatırladım: Dövlət institutlarında mükəmməl yeniliklər, ilk növbədə neçə illərdir ki, bəzi bürokratların qapısında mürgü vurmağa məcbur olan, bütün bunlardan sıxıntı çəkən sadə insanlar üçün əsl cənnət qapısı açmağa bərabər işdir. Bu, sadəcə yeni elan edilən islahat proqramına hansısa formal tərif demək deyil. Bu, sadəcə və sadəcə gerçək ictimai ehtiyacın məntiqi təsviridr. Cəmiyyətdə mövcud olan əyri-əksikliklərə son qoymaq, yeni, müasir yanaşma üsulu ilə çalışmaq və qərarları icra etmək olduqca vacibdir. Özü də dünyanın və sivilizasiyanın indiki vaxtında bu məqam qaçılmazdır.

Amma hər şeydə olduğu kimi, bu islahat prosesində də diqqət edilməsi lazım olan ən vacib məqam, formallığı yaxına buraxmamaq, real, gerçək işlərə yol açmaqdır. Bunun üçün əməli işə girişmək tələb olunur, başqa heç nə!.
“Hardan başlamalı” qərarına gəlsək, cəmiyyətin əl gəzdiriləsi o qədər problemi var ki. Amma unutmayaq ki, əməli iş ilə bu yanaşmaya başlamaq gərək. Əks halda yenə formallıq cərgəsinə düzüləcək bu ideyada durna qatarı kimi...

Əslində artıq neçə ildir ki, ölkəmizdə islahat prosesi mərhələli şəkildə reallaşmaqdadır. Özü də effektli bir tərzdə. Minlərlə insanın canını süründürməçilikdən, get-gəldən qurtaran ASAN Xidmət sisteminin işə düşməsi, məncə cəmiyyətdəki islahat anonsunun ilk siqnalı idi. Cəmiyyət, sözün əsl mənasında yeniliyə ac idi. Süründürməçilikdən, bəzi rüşvətxor insanlardan, ümidsizlikdən bezən ictimai mühit, artıq geridə qalıb demək olar. İnsanlar bir növ yeni, amma hələ də tam təsəvvür etmədikləri, amma illərdir həsrətində olduğları düşüncə tərzi və idarəetmə sisteminin qoxusunu alıblar sanki.

Nədən?-çünki artıq cəmiyyətdə əməllicə islahat ab-havası, sabaha ümid qığılcımı var. Həm də ona görə ki, neçə ildir bu istiqamətdə məhz həmin ümidsiz cəmiyyəti ÜMIDLƏNDIRƏN işlərə başlanılıb. Asan Xidmət-in daha bir əsas özəlliyi, əsasən də ümidsiz insanları ümidləndirən cəhəti onunla bağlıdır ki, bu sistemin işə düşməsi ilə, illərdir başqa sahələrdə üfunət iyi verən digər süründürməçilik “anbarı” tamamilə sıradan çıxarıldı və ictimai zibilliyə gömüldü. Bu, sözün əsl mənasında əsl İCTİMAİ İNQİLAB idi. Istənilən vətəndaş, siyasi mövqeyindən və sosial durumundan asılı olmayaraq hər kəs əlini vicdanına qoyub etiraf edər ki, sovet bürokratiya sisteminin tamamilə çökəldilməsi və cəmiyyətdən alaq otu kimi təmizlənməsi üçün ilk çığırı məhz Asan Xidmət açdı. Asan Xidmət demək olar ki, ümidsiz ictimai xofu tamamilə dağıtdı. Hər kəs anladı ki, süründürməçilik etmədən də vaxtında istənilən məsələnin həllinə nail olmaq mümkündür.

Əslində islahat, yenilik prosesinin inzibati-struktur tərəfi ilə yanaşı, ən vacib məqamı məhz bu yeniliyi dərk edərək yola çıxan YENİ TƏFƏKKÜR və DÜŞÜNCƏ sahibi olmaqdır. Yəni bu islahatı reallaşdıracaq insan faktorunun ən əsas özəlliyi, ilk növbədə islahat və yenilik ehtiyacını hava və su qədər önəmli olduğunu dərk edən beyin və düşüncəyə sahib olmaqdır. Məncə indiki mərhələdə bizim ən çox və ən əsas ehtiyac duyduğumuz məsələ budur. Yaş fərqinə görə az yaşlı, amma yenilik şüurunda olmayan kəsimlə yeni yola çıxmaq da eyni dərəcədə təhlükəlidir. İnsan şüurunda yenilik ehtiyacı olmadan və yeniliyə köklənmiş fikir olmadan hansısa uğura və yeniliyə sahib olmaq da olduqca çətin məsələdir.
Fikir verin, uzun illərdir ki, bir sıra adamlar oturduqları kreslolarda elə ilk gündən vəzifəyə təyin olunduğları düşüncə ilə ayrılırlar. Nədən?, çünki yenilik, yeni işlər görmək, xüsusilə zaman faktoruna önəm verib dünya ilə ayaqlaşmaq təfəkkürü çoxdan dəfn olunub beyinlərdə. Yenə Asan Xidmət sektorundan daha bir misal. Bu yeni sistemin əsas özəlliklərindən biri də o oldu ki, ictimai şüurda tərpəniş yarandı, dövlətlə yanaşı cəmiyyət də bu islahat prosesinin əsl qurtuluşa bərabər missiya olduğu barədə həmrəylik göstərdi. Çünki artıq yenilik ehtiyacı qaçılmaz idi. Amma bu fikirdə qəti əminəm ki, islahat üçün ilk addım düşüncələrdən, təfəkkür və şüurun yenilənməsindən asılıdır. Çünki köhnə düşüncə ilə yeni iş qurmaq, daha çox çürük taxta ilə yeni ev tikmək həvəsinə bənzəyir. Odur ki, düşüncə “inqilabı” islahatın ilk açarıdır!

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə