Bayden dollardan istifadə edir SANKSİYA SİLAHI KİMİ

ABŞ prezidenti Co Bayden dollardan sanksiya silahı kimi istifadə edir və ona görə də bütün dünya indi iqtisadi gərgindir. SİA xəbər verir ki, bu sözləri Dövlət Dumasının deputatı Adalbi Şxaqoşev RİA Novosti-yə açıqlamasında deyib.

Qeyd edək ki, Bayden daha əvvəl bildirmişdi ki, Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiya bankları dollarla əməliyyatlar apara bilməyəcək.

"Bayden indi öz bəyanatı ilə bütün dünyanı iqtisadi cəhətdən gərginləşdirib. Çünki o, indi birbaşa olaraq dollardan sanksiya silahı kimi istifadə edir. Bu, çox çətindir, çünki bu gün biz sanksiyalardan mütləq qorxmayacağıq, lakin bütün dünya gərginləşib. o cümlədən güclü iqtisadiyyatı olan Çin, Hindistan, Avropa ölkələri də”, deyə Şxaqoşev bildirib.

Parlamentari qeyd edib ki, Baydenin dollarla bağlı açıqlaması artıq davam edən dollara alternativ tapmaq işini sürətləndirə bilər. O, bildirib ki, dollar dünya valyutası kimi ciddi şəkildə sarsılacaq.

Xatırladaq ki, Kiyev və Qərb dövlətləri bu yaxınlarda Rusiyanın Ukrayna sərhədləri yaxınlığında "aqressiv hərəkətlərinin" artması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Rusiya dəfələrlə bu cür ittihamları rədd edərək, heç kimi təhdid etmədiyini və heç kimə hücum etmək niyyətində olmadığını bildirib və bəyan edib ki, “Rusiya təcavüzü” iddiaları Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikası yerləşdirmək üçün bəhanə kimi istifadə olunur. Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl qeyd edib ki, Qərbin “Rusiya təcavüzü” və Kiyevə özünü ondan müdafiə etməkdə köməklik etmək ehtimalı ilə bağlı bəyanatları həm gülünc, həm də təhlükəlidir. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya qoşunlarını öz ərazisi daxilində və öz mülahizəsinə uyğun yeridir. Onun sözlərinə görə, bu, heç kimi təhdid etmir və heç kimi narahat etməməlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə