Rusiyada daha bir vətənə xəyanətdə şübhəli bilinən tutulub...

...Rostov-na-Donuda Federal Təhlükəsizlik Xidmətinin regional idarəsi Rusiya ordusu hissələrinin yerləşdirilməsi ilə bağlı məlumatları Ukraynaya ötürməkdə şübhəli bilinən yerli sakinin saxlanması barədə məlumat yayıb.

Faktla bağlı dövlətə xəyanət maddəsi ilə cinayət işi açıldığı bildirilir.

Federal Təhlükəsizlik Xidmətinin rəsmi şərhində bildirilir ki, saxlanılan şəxs Rostov-na-Donudakı müəssisələrdən birinin işçisidir.

SİA-nın əldə etdiyi məlumata görə, onun adı çəkilmir. “Kommersant” xəbər verir ki, şübhəlinin 54 yaşı var.

Öz növbəsində, “Əməliyyat Hesabatı” teleqram kanalında bir şəxsin sərt şəkildə saxlanmasını əks etdirən video yayılıb. Onun kadrlardakı üzü retuş edilib və səsi dəyişdirilib.

Qeyd edək ki, Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsinin başlaması ilə Rusiyada dövlətə xəyanət maddəsi ilə başlanan cinayət işlərinin sayı kəskin artıb. Birinci Departamentin insan hüquqları layihəsinə görə, ötən il Rusiya məhkəmələrinə 63 belə cinayət işi qaldırılıb - bu, tarixi maksimumdur.

O da qeyd edilməlidir ki, onlarla bağlı dinləmələr jurnalistlərin iştirakı olmadan bağlı qapılar arxasında keçirilir və əksər hallarda məhkumların adları ilə bağlı məlumatlar açıqlanmır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə