Covid-19 Amazon meşələrinə də yayılıb

Dünyada demək olar ki, yoluxdurmadığı heç bir künc-bucaq qalmayan Covid-19 pandemiyası balta girməmiş meşələr kimi tanınan Amazonların yerli insanlarını da təhdid edir. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Braziliya səlahiyyətliləri ilk yoluxmanın Amazon cəngəlliyində təcrid olunmuş və ibtidai həyat yaşayan Yanomami adlı qəbilədə rast gəlindiyini açıqlayıb. Braziliyanın səhiyyə naziri Luiz Henrique Mandetta xəstəliklərə qarşı qorunmasız olan cəmiyyətin virusa yoluxmasının "həyəcan verici" olduğunu bildirib.

Nazir bildirib ki, xüsusən xarici aləmlə minimal təmasda olan cəmiyyətlərə üç qat daha çox diqqət yetirilməlidir.

Amazonda ən azı 7 yoluxma faktı

Covid-19-a yoluxan Yanomami qəbiləsindən olan 15 yaşlı yeniyetmə Roraima əyalətindəki bir xəstəxanada reanimasiyada müalicə olunur. Yerli medianın məlumatına görə, Braziliyada yerli sakinlər arasında ən azı 7 hadisə aşkarlanıb. İlk diaqnoz keçən həftə qoyulub və xəstənin Kokoma qəbiləsindən olan 20 yaşlı bir qadın olduğu öyrənilib.

Braziliya 300 fərqli etnik mənşəlli 800 min yerli xalqın vətənidir. Yanomami qəbiləsinin əhalisinin 27 min olduğu təxmin edilir.

Yeni meydana çıxan xəstəliklər zaman keçdikcə sürü immunitetinə sahib olan digər cəmiyyətlərə nisbətən, xarici dünyaya qapalı yaşayan yerli sakinlər üçün daha çox risk yaradır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...