İzyum sakinləri Ukraynanın nəzarətində olan əraziyə keçmək istəyirlər

Xarkov vilayətinin işğal olunmuş İzyum şəhərinin 10 minə yaxın sakini Ukraynanın nəzarətində olan əraziyə getmək istəyir.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə avqustun 10-da informasiya telemarafonunun efirində İzyum şəhər şurasının deputatı Maksim Strelnik məlumat verib.

Onun sözlərinə görə 10 minə yaxın mülki şəxsin təxliyəsi gözlənilir, çünki artıq qış mövsümü yaxınlaşır və istilik təchizatı ilə bağlı vəziyyət cox çətindir.

Strelnik onu da əlavə edib ki, hazırda işğal olunmuş İzyumdan Ukrayna hakimiyyətinin nəzarətində olan əraziyə getmək çox çətindir, lakin bu, könüllülərin, Ukrayna hökumət orqanlarının və beynəlxalq təşkilatların nümayəndələrinin birgə səyləri nəticəsində mümkündür.

“...Təhlükəsizlik baxımından bu cür təxliyələrin təfərrüatları barədə danışa bilmərəm, çünki daha minlərlə insan bu marşrutdan istifadə etmək istəyir, lakin təəssüf ki, yalnız bir neçəsi bunu bacarır. İnsanlar, ilk növbədə, 14 yaşına çatmamış uşaqları, qadınları və 61 yaşdan yuxarı insanları köçürürlər”.

Rusların İzyum istiqamətindəki hərbi uğursuzluqlardan bütün qəzəblərini müvəqqəti işğal olunmuş şəhərin dinc sakinlərindən çıxarmağa çalışdıqlarını deyən İzyum Şəhər Şurasının deputatı, hazırda Ukrayna ordusunun düşmənə əks-hücumlar etdiyini və İzyum rayonunda bəzi yaşayış məntəqələrini azad etdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə