ABŞ nüvə bombardmançı təyyarələrini Şimalı Koreyaya yaxınlaşdırıb...

Putinin Pxenyana etdiyi səfərdən sonra...

ABŞ Vladimir Putinin Şimalı Koreyaya səfərindən sonra Asiya regionunda strateji qüvvələrin mövcudluğunu gücləndirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ABŞ-ın Hind-Sakit Okean Komandanlığı cümə axşamı bildirib ki, B-1B Lancer nüvə bombardmançılarından ibarət qrup Qərbi Sakit Okeandakı Quama göndərilib.

ABŞ-ın Hind-Sakit Okean Komandanlığından bildiriblər ki, 34 tona qədər ağırlığında bomba daşıya bilən səsdən sürətli təyyarə “müttəfiqlərə, tərəfdaşlara və dostlara dəstək olaraq cavab verməyə hazır olduğunu” nümayiş etdirmək üçün Quama gəlib. Komandanlıq bildirib ki, bombardmançı təyyarələr adi bombardmançı qrup missiyalarını yerinə yetirəcək.

Gündəlik “Stars and Stripes” qəzetinin yazdığına görə, demək olar ki, eyni vaxtda ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə mühərrikli təyyarədaşıyan gəmisi “USS Ronald Reagan” və idarəolunan raket esminesi USS Robert Smalls iki ildən sonra ilk dəfə Quama gəliblər.

Strateji bombardmançıların Quama təhvil verilməsi Putinin 24 ildə Şimalı Koreyaya ilk dövlət səfərini başa vurduqdan bir gün sonra məlum olub.

Rusiya prezidentinin paradla, yollar boyu insan sütunları və binalar üzərində siklopik portretlərlə qarşılandığı Pxenyanda Putin Şimalı Koreya ilə “strateji və hərtərəfli tərəfdaşlıq” haqqında saziş imzalayıb.

Putin səfərin sonunda deyib ki, sənəd “digər şeylərlə yanaşı, bu müqavilənin tərəflərindən birinə qarşı təcavüz halında qarşılıqlı yardımın göstərilməsini nəzərdə tutur”. O, həmçinin əlavə edib ki, Moskva BMT-nin sanksiyaları ilə qadağan edilən Şimalı Koreya ilə hərbi-texniki əməkdaşlığı “özü üçün istisna etmir”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə