Türkiyənin Səhiyyə naziri idman sahəsində çalışanlara xəbərdarlıq edib

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca idman sahəsində çalışanlara xəbərdarlıq edib.

APA-nın yerli bürosunun xəbərinə görə, nazir bu barədə Türkiyədə koronavirusla mübarizə tədbirləri ilə bağlı yaradılan Elmi Qurumun toplantısından sonra keçirilən mətbuat konfransında bildirib.

F.Qoca Türkiyədə yeni növ koronavirusa yoluxanların idman sahəsində də az olmadığını deyib və idmançıların xəstəlik daşıyıcılıq riskinin yüksək olduğuna görə daha çox izolyasiya şərtlərinə əməl etmələrinin vacibliyini vurğulayıb: “Ona görə də indiki məqamlarda ünsiyyət və izolyasiya şərtlərinə əməl etmək çox vacidbdir. Bu təhlükədən uzaq durmanın yeganə yolu həyat tərzimizi müvəqqəti olaraq dəyişdirməyimizdir. Elmi Qurumun da gəldiyi nəticə budur, sosial hərəkətliliyi və ünsiyyəti azaldaraq, virusu olduğu yerdə nəzarət altına almaq və virusun şəhərdən-şəhərə daşınmasına sədd çəkmək. İnsanlar bu arada daha az qarşılaşmalıdır”.

Nazir deyib ki, Türkiyədə koronavirusun analiz nəticələrinin müəyyənləşdirilməsi 3-4 saatdan 60-70 dəqiqəyə qədər endiriləcək: “Çindən daha qısa müddətə analiz nəticələri müəyyənləşdirən testlər gətirdik”.

Nazir bildirib ki, Türkiyə Elm Qurmunun dünən Çindəki elm adamları ilə videokonfransı olub və bu əməkdaşlıq davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə