Nazir: Moldova səhiyyəsində ciddi kadr böhranı yaşanır

“Moldova səhiyyəsindəi tibb işçilərinin dərin böhranı yaşanır, ciddi kadr çatışmazlığı var”.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri yerli mediaya açıqlamasında Moldovanın səhiyyə naziri Alla Nemerenko söyləyib.

Nazir bildirib ki, ən böyük çatışmazlıq ailə həkimləri və anestezioloqlar arasında hiss olunur. Eyni zamanda, ölkənin 32 rayonundan 18-də məhkəmə-tibb eksperti yoxdur.

Alla Nemerenko bildirib ki, ümumilikdə Moldovanın tibb sistemində 700 həkim və 1200-ə yaxın tibb bacısı çatışmır. Bu, xüsusilə kənd yerlərində çalışan ailə həkimləri arasında özünü göstərir. Rayonlarda məhkəmə həkimləri, anestezioloqlar, kardioloqlar, onkoloqlar və neonatoloqlara da böyük tələbat var.

Alla Nemerenko iddia edir ki, həkimlərin mühacirəti həm Moldovada, həm də inkişaf etmiş ölkələrdə bütün sahələrə təsir edən miqrasiya ilə bağlı olub. Səhiyyə naziri həkim çatışmazlığının maaş azlığından qaynaqlanmadığını bildirib.

Nazir vurğulayıb ki, gəncləri tibb sahəsinə cəlb etmək və Moldovada saxlamaq üçün sistemli tədbirlərin həyata keçirilməsinə başlanılıb, qanunvericiliyə dəyişikliklər edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə