COVID-19-a qarşı qadağalara qarşı etiraz

Çexiyanın paytaxtı Praqanın tarixi mərkəzi olan Letenski ərazisində koronavirusa qarşı hökumətin tətbiq etdiyi sanitar-epidemioloji təhlükəsizlik tədbirlərinə etiraz aksiyası keçirilib.

SIA yerli polisin məlumatına istinadən xəbər verir ki, aksiyada üç minə yaxın fəal iştirak edib.

Etirazçılar əsasən sosial məsafə və tibbi maska taxmaqla bağlı qüvvədə olan qərarın ləğv edilməsinə çağırış ediblər.

Ölkədə fövqəladə vəziyyət fonunda açıq ictimai yerlərdə spirtli içkilərin içilməsinə qadağa qoyulmasına baxmayaraq, mitinq təşkilatçıları pivə satışı təşkil ediblər.

Təşkilatçıların inzibati məsuliyyətə cəlb olunacaqları bildirilib.

Nümayişdə koronavirusa qarşı peyvəndlərin effektivliyinin şübhə doğurduğunu əks etdirən şüarlar səsləndirilib.

Nümayişçilərdən biri həbs edilib.

Qeyd edək ki, noyabrın 26-dan Çexiyada koronavirusla əlaqədar 30 günlük fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Qüvvədə olan qərara görə, qapalı məkanlarda tədbirlərdə 100 nəfərdən artıq, mədəniyyət və idman tədbirlərində 1000-dən çox iştirakçı ola bilməz. Ölkədə saat 22:00-dan 05:00-dək kafe, restoran, bar, kazino və digər əyləncə, iaşə obyektlərinin fəaliyyəti qadağan edilib. Milad bayramı ilə əlaqədar fəaliyyət göstərən bazarlar ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə