Avstriya Ukraynaya 2 milyon avro ayıracaq

Vyana Ukraynada minatəmizləmə avadanlıqları üçün 2 milyon avro ayırmağı planlaşdırır. SİA xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Ukraynadakı ağır humanitar vəziyyətin azaldılması üçün Avstriya federal hökuməti 2 milyon avro ayıracaq", - nazirlik bu vəsaitin minalardan təmizlənməsi üçün avadanlıqların alınmasına yönəldiləcəyini bildirib.

Qeyd edilib ki, vəsait minatəmizləmə üzrə ixtisaslaşmış humanitar qeyri-kommersiya təşkilatına veriləcək.
Federal Kansler Karl Nehammerin sözlərinə görə, döyüşlər davam edərkən Avstriya Ukraynaya minatəmizləmə mütəxəssisləri göndərmək niyyətində deyil.

XİN-in məlumatına görə, minalanmış ərazinin sahəsi 250 min kvadratmetrdən çoxdur.

Daha əvvəl Avstriya Müdafiə Nazirliyinin rəhbəri Klaudiya Tanner bildirib ki, Vyana Kiyevi silahla təmin etmir və Ukrayna hərbçilərinin təlimlərində iştirak etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə