Çexiya Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Rusiya qazının tədarük haqqını rublla ödəməkdən imtina edib. Eyni zamanda, ölkə müəyyən şərtlər daxilində 2022-ci ilin sonuna qədər Rusiya Federasiyasından neft almaqdan imtina etməyə hazır olduğunu bildirib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Çexiyanın Sənaye və Ticarət Nazirliyinin rəhbəri Yozef Sikela deyib.

Onun sözlərinə görə, Çexiya yanacağın böyük hissəsini Qərbi Avropa birjalarından aldığı üçün, Rusiya qazının ödənişini də avro ilə davam etdirmək niyyətindədir.

"Rusiya Federasiyasından birbaşa qaz alan yeganə Çex şirkəti ČЕZ enerji şirkətidir, o, avro ilə ödəyir və ödəməyə davam edəcək", - Sikela bildirib.

O əlavə edib ki, Çexiya 2022-ci ilin sonuna kimi Avropa ölkələrinin Rusiyadan neft almasını dayandırmaq barədə Avropa İttifaqının təklifini dəstəkləməyi planlaşdırır. Bununla belə, bunun üçün enerji xammalının birgə alınması planlarını həyata keçirmək lazımdır. Eyni zamanda, Aİ-nin müəyyən ehtiyatları olmalıdır. Sikela vurğulayıb ki, bu tədbirlər Rusiya xammalının rədd edilməsindən sonra Avropa bazarında mümkün enerji resursları çatışmazlığını əhatə edə bilər.

Bir daha xatırladaq ki, prezident Vladimir Putin Rusiyaya “dost olmayan ölkələr” üçün qazının tədarük haqqını rublla ödəmələ bağlı fərman imzalayıb.

Siyahıya Kanada, Böyük Britaniya, ABŞ, Ukrayna və Avropa İttifaqı dövlətləri daxildir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə