İrəvanın mərkəzində "rus riyakarlığı”?..

Deyir, “kor kora kor deməsə, bağrı çatlar”… Nədən danışacaqdıq…hə, deyəsən ermənilərdən. Deməli, ermənilər indi də deyirlər ki, əgər o vaxt rusun Nikoldan xoşu gəlmirdisə, yapışardı qulağından çəkərdi bir kənara və…ondan nə istəyirdi…elə onu da eləyəydi. İndi Nikolun nəyi olmasa da, ələ gəlimli qulağı var… Amma rus belə eləmədi, əksinə “uzun illərin sınağından çıxmış “erməni- rus dostluğuna” xələl gətirdi. Amma gərək gətirməyəydi. 1994-də necə olmuşdu? Bu dəfə də rus qoşunlarını, xəlvətcə, göndərəydi İrəvna və biz də onları əvvəllər olduğu kimi geyindirib, keçindirib “məğlubedilməz erməni ordusu” adıyla çıxarardıq Azərbaycanın qabağına.

Amma yenə də deyirik, ruslar bunu etmədilər və bu hərəkətləriylə təkcə Nikol Paşinyanı yox, həm də onlara həmişə sadiq olan erməni “qardaş-bacılarına” qarşı haqsızlıq etmiş oldular.

Biz, ermənilər, “məğrur bir millət” olaraq, bunu, yəni rusların, təbii ki, biz emənilərə xas olmayan ikiüzlülüklərini heç vaxt unutmayacağıq. Onlar təkcə ikiüzlülük yox, həm də bizə qarşı riyakarlıq etdilər. Əslində bunlar bəs deyilmiş, o gün Rusiyanın ölkəmizdəki səfiri Kopırkin Rusiya-Ermənistan (Slavyan) Universitetində sessiya açdıraraq, hələ bir utanmadan ötən il bu vaxtlar, Ermənistan üçün ən çətin dövrdə Rusiyanın guya ermənilərin yaxınlığında olduğunu bildirb. Guya o vaxt siyasi cəhətdən Rusiya Ermənistanın yanında olan yeganə ölkə olub. Bax, “biz ermənilərdən iraq”, bu bariz rus ikiüzlülüyü, rus yaltaqlığıdır. Əslində bu gün biz ermənilər yaxşı bilirik ki, rusun bizə kömək etməməsində məqsədi başqa şey olub. Ruslar o vaxt son anda öz varlıqlarını biz erməniləri xilas etmək naminə deyil, bölgədəki hərbi varlığını gücləndirmək üçün etdilər.

İndi Kopırkin yalan da olsa “Rusiya Ermənistanın yanında olan yeganə ölkə idi” deyə bilər, amma biz ermənilər axmaq deyilik və səfirin ikiüzlü, həyasızca yalan danışdığını başa düşürük.

Deyəsən, yazının yuxarısında korun kor barədə dediyini xatırlatmışdıq axı…

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə