Böyük Britaniyanın Solsberi şəhərindəki insident nəticəsində xəsarət alan Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın qızı Yuliyanın vəziyyəti “sürətlə yaxşılaşır” və artıq kritik deyil.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu martın 29-da Solsberi şəhər xəstəxanasından bildiriblər. Onun atası Sergey Skripalın vəziyyəti isə “ağır, lakin stabil” qalmaqdadır.
Xatırladaq ki, martın 5-də Solsberi polisi şəhərin ticarət mərkəzlərinin birinin yaxınlığında naməlum təhlükəli maddə ilə təmas nəticəsində iki nəfərin huşunu itirmiş vəziyyətdə aşkarlandığı barədə məlumat yaymışdı. Sonradan həmin şəxslərin Rusiyanın Baş Kəşfiyyat İdarəsinin Britaniyaya işləyən sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya olduğu aydınlaşıb. Onların sinir-iflicedici maddə ilə zəhərləndikləri və bu maddənin Rusiya istehsalı olduğu bildirilir. London insidentdə Rusiyanı təqsirkar görür, Moskva isə bu ittihamı qəti surətdə təkzib edir.
Bütün xəbərlər Facebook səhifəmizdə