Xarici turistlər üçün qiymət niyə bahadır? - SORĞU

Ölkəmizdə bəzi tarixi-mədəni məkanlara giriş üçün xarici turistlərdən yerli vətəndaşlarla müqayisədə bir neçə dəfə artıq məbləğdə ödəniş tələb edilir. Əgər milli-mədəni və tarixi dəyərlərimizi dünyaya tanıtmaq və xaricdən turist cəlbini artırmaq ölkəmizin turizm sektoru üçün prioritet məsələdirsə, o zaman əcnəbi turistlərə belə fərqli qiymət yanaşmasının tətbiqi nə dərəcədə məqsədəuyğundur? SİA mövzu ilə bağlı sorğu keçirib.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi yerli və xarici turistlərlə bağlı fərqli qiymət siyasətinin tətbiqinin dünyada geniş yayıldığını qeyd edib: “Bəzi ölkələrdə bu fərq xeyli çoxdur. Turizm sosial, mədəni amillərlə dolu sahə olsa da, onun fəsadları da var. Burada ekoloji fəsadları, tarixi-memarlıq abidələrinə vurulan ziyanları göstərmək olar. Bu prosesin qarşısını almaq yox, onu tənzimləmək lazımdır. Belə fərqli qiymət strategiyası tətbiq edən ölkələrdə xarici turistlərin ödədiyi vəsaitlər toplanaraq həmin muzeylərin və digər tarixi-mədəni abidələrin bərpası üçün sərf olunur”.

S.Dübəndi bu cür yanaşmanı diskriminasiya halı kimi dəyərləndirib: “Belə diskriminasiyalara yol vermək düzgün deyil. Bu siyasətə bir də baxmaq olar və burada nələrisə dəyişmək mümkündür. Digər tərəfdən, Azərbaycan hələ o qədər də tanınmış və çox yüksək imici olan bir destinasiya səviyyəsinə gəlib çatmayıb. Biz bu inkişaf yolundayıq və çalışırıq ki, ildən-ilə turist gəlişini artıraq və daha çox bazarlardan turist cəlb edək. Odur ki, bir müddət muzeylərə və digər tarixi-memarlıq abidələrinə girişi tamamilə pulsuz etmək olar. Bununla həmin obyektlərə gələnlərin sayını artıra, həm də tur-paketlərin qiymətini sala bilərik. Çünki tarixi-mədəni məkanlarda tələb olunan qiymətlər tur-paketlərin dəyərinə təsir edir. Əfsus ki, belə yanaşmaları restoran biznesində də görürük. Restoranlarda ikili menyuların olmasını, xaricilərdən yerli vətəndaşlardan fərqli qiymətlərlə ödənişin tələb edilməsi halları var. Diskriminasiya heç də yaxşı nəticələrə gətirə bilməz. Muzeylərdə, tarixi obyektlərdə belə qiymət siyasətinin tətbiqi qəbul edilmiş təcrübə olsa da, restoran biznesində bunu qətiyyən etmək olmaz”.

Mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurov da öz fikirlərini bildirib. “Azərbaycanda muzeylərə, bəzi tarixi-mədəni məkanlara giriş üçün biletin qiymətində turistlərlə yerli vətəndaşlar arasında fərqlər var. Onu qeyd etmək lazımdır ki, bu, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində belədir. Hətta bəzən ölkə daxilində belə tələbələr üçün olan qiymətlərlə sadə vətəndaşlar üçün qiymətlər də fərqlənir.

İlk növbədə, ölkənin öz vətəndaşlarının onun mədəni-tarixi abidələri ilə yaxından tanışlığı, onları tədqiq etməsi daha vacibdir. Xarici vətəndaşlara isə bunlar daha çox maraqlıdır. Biz bunu sırf ölkənin tanıdılması məqsədilə deyiriksə, bu zaman təbii ki qiymətlər müqayisəli olmalıdır. Əslində, Azərbaycanda turistlər üçün tarixi-mədəni abidələrə, muzeylərə giriş qiymətləri xarici ölkələrə nisbətən kəskin şəkildə baha deyil”- deyə o qeyd edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə