Belçika meşələrini qorumaq üçün Türkiyədən böcək göndərildi

Belçikada meşələrin ən böyük düşmənlərindən biri olan meşə tırtılı ilə mübarizə məqsədilə Türkiyədən 100 ədəd Kalosoma böcəyi gətirilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Vaxtilə Belçikada yaşayan, lakin zamanla nəsli kəsilən bu böcəklər bioloji nəzarət üçün Türkiyədəki laboratoriyalarda istehsal edilərək təbiətə buraxılır.

BBC bildirir ki, meşə tırtılları son illərdə Belçika və Niderlandda ən böyük təbiət problemlərindən biridir. Tırtıllar xüsusilə ağacların şirəsini sorub yarpaqlarını yeyərək onları zəiflədir. Eyni zamanda insan sağlamlığı üçün də təhlükəlidir. Mütəxəssislər Belçika və Niderlandda dəri problemləri yaradan tırtıllara görə əhaliyə meşə ərazilərinə girməmək barədə xəbərdarlıq edib.

Belçika Antverpen və Limburq şəhərlərinin meşə ərazilərindəki tırtıl qurdu problemini aradan qaldırmaq üçün Türkiyədən kömək istəyib. Bioloji mübarizə çərçivəsində Türkiyədən 100 ədəd Kalosoma böcəyi gətirilib.

Bu canlılar meşələrə zərər verən tırtıl böcəklərinin təbii düşmənləridir. Meşə tırtılı və onların yumurtaları ilə qidalanan “Kalosoma Sycophanta” meşələrin yox olmasının qarşısını alır. Türkiyədən gətirilən həşəratlar may ayı ərzində tırtıl yuvalarına buraxılacaq.

Belçikalı mütəxəssis Ann Milbau Kalosoma böcəyinin digər heyvan növləri üçün təhlükə yaratmadığını və təbiətə zərər vermədiyini bildirib. Bu həşəratların yalnız müəyyən zərərli tırtılları hədəf aldığını vurğulayan A.Milbau qeyd edib ki, "Kalosoma böcəkləri tırtıl yuvalarına yaxın ərazidə təbiətə buraxılsalar, başqa ov axtarmazlar".

Türkiyədən gətirilən bu böcəklər Belçika ərazisində çoxaldılacaq. Meşələrə zərər verən tırtıllar isə kimyəvi maddələrdən istifadə edilmədən, Kalosoma və bəzi parazit milçək növləri vasitəsilə bioloji mübarizə yolu ilə məhv ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə