İtinə “qızıl” adı qoyan kasıb və ya müxaliflərin ad oyunu

Kim nə deyir desin, mən yazılarımda atalarımızın bizlərə qoyub getdiyi qiymətli kəlamlardan istifadə etməkdən yorulmuram. Mənim düşüncəmə görə, nə “Qabusnamə” kimi nəsihət kitabı, nə min illərdir fikirlərindən hər sahədə gen-bol istifadə olunan antik yunan filosofu Aristotel, nə də Qərbin dünyaca məşhur filosofları bizim atalarımızın miras qoyub getdiyi kəlamlardakı qədər dərin söz yükünə malik deyillər. Ona görə də, mən elə bu kəlamlardan, yeri gəldikcə, istifadə etməkdən usanmıram.
Atalarımızın bir kəlamını da xatırlatmaq istəyirəm: “Kasıb itinin adını qızıl qoyar”! İndi kasıb yerində bizim bəzi antimilli siyasət dəllallarımızı görsək (yəni mənəvi kasıbları), yaratdıqları quruma verdikləri adları xatırlasaq, anlaşılar ki, bu misalın bizə hansı dəxli var! Heç yadımdan çıxmır, AXC hakimiyyətinin qızğın dövründə Azərbaycan Respublikası Prezident Aparatı Kadr və Ərazi-İdarəetmə Məsələri üzrə Dövlət Müşaviri (?) Arif Hacılı düşmüşdü rayonların canına ki, vəzifədə olan hər kəs gecikmədən Müsavat partiyasına üzv olsun. Onu da deyirdi ki, tezliklə hakimiyyət tamamən müsavatlaşacaq və müsavatçı olmayanlar tutduqları vəzifələrində kənarlaşdırılacaq. Niyə Müsavat? Çünki 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin əsas ideologiyası olan müsavatçılığın xalq içində nüfuzu böyükdür. Rəsul müəllim demişkən, bədbəxtlər elə düşünürdülər ki, adını Müsavat qoydular, vəssalam, millət "hurray" deyib yüyürəcək onların ardınca. Bundan bir-iki il sonra AXC-nin "yurdçu"ları təşkilatın adının sonuna bir “P” hərfini əlavə edib, elədilər AXıCıPı! Azərbaycanın müstəqilliyi uğrunda ümumxalq hərəkatının önündə gedən bir qurum kimi, AXC adını özəlləşdirməklə, bu bədbəxtlər də elə bildilər ki, o, milyonların hamısı axışacaq AXıCıPı-ya. Beş-altı il bundan öncə, xaricdən alınan sifarişlə təzə bir qurum yaratdılar. Yenə Azərbaycan Xalq Cümhuruyyətinin parlamenti kimi əvəzsiz xidmətləri olan Milli Şuranın adını verdilər bu «Milli Şura»ya ki, camaat ağına-bozuna baxmayıb, elə adına görə bu qurumu baş tacı edəcək. Beləcə, millətin tarixində nə qədər mühüm rol oynamış qurumlar,ideologiyalar olubsa, hamısının adını verdilər özlərinin antimilli fəaliyyət göstərən təşkilatlarına. Nəticəsi? Nəticə hamıya məlumdur. Danışdıqca özlərini biabır elədilər, bağırdıqca, rüsvay oldular, ölkə əleyhinə hər cür hoqqadan çıxdılar və millət də onların simalarını (oxu: simasızlıqlarını) gördü, arxasına baxmadan qaçdı. Qaçdı ki, bu biabırçılıqda iştrakçı olmasın.Beləcə, yarpaq tökümü başladı, sonda da oldular payız ağacı kimi tək gövdə və bir-iki budaqla ortada. Bunlar yaxşı.Yəni xalqın bu adlara aldanmaması, reallığın gözünün içinə dik baxması çöx gözəldi. Amma gözəl olmayan bir şey var axı!.. O da, ibarətdi ondan ki, bu millətin tarixində əvəzsiz rollar oynamış qurumların adlarından sui-istifadə olunub. Nəticəsində də, bu tarixi qurumların, ideologiyaların adlarını, xüsusilə, tariximizi kifayət qədər yaxşı bilməyənlər arasında, az da olsa, gözdən salıblar (Nə yazıqlar ki, yeni nəsil arasında tariximizi nükəmməl bilənlərin sayı o qədər də çox deyil.). Dəfələrlə qarşılaşmışam ki, Müsavat adı, ya AXC, ya da "Milli Şura" adı çəkib, nəsə demək istəyəndə, ağız büzüb gediblər. Bu gün tariximizin böyük xəzinələrinə bu cür hörmətsizlik gətirməyin özü milli xəyanət deyilsə, bəs nədir? Bu adlardan istifadə edən toplum, onun tarixi nüfuzuna xələl gətirilməməsi naminə, gərək idi ki, məsuliyyət hiss edəydilər. Amma etmədilər və artıq bundan sonra hiss edəcəkləri məsuliyyətin də bir faydası olmayacaq. Bilmirəm, bəlkə tariximizə edilən bu sui-qəsdə görə günahkarları cəzalandırmaq haqqında düşünək ki, bu adların nüfuzunu yenidən özünə qaytarmaq mümkün olsun! Axı hakimiyyət xatirinə, vəzifə və kreslo xatirinə babalarımızın yaratdığı irsə xələl gətirməyin özü qədər milli xəyanət nə ola bilər? Bu siyasət dəllalları kasıb itinə qızıl adı verib, varlanacağını düşündüyü kimi, qurumlarına müqəddəs irsimizdəki ən qiymətli adları verib, bu yolla nüfuzlu olacaqlarını, hakimiyyətə gələcəklərini hesablamışdılar. Amma “qızıl” itin sahibi necə varlanardısa, bunlar da eləcə hakimiyyətə gələ bilərdilər. Necə ki, gələ bilmədilər və gələ də bilməyəcəklər!..

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə