Xocalıda göz yaşları cücərir - çiçək yerinə

Səni də sevmədim, fevral ayı, özü də heç sevmədim. Səni də yazdım sevmədiyim ayların sırasına. Sən də sevmədiklərimdən biri oldun. Üzümü güldürmədin, özü də heç güldürmədin. Deyirlər e, üzündə güllər açıb, amma mənim üzümdə güllər əvəzinə, göz yaşları cücərtdin. Təqvimdəki aylara səslənirəm, sizinləyəm, hərəniz bir dərdlə gəldiniz gələndə, heç nə vermədiniz bizə. Aldıqlarınız yaman oldu, aldıniz ala bildiyiniz qədər. Nə ölçüyə gəldi, nə də çəkiyə. Aldıqlarınızı saysam...

Qışda doğulduğuma görə qışı çox sevirdim, amma sevmirəm indi, səbəbi isə... Səbəbini desəm, dağ dağlığıyla götürməz, amma nə gücün sahibiyiksə, biz götürmüşük. Günlər həftələri, həftələr ayları, aylar illəri əvəz etdikcə, dönüb bir anlıq arxaya baxanda, nələri itirdiyimizi anlayırıq. Görəsən, itirməyə məhkumuqmu? Taleyimizlə oynaya-oynaya nələri itirdiyimizin fərqinə varmırıq belə. Deyirlər torpağın üzü soyuq olur, həqiqətən də, beləymiş. İtirə-itirə getdikcə, unutqan oluruqmuş, özü də necə. Dəhşətə bax ki, itirdiklərimizi unutmamaqçün aylarda ayrıca bir günlə qeyd edirik, bu da - 26 fevral Xocalı soyqırımı. İtirdiklərimizin günahkarı elə özümüzük. Görünən odur ki, təkcə insan və torpaq itkisi ilə kifayətlənmirik. Qətrə-qətrə, qarış-qarış, hissə-hissə, parça-parça itirmişik. Torpaq itirmək qorxusu dərdlərin ən böyüyüdür. Bu dərd haqq dünyasına köçəndən sonra da bizi izləyəcək, göynədəcək, sızladacaq. İtirdiklərimiz bir və ya bir neçə nəfər olsa da, axtaranların dərdi min oldu. Gözü yolda olanlar uçan quşdan belə xəbər gözləyirlər. Elə bu gün də gözləyirlər...

Biz gözləyirik, dərdimizi cücərdə-cücərdə...

Aşıq, ağıllı anam,

Dili nağıllı anam.

Ay boğçası şirinli,

Şəkər, noğullu anam.

Əzizim, ellər ağlar,

Çiçəklər, güllər ağlar.

Nakam bir ömür üçün,

Ağaran tellər ağlar.

Afət TAHİRQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə